Xəbər lenti

Musa Qurbanov: “Kiminsə Yüksək Liqaya çıxması AFFA-nın istəyindən asılıdır”
İdman 17:25 12.05.2022

Musa Qurbanov: “Kiminsə Yüksək Liqaya çıxması AFFA-nın istəyindən asılıdır”

Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında 10 komandanın çıxış etməsi ilə bağlı İcraiyyə Komitəsinin qərarından sonra sözügedən iki klubun "Kəpəz” və "Turan Tovuz” olacağı gözlənilir. Birinci Divizion klubları arasında yalnız bu bölgə təmsilçilərinə Premyer Liqada oynamaq üçün lisenziya verilib. Ancaq infrastrukturu elitada oynamağa imkan verən, üstəlik futbol ənənəsinə malik daha bir bölgə təmsilçisi var ki, diqqətdən kənarda qaldı. Söhbətin "Zaqatala”dan getdiyini yəqin ki, anladınız. AFFA-dan maliyyələşən Zaqatalanın eyniadlı klubunu da "Turan Tovuz” və "Kəpəz” kimi Premyer Liqaya "daşımaq” mümkün idi. Ancaq nədənsə onların bu arzusu hələ də gerçəkləşmir. Bəs klubun prezidenti Musa Qurbanov nə düşünür? Gəncə ilə Tovuz təmsilçisinə üstünlük verilməsi və "Zaqatala”ya diqqət ayrılmaması Qurbanovda qıcıq yaradırmı?

Veteran futbolçu Qaynarinfo-ya açıqlamasında bu suallara aydınlıq gətirib:

"Söyləyəcək fikir yoxdur. Qərar verən AFFA-dır, kiminsə Yüksək Liqaya çıxması onların istəyindən asılıdır. Başqa deyiləcək nəsə yoxdur. Lisenziya üçün müraciət? Bu söhbətlər dəfələrlə olub. Müraciət etmişik. Bütün Birinci Divizion klublarında olduğu kimi bizdə də müəyyən problemlər var. Bunu hamı bilir ki, Birinci Divizionda heç bir klub lisenziya şərtlərinə tam olaraq cavab vermir. "Zaqatala”nın infrastrukturu Premyer Liqada oynamağa imkan verir. Amma bu, rol oynamır. AFFA kimi məsləhət bilirsə, o oynayır. Bu o demək deyil ki, lisenziya verilən klublarda şərait hamısından yaxşıdır və qaydalara əməl edirlər”.

Qurbanov sponsor axtarışlarının nəticəsiz qaldığını da bildirib: 

"Zaqatala” tərəfdən heç bir problem yoxdur. "Turan Tovuz”, "Kəpəz” kimi biz də AFFA-nın ayırdığı maliyyə ilə klubu saxlayırıq. Eyni qaydada fəaliyyət göstəririk. Sponsor çox axtarmışıq, görünür, Zaqatalada klubu saxlayacaq imkanlı, futbola xüsusi sevgisi olan adamlar yoxdur”.

"Zaqatala”nın diqqətdən kənarda saxlanılması qıcıq yaradırmı?” sualını mütəxəssis belə cavablandırıb: 

"Əlbəttə, "Kəpəz”lə "Turan Tovuz” da Yüksək Liqada oynamağa layiqdir, "Zaqatala” da. Çünki bunlar futbol ənənələri olan bölgələrdir. Vaxt olub ki, bu bölgələrin təmsilçiləri Azərbaycanın aparıcı klublarından olub. Qıcıq yaradır deyəndə, mən istəyərdim ki, onlarla yanaşı, biz də Premyer Liqada çıxış edək. Komanda sayını daha da çox artırıb, Bakıdakı çoxsaylı klublardan birini Zaqatalaya yerləşdirmək olardı. Məncə, Zaqatalanın da Premyer Liqada təmsil olunması mümkün idi. Yəqin, başda oturanların bildikləri var”.

Qurbanov "Qarabağ”ın futbolçusu Abdullah Zubirin qardaşı Tarek Zubirlə bağlı sualımızı da cavlandırıb:

"Zubirin qardaşı Gürcüstanda oynayırdı. Onun müqaviləsində nəsə problem çıxmışdı. Boşda qalmaması üçün bizdən xahiş etdi. Fkirləşdik ki, həm komandaya kömək edər, həm də boşda qalmaz. Zubirə maaş verilir. Amma AFFA-nın buna aidiyyatı yoxdur”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->