Xəbər lenti

“Neftçi”nin 10 oyunluq cəzalanan üzvü: “Bilsəydim hakimi vurardım”
İdman 18:18 25.11.2022

“Neftçi”nin 10 oyunluq cəzalanan üzvü: “Bilsəydim hakimi vurardım”

AFFA-nın İntizam Komitəsi Yüksək Liqanın 5-ci turu çərçivəsində baş tutan "Neftçi” - "Rekord club” matçında "Neftçi”nin üzvü Namiq Məmmədkərimov ikinci sarı vərəqə aldıqdan sonra qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan zaman hakimlərin ünvanına təhqiramiz ifadələr işlədərək onlara fiziki təsir göstərməsi əsası ilə 10 oyunluq diskvalifikasiya olunmuşdu. Ancaq oyundan sonra klub apellyasiya şikayəti verərək futzalçının cəzasının azaldılmasını istəmişdi. AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi” İK ilə "Rekord club” arasında baş verənlərlə bağlı qərarlarını açıqlayıb. Lakin qurumdan "Neftçi”yə heç də müsbət cavab verilməyib. Yəni, Məmmədkərimovun 10 oyunluq cəzası qüvvədə saxlanılıb.

Maraqlıdır, bəs futzalçı nə düşünür? Qərarı haqsız sayırmı? O, Qaynarinfo-ya açıqlamasında qərarla razılaşmadığını dedi:

"Yəqin mənimlə şəxsi qərəzlikləri var. Qərarda təhqirdən əlavə guya hakimi vurduğumu da yazmışdılar. Ancaq belə hal olmayıb. "Rekord club”la maraqlı oyun gedirdi, mənə haqsız şəkildə sarı vərəqə göstərildi. Düzdür, ikinci sarı vərəqə ilə razı idim, çünki rəqib futbolçunu tutmuşdum. İkinci vərəqəni göstərəndə özümdən çıxdım və hakimi təhqir etdim. Həm 6 metrlik cərimə zərbəsi təyin olundu, həm də qırmızı vərəqə göstərildi. Hakimi vurmağım yalan söhbətdir. Ancaq bilsəydim  vurardım. Vurulası adam idi. Çünki 10 oyunluq cəza yazıb. Vurardım, elə birdəfəlik bir illik "silərdilər”, işimi bilərdim”.

Təcrübəli futzalçı 10 oyunluq cəza üçün əsas olmadığını deyir:

"Baş verənlərdən sonra rəhbərliyə müraciət etdim, məktub yazdılar. Amma gec oldu. Bəlkə də məktub "isti-isti” yazılsaydı… Yetim oldun belədir də (gülür). Qərardan narazıyam. 10 oyunluq cəzalandırılmağım üçün əsas yox idi. Maksimum 5 oyunluq cəza verə bilərdilər. Ancaq məşqlərlə kifayətlənirəm. Oyun və məşq başqadır. Əsas oyunlar qarşıdadır, pley-offlar olacaq. Məşq edib bu oyunlara hazırlaşmalıyam. Çünki çox şey orada bilinəcək”.

O, ikinci sarı vərəqə alarkən hisslərini cilovlaya bilmədiyini və təhqirə keçdiyini də etiraf edir:

"Bir anlıq oldu, çevrilib sakitcə gedə də bilərdim. Özümdə də səhv axtarıram. Sadəcə, həmin vaxt hisslərimi cilovlaya bilmədim və təhqirə keçdim. Haqsızlıq məni həvəsdən salmayıb, əksinə prinsipiallıq yaradıb. Pley-offlarda nöqtəni qoymaq istəyirdim. Hədəfimiz çempionluqdur. Amma "Araz-Naxçıvan”ın hegemonluğu davam edir. Buna baxmayaraq, kubokun finalında oynamaq və titul qazanmaq istəyirəm. Gücümü göstərib, olanları yaddan çıxarmaq və karyeramı yaxşı notlar üzərində bitirmək istəyirəm. Xarakterim var, motivasiya oluram. Futbolda yaşanan hallardır, bunlar ölkə xaricində də olur. Çox haqsız qərardır. Heç kimi vurmamışam”. 

Karyerası ərzində ilk dəfə belə halla rastlaşan Məmmədkərimov qırmızı vərəqə ilə cəzalanmasında əsas günahkarın məhz keçmiş hakim Babək Quliyev olduğunu söyləyir:

"Belə hal karyeramda ilk dəfədir olur. Düzdür, qırmızı vərəqə görmüşəm, oyun buraxmışam. Amma 10 oyunluq cəzalanmamışdım. Həmin vaxt hakim Hikmət Qafarlı idi. O, cəzəlandırmaq istəmirdi. Ancaq orada olan Babək Quliyev hakimin üstünə gedəndən sonra qırmızı vərəqə göstərildi. Camaatın çörəyinə bais oldu”.

Namiq, baş verənlərə görə rəhbərliklə danışdığını və klub tərəfindən heç bir maddi cəzaya məruz qalmayacağını da bildirir:

"Bu cəzaya görə maaşımdan cərimə çıxmayacaqlar. Çünki özləri də haqsızlıq olduğunu gördü. 10 oyunluq cəza deyildi. Maaşımı kəsmələri düzgün olmazdı. Əslində, maddi cəza vermək istəyirdilər mənə. Klub rəhbərliyi ilə söhbət edəndən sonra, başa düşdülər. Rəhbərlik tərəfindən heç bir problem olmadı. Əsas oyunlar qarşıdadır. Kubokda da oynaya bilərəm. Dünənki turla bərabər cəzamın 4 oyunu geridə qaldı. Pley-off iki oyundan ibarət olacaq. Ümid edirdim ki, apellyasiya şikayətinə baxarlar”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->