Xəbər lenti

Şoltsun son zamanlar sülh yolunda aktivləşməsi nəyə hesablanıb? (ŞƏRH)
Dünya 16:06 10.09.2024

Şoltsun son zamanlar sülh yolunda aktivləşməsi nəyə hesablanıb? (ŞƏRH)

Son zamanlar Ukrayna müharibəsinin sülhlə başa çatması istiqamətində Almaniyanın aktivləşdiyi hiss olunur. 

Belə ki, Almaniya kansleri Olaf Şoltsun Ukrayna üzrə sülh planı hazırladığı iddia edilir. Bu barədə məlumat yayan İtaliyanın "La Repubblica” qəzetinin yazdığına görə, Almaniya kansleri Olaf Şoltsun hazırladığı Ukrayna üzrə sülh planı hazırda Rusiya hərbçilərinin nəzarətindəki ərazilər üzrə "status-kvo”nun qorunub-saxlanılmasını nəzərdə tutur.

Məqalədə göstərilir ki, o, tərəfləri danışıqlar masasına məhz bu təkliflə cəlb etmək, bununla da münaqişənin həllinə nail olub tarixdə sülhpərvər kansler kimi qalmaq niyyətindədir.

Qeyd edək ki, bir qədər əvvəlki açıqlamasında Olaf Şolts Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılması üçün təxirəsalınmaz addımların vacibliyindən danışıb. 

Xatırladaq ki, Rusiya tərəfi Şoltsun belə bir planı ilə tanış olmadığını bəyan edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov həmin məlumatla mətbuatdan tanış olduğu və onun detalları barədə məlumatsız olduğunu deyib. Hətta Berlinin özü də Şoltsun belə bir sülh planının olduğunu rəsmən etiraf etməyib. 

Belə olan halda Alman kanslerinin birdən-birə mövcud status-kvonun saxlanması şərtilə Ukrayna üzrə sülh planı ilə çıxış etdiyi barədə məlumatlar böyük ehtimalla reallığı əks etdirmir. Amma ola bilsin, reallıqda sözügedən planla çıxış etməsə də, Şoltsun özü belə mətbu orqanda həmin məzmunda məqalənin yazılmasında maraqlı olub. 

Qeyd edək ki, Türingiya və Saksoniyada keçirilən əyalət seçkilərində Şoltsun sosial-demokrat partiyası sarsıdıcı məğlubiyyətə uğrayıb. Həmin əyalətlərdə üstünlüyü ultra sağ qüvvələr əldə edib. Hansı ki, bu radikal sağçılar Ukrayna Rusiya müharibəsində ümumən Moskvanın mövqeyini dəstəkləyir. Seçkilərdə də əsas şüarlarından biri Almaniyanın həmin müharibədə Kiyevə dəstəyi dayandırması olub. Onların qeyd edilən iki əyalətdə qələbəsi onu göstərir ki, ölkə əhalisinin xeyli hissəsi Almaniyanın Rusiya-Ukrayna müharibəsində neytral qalmasında maraqlıdır. Bunu Şoltsun özü də əyalət seçkilərindən sonra verdiyi açıqlamada ümumən təsdiqləyib. Belə ki, onun özü də bildirmişdi ki, Sansoniya və Türingiyada ultrasağların qələbəsində onların Berlinin Ukraynaya dəstəyi dayandırması çağırışları mühüm rol oynayıb. 

Görünür məhz Türingiya və Saksoniyadakı məğlubiyyət Şoltsun mövcud status-kvonun saxlanılması şərtilə Ukrayna üzrə sülh planı (reallıqda isə olmayan) hazırladığı barədə məlumatların yayılmasında maraqlı olmasına səbəb olub. 

Bu mənada aydın şəkildə görünür ki, Şoltsun adından gedən həmin açıqlama əslində ultrasağçıların mövqelərinin zəiflədilməsinə və hakim partiyanın cəmiyyətdə itirilmiş nüfuzunun qaytarılmasına hesablanmış addımdır. Görünür, Almaniya kansleri mövcud durumda hakimiyyətini itirməmək üçün vəziyyətdən çıxış yolunu Ukrayna məsələsində özü barədə barışdırıcı mövqe tutduğu obrazını formalaşdırmaqda görür. Ona görə də İtaliya mətbuatında yuxarıda qeyd edilən açıqlamanın işıq üzü görməsinə yaşıl işıq yandırıb. 

Əsas məsələ seçicilərin səsini itirməməkdir. Ona nail olmaq üçün də hər cür obraza girmək olar...   

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->