"Neftçi”nin yeni baş məşqçisi Laurensio Regekampfın mətbuat konfransı keçirilib.
Qaynarinfo xəbər verir ki, "Bakcell Arena”da baş tutan tədbirdə rumıniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
"Neftçi” rəhbərliyinə təşəkkürlərimi bildirirəm ki, məni bura dəvət etdilər. Bugündən etibarən komanda ilə məşlərə başlayırıq. Əmin olun ki, hamı ilə bərabər klubu layiq olduğu yerə çıxarmağa çalışacağıq. Konfrans Liqasında uğurlar qazanmaq, irəliyə getmək istəyirik. Eyni zamanda ölkə titulu uğrunda mübarizə aparacağıq. Həyatımızda asan heç nə yoxdur”.
- Komanda Konfrans Liqasında çıxış edəcək, vaxt azdır. Bu zaman kəsiyi nə dərəcədə mane olacaq?
- Əlbəttə ki, az müddət var. Eyni zamanda da millinin üzvləri son oyundan sonra hələ komandaya qoşulmayıblar. Bir neçə gün sonra komanda ilə bərabər olacaqlar. Yerdə qalanlar məşqləri davam etirir. İyulun 1-dən etibarən təlim-məşq toplanışına başlayacağıq. Bütün oyunçularımız həmin vaxt orada olacaq. Mən bura gəlməmişəm ki, vaxtdan şikayət edim. Bu, həmişə problem olur. Zaman çox sürətli keçir. Əminəm ki, Konfrans Liqasının ilk matçına qədər komanda hazır olacaq.
- Hazırda "Neftçi”nin Rəşad Əzizli adlı gənc qapıçısı var. Onun komandada qalıb-qalmayacağı məlumdurmu?
- Hazırda bu suala cavab verə bilmərəm. Bugündən komandanı qurmağa başlayırıq. Yeni oyunçular, komanda haqqında yaxınlarda mesajlar alacaqsınız.
- "Neftçi”nin çılğın azarkeşləri var. Komanda uduzan kimi "istefa” qışqırırlar. Buna hazırsınızmı?
- Bu, mənim üçün problem deyil. Hər komandada təzyiq altında işləmişəm. Əlbəttə ki, onları yaxşı başa düşürəm. İstəyirlər ki, hər yeni məşqçi onlara uğur gətirsin. Azarkeşlərin təzyiqini özümə motivasiya kimi qəbul və oyunlarda istifadə edirəm. Düşünürəm ki, hər oyunda azarkeşlər bizim yanımızda olacaq. Həm də hər birimizdə təzyiq yaradacaq.
- Köməkçiləriniz məlumdur? Aralarında yerli məşqçi olacaqmı?
- Köməkçilərim yanımdadır. Əvəzedicilərin baş məşqçisi ilə çox yaxından əməkdaşlıq edəcəm. Çünki klubda hər bir oyunçu haqda məlumat toplamalıyam. Qərar versək ki, yerli məşqçilərdən kimsə yanımda işləməlidir, bu baxımdan problem yoxdur.
- Rumıniya mətbuatı ayda 40 min avro maaş alacağınızı yazmışdı. Bu nə dərəcədə reallığa yaxındır?
- Düşünürəm ki, müqavilə mənimlə klub arasında olan bir mövzudur. Heç vaxt bu haqda açıqlama verdiyimi görə blməzsiniz. Mətbuat həmişə belədir. Maliyyə mövzusu hamını maraqlandırır. Amma yazılanlar həqiqəti əks etdirmir.
- Məqşçilik karyeranız ərzində tez-tez klub dəyişmisiniz. Bu dəfə necə olacaq?
- İlk növbədə qeyd edim ki, müqavilə müddətim ikiillikdir. Prezidenti məcbur edə bilmərəm ki, mənimlə beşillik müqavilə bağlasın. Bunu yalnız Allah bilir necə olacaq.
- "Xəzər Lənkəran”ın keçmiş bqş məşqçisi Mirça Redniklə dostluq münasibətləriniz var. "Neftçi”dən təklif alanda ondan məlumat aldınız?
- Xeyr, ehtiyac duymadım. Komandaya öz baxış bucağım var. Əlbəttə ki, təklif aldıqdan sonra Bakıya gəldim və rəhbərliklə söhbət etdim. Düşünürəm ki, "Neftçi” ölkədə ən tanınmış klubdur. Başqa insanlarla danışmağa ehtiyac yoxdur. Bu aldığım məlumatlardan irəli gəlir.
- Hansı taktiki düzülüşdən istifadə edəcəksiniz?
- Mənim düşüncəmdə hansısa format önəmli deyil. Önəmli olan dinamikadır. Hücumameyilli futbol oynayacağıq. Futbol fəlsəfəm belədir ki, hər zaman komandamın topa sahib olmasını istəyirəm. Sürətli, aqressiv oyuna üstünlük verirəm. Qarşıdakı günlərdə bu amillərin üzərində işləyəcəyik. Oyun formatı haqqında hər şeyi bilirəm. İcazə verin bunu ilk rəsmi oyunda göstərim.
- Bu mövsüm ölkə çempionatında limit 7+4 olub. Əvvəlki məşqçilər buna etiraz edirdilər. Sizin üçün çətinlik yaratmayacaq ki?
- Lazımi mövqeyə nə qədər xarici oyunçu çox gətirsən, uğur qazanmaq üçün o qədər faydası olar. Gənc yerli oyunçulardan kim öz üzərində daha çox işləsə onlara imkan yaradacağam ki, əsas komanda ilə birgə məşq etsinlər. Heç vaxt mediadan şikayətlənməyəcəyəm. Heç bir mətbuat konfransında sizdən şikayətləndiyimi görməyəcəksiniz. Hakimlərdən də şikayətlənməyi xoşlamıram. Bəzən meydanın kənarında emosiyalarını cilovlaya bilmirsən. Çalışacağam öz oyunçularımı dəstəkləyim.
- Bura gəlməmişdən əvvəl Azərbaycan çempionatı haqda hansı təsəvvürə malik idiniz? Bir də Azərbaycan və Rumıniya çempionatlarını müqayisə edə bilərsiniz?
- Müqayisəyə ehtiyac yoxdur. Bura gəlməmişdən əvvəl Azərbaycan çempionatı haqda kifayət qədər məlumatım vardı. Son illər ölkənin klubları Avropa liqalarında oynayırlar.
- Rəhbərliyin hansı şərtləri "Neftçi”də işləmək üçün sizi cəlb etdi?
- Əvvəl də dedim, "Neftçi” ölkənin ən böyük klubudur. Konfrans Liqasında oynayır, yaxşı heyətə malikdir. Burada olmağımdan çox məmnunam. Heç də hər şey pulla ölçülmür. İnanın ki, pul mövzusu olsaydı, bu gün Azərbaycana gəlməzdim.
- Çalışdığınız klublarda uğurlarınız olub. Amma uğursuzluqlar da yaşamısınız. Bunlar nə ilə bağlıdır?
- "Styaua”da böyük uğurlarım olub. Çempionlar Liqasının formatı dəyişəndən sonra komandanı qrup mərhələsinə daşımışam. Qrupdan çıxandan sonra "Ayaks”a qalib gəlib növbəti mərhələyə adlamışıq. Sonra Səudiyyə Ərəbistanına getdim. Uğursuzluğum onda oldu ki, yapon referi, Asiya Çempionlar Liqasının finalında 4 penaltidən heç birini qeydə almadı. "Əl-Vahd”a keçəndən sonra 3 kubok qazandım. Bir dostumun dəvəti ilə gəldiyim "Əl-Vasl”adakı karyeram uğurlu alınmadı. Belə deyim, iki prezident arasında gedən kiçik müharibənin qurbanı oldum. Oradan da Rumıniyaya, "Universitatya Krayova”ya getdim. Bu klubda ikinci mövsümdə qarşıma çempionluq məqsədi qoyulmuşdu. Amma rəhbərliklə görüşümdən sonra gördüm ki, lazımi qədər dəstək almayacağam.Ona görə də ayrıldım. Mən Konfrans Liqasında oynayan komandanın baş məşqçisi olmağa layiqəm. İnanıram ki, bu yolun sonunda uğur qazanacağıq.
- Son illərdə "Qarabağ”ın hegemonluğu var. Düzdür ötən il "Neftçi” çempion osa da, bu dəfə "Qarabağ” titulunu qaytardı. Bu klubla rəqabət apara biləcəksiniz?
- Hazırda bu mövzu haqda danışmaq istəmirəm. Düşüncələrim var və bu haqda şəxsi agentimlə danışmışam. Birlikdə komandanı daha da yaxşılaşdıracağıq. Bizi qane edən səviyyəyə çatdırmağa çalışacağıq ki, çempionluğu qazanaq. Düzdür, çətin olacaq. Amma həyatımızda asan heç nə yoxdur.
Səbuhi Həsənov
Şərhlər