Xəbər lenti

Foto 14:02 11.07.2023

"Neftçi" yeni baş məşqçisini təqdim etdi (FOTO)

"Neftçi" Peşəkar Futbol Klubu yeni baş məşqçisi Adrian Mutunu təqdim edib.

Qaynarinfo paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar"ın Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf rumıniyalı mütəxəssislə görüşüb.

Görüşdə "Neftçi” PFK-nın hazırki durumu və qarşıya qoyulan hədəflər barədə fikir mübadiləsi aparılıb, klubla bağlı gözləntilər diqqətə çatdırılıb.

Daha sonra rumıniyalı mütəxəssis Adrian Mutu ilə iki illik müqavilə imzalanıb.

Xatırladaq ki, ötən mövsüm "Neftçi” PFK-nı çalışdıran baş məşqçi Laurentsiu Regekampf və onun köməkçiləri ilə iyunun 21-də yollar ayrıldıqdan sonra bir sıra namizədlərlə danışıqlar aparılıb, onların arasından klubumuzla maraqları üst-üstə düşən, bacarıq və potensialı ən yüksək olan mütəxəssislə anlaşılıb.

Yeni baş məqşçinin ictimaiyyətə təqdimatı klub rəhbərliyi və komanda üzvləri təlim-məşq toplanışından qayıdandan sonra baş tutacaq, bu xüsusda mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, Adrian Mutu 1979-cu il yanvarın 8-də anadan olub. Rumıniya tarixinin ən yaxşı futbolçularından biri olan A.Mutu ölkəsində bir neçə klubla yanaşı, İtaliyada "İnter”, "Hellas Verona”, "Parma”, "Yuventus”, "Fiorentina”, "Çezena”, İngiltərədə "Çelsi”, Fransada "Ayaçço” və Hindistanda "Puna Siti” klublarının formasını geyinib, Rumıniya milli komandasının heyətində 77 oyun keçirib, 35 qol vurub. 2003, 2005, 2007 və 2008-ci illərdə Rumıniyada, 2007-ci ildə isə İtaliyada ilin futbolçusu seçilib.

Adrian Mutu "Voluntari” (Rumıniya, 2018), "Əl Vəhdə” U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), "Universitatya Krayova” (Rumıniya, 2021) və "Rapid”in (Buxarest, Rumıniya, 2022-2023) baş məşqçisi olub. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->