Azərbaycan millisinin sabiq qapıçısı Hüseyn Məhəmmədov vaxtilə çıxış etdiyi "Neftçi”nin bugünkü durumu haqda fikirlərini bölüşüb.
Təcrübəli qolkiper Qaynarinfo-ya açıqlamasında Mutunun gedişindən və yeni baş məşqçi Miodraq Bojoviçin təyinatından sonra komandada hansı dəyişikliklər gördüyünü, həmçinin "Neftçi”dən bu mövsüm nə gözlədiyini deyib:
"Mutudan sonra az da olsa dəyişiklik hiss edilir. Amma tam əminliklə heç nə demək mümkün deyil. Kubok matçından sonrakı, "Sumqayıt”la oyunun nəticəsi adamı şübhə altına salır. Əminliklə yüksək səviyyədə dəyişiklik olduğunu deməyə çətinlik çəkirsən. Çünki belə deyil. Komandada dəyişiklik istəyirlər, amma transfer məsələləri çətindir. İnanmıram ki, bu qədər oyunçudan sonra yenə böyük bir transfer etsinlər. Mutunun zamanında həddindən artıq çox transfer olundu. Gələnlərin də də 90 faizi bərbaddır, həqiqətən "Neftçi”yə layiq deyillər. Keyfiyyətli olsaydılar, Mutunun dönəmində də komandaya yaxşı təsir edərdilər. Görünən odur ki, Mutu səhvə yol verib. Məşqçiyə rəhbərlik tərəfindən lazımi şərait yaradılmışdı. Yeni məşqçinin gəlişindən sonra hansı dəyişikliklər olacaq, bunu demək çətindir. Hələ ki, stabillik yoxdur. "Sumqayıt”la oyunda, inanın ki, "Neftçi”ni başqa cür görürdüm. Amma gözlədiyim kimi olmadı. Meydanda sabit və qeyri-sabit oynayan futbolçular var. "Sumqayıt”la oyun da bunu göstərdi. Demək olar, bu gün "Neftçi”yə seçilən futbolçular qısa müddət üçün gətirilmişdi”.
Mutunun uğursuzluqlarından sonra "Neftçi”yə dəvət olunan futbolçuların məhz onun deyil, klubun menecerləri tərəfindən seçildiyi barədə söz-söhbətlər vardı. Bu məsələyə Məhəmmədovun reaksiyası belə olub:
"Adı-sanı vardı, rəhbərlik tərəfindən də lazımi şərait yaradılmışdı. Söhbət sponsordan gedir. Belə çıxır ki, Mutu və onun yan-yörəsindəkilər "Neftçi”yə ötəri baxırdı. Fikirləşirdi ki, gəlib pulunu alıb, qalanı nə olar, olar. Komandanı gözardı edib, məsuliyyətsizliyə yol verib. Bir məşqçi ki, futbolçuları özü seçib götürmür, əlbəttə, bu məsuliyyətsizlikdir. Bu komandanın qüruru, hər şeyi sənin əlindədir. Burdan çörək qazanırsan. Hər klub hamının öz evidir”.
Keçmiş qapıçı yeni baş məşqçinin işinə də toxunub:
"Stabillik var. Belə demək mümkünsə, şkala yuxarı qalxır və enir. Davamiyyətlilik yoxdur. Bir heç-heçə, bir kubok və çempionat qələbəsi oldu. "Sumqayıt”la oyunda isə həddindən artıq zəif göründülər, hətta çox qol vəziyyəti yaratmadılar deyə bilərəm. "Sumqayıt” rahat şəkildə oynadı, meydanda tam başqa futbol gördüm. Bu da yəqin ki, məşqçi üçün böyük dərs olacaq. Nəticə çıxarmalıdır. Sabitlik görə bilmirəm. Qınamaq olmaz, çünki bu futbolçular Mutunun dönəmində transfer olunublar. Onu da deyim ki, klub rəhbərliyi çox yüksək səviyyədə diqqət göstərir. Keyfiyyətsizliyi yaradan insanlar buna cavabdeh olmalıdır, məsuliyyət daşımalıdır. "Neftçi”nin adı-sanı var, həmişə çempionluq tələb olunur. Uzun müddətdir komanda buna həsrətdir. Samir Abasovun dönəmində belə demək mümkünsə, şansları gətirdi və çempionluğu qazandılar. Lakin bunun davamı gəlməli idi”.
Məhəmmədov "Neftçi”də canı yanan insaların işləməsinin vacibliyini vurğulayır. O, hətta sabiq komandasında çalışmağa hər zaman hazır olduğunu deyir:
"Məsuliyyətli insanları, "Neftçi”sevərləri komandaya cəlb etmək lazımdır. Mən də şəxsən "Neftçi”də canını qoyan, tarix yazan bir insan kimi işləməliyəm. Uzun illər bu komandada oynayan biri kimi, məşqçi olmalıyam. Halbuki başqaları işləyir. Heç kimin haqqına girmərəm, demək istədiyim odur ki, kluba canı yanan, özünü bu yolda qurban verən insanlar cəlb olunmalıdır ki, inkişaf etsinlər, zəfərlər qazansınlar. İnanıram ki, yaxın gələcəkdə belə olacaq. Dünya futbolunda da bu cürdür. Görürsən ki, hansısa komandaya vaxtilə orada oynamış futbolçular məşqçi və ya rəhbər kimi təyin olunur. Çünki klubun qədrini onlar bilər”.
"Neftçi”də yerli məşqçilərə güvənilməməsinin səbəbi haqda sualı keçmiş qapıçı belə cavablandırıb:
"Bəlkə də yerli məşqçilərə inanmırlar. Amma inansalar, yaxşı olar. Ən vacib amillərdən biri budur ki, futbolçuları mentalitet, psixoloji cəhətdən daha yaxşı tanıyanlar yerli məşqçilərdir. Xaricdən gələnlər üçün futbolçuları analiz etmək, psixologiyalarını öyrənmək çətin olur. Məşqçilərimizə bu yöndə yanaşsalar və güvənsələr, daha tez nəticə əldə edərlər. Qurban Qurbanovu misal göstərə bilərəm. Uzun müddətdir bir klubda işləyən insan nəticələri sıralayır. Futbolçuları lazımi səviyyədə tanıyır. Futboldan kənar hərəkətlər, davranışlar da vacibdir”.
Səbuhi Həsənov
Şərhlər