Xəbər lenti

Nərminin qətli ilə bağlı yeni faktlar
Ölkə 18:47 13.04.2023

Nərminin qətli ilə bağlı yeni faktlar

Məhkəmədə vəkillərlə prosesə sədrlik edən hakim Dadaş İmanov arasında mübahisə yaranıb. Hakim bildirib ki, indiyədək dindirilmiş ekspertlər kifayətdir. Vəkillər isə deyiblər ki, onlar dekabr ayında əlavə şahidlərin dindirilməsi barədə qaldırdıqları vəsatətdə rəy vermiş bütün ekspertlərin dindirilməsi məsələsini qoyublar, o zaman vəsatətləri təmin edilib.

Hakim Dadaş İmanov təklif edib ki, vəsatətləri yenidən versinlər, məhkəmə bir daha baxaraq qiymətləndirəcək.

Bununla vəkillər razılaşmayıblar. Onlar bildiriblər ki, məhkəmə prosesi audioyazı ilə aparılır və orada vəsatətlərinin təmin olunması öz əksini tapmalıdır:

"Protokollara baxın, audioyazıya qulaq asın. Nəhayət, bizə vəsatətimizin təmin olunması barədə qərarı verin. Niyə biz yenidən eyni vəsatəti verməliyik?”

Qeyd edək ki, bu cinayət işində, xüsusilə də ekspert rəylərində çoxsaylı ziddiyyət var. Ona görə müdafiə tərəfi ekspertlərin dindirilməsində israrlıdır.

Proses aprelin 19-da davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İlkin İbrahim oğlu Süleymanov tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İlkin Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, Nərmin Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->