Ukraynadakı müharibə nə 2024-cü ildə, nə də 2025-ci ildə bitməyəcək.
Qaynarinfo xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Ruben Brekelmans LRT telekanalına müsahibəsində
bildirib.
"Əlbəttə, biz Ukraynaya mümkün qədər çox hərbi dəstək verməliyik, lakin realist olmalıyıq, çünki döyüş meydanında vəziyyət çox çətindir", deyə niderlandlı nazir vurğulayıb.
Brekelmans qeyd edib ki, Avropa Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstəyin uzunmüddətli perspektivinə baxmalı və həmçinin Avropa xalqının uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməkdə davam edib-etməyəcəyinə əmin olmalıdır:
"Ona görə də insanlar məyus olmasın deyə yalan gözləntilər yaratmamalıyıq. Əlbəttə, biz həmişə optimist, eyni zamanda realist olmalıyıq".
"Rusiya hazırda güclüdür və Ukraynada hazırda apardığı intensivliklə müharibəni çox uzun müddət apara bilər. Rusiya hərbi sənayesinin nə istehsal edə biləcəyi və onun səfərbər edə biləcəyi insanların sayı ilə bağlı təxminlərə baxsanız, bu rəqəmlər həqiqətən çox böyükdür", deyə Niderlandın Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Brekelmans hesab edir ki, Qərb Rusiyanın hərbi təhlükəsini ciddi qəbul etməli və Rusiya Federasiyasının nüvə dövləti olduğunu unutmamalıdır. O, həmçinin xatırladıb ki, Moskva hibrid müharibə aparır və bunun nəticələri ilə bir çox Avropa ölkələri, o cümlədən Niderland üzləşir.
"Rusiyadan gələn təhdidlər çox müxtəlifdir və biz bu təhdidlərə qarşı müdafiə etmək və Rusiyanı istənilən növbəti təcavüzdən çəkindirmək üçün əhəmiyyətli imkanları işə salmalıyıq", deyə müdafiə naziri bildirib.
Sentyabrın 15-də Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib ki, Rusiya 2026-cı ilə qədər əlverişli şərtlərlə müharibəni dayandırmağa çalışacaq, çünki bu tarixdən sonra Moskvada iqtisadiyyatda ciddi problemlər yaranmağa başlayacaq. Baş Kəşfiyyat İdarəsinin rəhbərinin sözlərinə görə, Rusiya hakimiyyəti indi "bütün problemlərinin 2025-ci ilin yayında başlayacağını" proqnozlaşdırır. Buna iki amilin vəhdəti təsir edəcək: maliyyə-iqtisadi və sosial-siyasi.
Nizami Bağırov
Şərhlər