Xəbər lenti

İdman 10:25 16.01.2023

"Napoli" və "Roma" azarkeşlərinə sərt cəza - 2 ay...

İtaliya A Seriyasında çıxış edən "Napoli" və "Roma"nın azarkeşləri tribunalardan 2 aylıq uzaqlaşdırılıb.

Qaynarinfo-nun məlumatına görə, ötən həftə İtaliyada magistral yolda əlbəyaxa davada üz-üzə gələn iki klubun azarkeşlərinə iki ay müddətinə səfər oyunlarına getmək qadağan edilib. 

İtaliya mətbuatında yer alan xəbərə görə, daxili işlər naziri Matteo Piantedosi yanvarın 8-də ölkənin əsas yollarından biri olan A1 magistralında üz-üzə gəlib dava edən "Roma" və "Napoli" tərəfdarları üçün fərman imzalayıb. Azarkeşləri yanvarın 14-dən etibarən 2 ay ərzində komandalarının səfər oyununa gedə bilməyəcəklər. Üstəlik təkcə bu iki şəhərdən gələnlərin deyil, eyni zamanda şəxsiyyət vəsiqələrində sözügedən şəhərlərdə yaşadığı görünən azarkeşlərin də matçlara buraxılmayacağı bildirilib. Mətbuatda yer alan xəbərlərdə nazirliyin hadisələrdə fərdi qaydada iştirak edənlərin ömürlük oyunlardan uzaqlaşdırılması üçün çalışdığı da qeyd olunub.

Yanvarın 8-də "Napoli"nin Cenuyada "Sampdoriya" ilə oyuna gedən azarkeşləri ilə "Roma"nın "Milan"la matçına baxmaq üçün Milana üz tutan "Roma"lı fanatlar Arezzo şəhəri yaxınlığındakı A1 şossesində yerləşən "Badia al Pino"da görüşüblər. Hadisələrdə bəzi tərəfdarlar və təhlükəsizlik qüvvələri yaralanıb. İtaliya təhlükəsizlik qüvvələri bəzi tərəfdarları saxlayıb. Azarkeşlərin toqquşması səbəbindən A1 magistralında nəqliyyatın hərəkəti uzun müddət dayanıb, tıxac yaranıb.

İtaliyada daha əvvəl "Atalanta" tərəfdarlarına oxşar səfər qadağası verilmişdi. Onlar 2014-cü ildə 3 ay komandalarının səfər oyunlarına baxa bilməyiblər.

Səbuhi Həsənov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->