Xəbər lenti

İdman 09:50 03.12.2022

"Neftçi”nin Müşahidə Şurasındakı dəyişikliklər komandaya necə təsir edəcək?

Bu gün "Neftçi” ilə bağlı gündəmdə olan iki məsələ var. Onlardan biri Müşahidə Şurasındakı dəyişikliklərdirsə, digəri Rusiyada oynayan azərbaycanlı futbolçu Ayaz Quliyevin millimizə cəlb olunmasıdır. Hər iki məsələ ilə bağlı AFFA-nın vitse prezidenti, qurumun Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik.

"Neftçi”nin keçmiş futbolçusu və baş məşqçisi Qaynarinfo-ya açıqlamasında Müşahidə Şurasındakı dəyişikliklərlə bağlı bunları söylədi:  

"Müşahidə Şurasındakı dəyişikliklərlə bağlı mən nə deyə bilərəm? Hesab edirəm ki, hər bir dəyişiklik tarixi kluba əzəmətini qaytarmağa, gələcəyə inamla baxmağa imkan verir. İnanmaq istəyirik ki, bu dəyişiklik tarixi klubumuza fayda verəcək. "Neftçi” mənim üçün həmişə "Neftçi”dir. Futbolçularımızdan biri deyib ki, "Neftçi” bizim bugünümüz, keçmişimiz və gələcəyimizdir. Hamımız "Neftçi”dən çıxmışıq. Klub öz əzəmətini qaytarmaqla hər birimizi daxili və beynəlxalq turnirlərdə sevindirsin. Dəyişikliklər də məhz buna hesablanıb. İnanıram ki, yeni rəhbərliklə "Neftçi” qarşıdakı məqsədinə çatacaq”. 

Sadıqov Quliyevin milliyə cəlb olunması məsələsinə də toxundu. O, futbolçu ilə son vaxtlar bu yöndə hər hansı danışıqlar olmadığını bildirir:

"Son vaxtlar Ayaz Quliyevlə AFFA tərəfindən rəsmi danışıqlar olmayıb.Yalnız bir neçə il bundan öncə danışıqlar aparılıb. Rəsmi şəkildə son vaxtlar onunla heç bir söhbət aparılmayıb”. 

Həmçinin təcrübəli mütəxəssis milliyə dəvət alması üçün Ayazın müləq özünü göstərməli olduğunu deyir:

"Ayaz Quliyev oyunçu kimi güclü klublarda çıxış edibsə, azərbaycanlı olaraq millimizin də formasını geyinə bilər. Ancaq iş ondadır ki, Ayaz olmur, kim olur-olsun, legioner həyatı yaşamaqla əsas heyətdə yerini təmin edə bilməz. O, rəqabətdə mütləq özünü sübut etməlidir. Azərbaycan yığmasına nə dərəcədə xeyir verəcək, gələcəkdə görəcəyik. İndidən nəsə danışmaq çox çətindir. O demək deyil ki, xaricdə oynayırsansa gəlib başımda oturmalısan. Elə deyil, güclüsənsə və Azərbaycan yığmasına xeyir verən futbolçusansa bizimlə birlikdə ola bilərsən. Belə deyilsə, komandamızda ancaq rəqabətdə güclü və ruhumuza uyğun olan futbolçular oynaya bilər”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->