Xəbər lenti

Musa Qurbanlı İsveçdə ulduza çevrilə bilərmi? (AÇIQLAMA)
İdman 13:20 03.07.2023

Musa Qurbanlı İsveçdə ulduza çevrilə bilərmi? (AÇIQLAMA)

"Qarabağ”ın hücumçusu Musa Qurbanlının İsveçə gedəcəyi və sözügedən ölkənin təmsilçisi "Yurqorden”lə müqavilə imzalayacağı bildirilir. "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlunun yaxın vaxtlarda sözügedən klubla üçillik anlaşmaya imza atacağı gözlənilir. Əlbəttə, futbolçumuzun xarici ölkəyə getməsi sevindirici xəbərdir. Amma İsveç və Azərbaycan çempionatlarını, həmçinin Musanın oyun üslubunu nəzərə alsaq, onun İsveçdə nə dərəcədə uğurlu ola biləcəyi sual doğurur. 

Bu sual ətrafında Aslan Kərimov fikirlərini bölüşüb. Mütəxəssis Qaynarinfo-ya açıqlamasında Qurbanlının İsveçdə uğur qazana biləcəyini deyib:

"Bu barədə bir söz demək çətindir. Çünki İsveç çempionatına o qədər də baxmırıq. Yalnız uzaqdan mülahizələr yürüdə bilərik. Əslində, İsveçdə futbolun inkişafı ən üst səviyyədədir. Bunu milli komanda səviyyəsində də göstərirlər. Gənc futbolçular gedib Avropanın yaxşı komandalarında oynayırlar. Bu onun göstəricisidir ki, çempionatlarında klublar strukturlu oyun sərgiləyirlər. Bu baxımdan hesab edirəm ki, Musa üçün uğurlu gediş ola bilər. Amma çempionatın səviyyəsini nəzərə alsaq, bəlkə də Belçikaya və ya Niderlanda getsəydi, millimiz üçün daha uğurlu olardı, təcrübəli oyunçu kimi qayıda bilərdi. Bəlkə də bu bir tramnplindir. İsveçdə qalıb oynamaq deyil, oradan digər klublara getmək daha məqsədəuyğun ola bilər”.

Kərimov Musanın İsveçdə davam gətirməsi üçün həm də psixoloji cəhətdən hazır olmasının vacibliyini vurğulayıb:

"Bəlkə də 20 il əvvəllə müqayisə etsək, indi "Britaniya futbolu”, "Skandinaviya futbolu” kimi anlayışlar, demək olar, yoxdur. Bütün komandalar daha çox dominant oynamağa çalışırlar. Texniki elementlər daha vacib sayılır. "Qarabağ”ın özü də artıq bu stildə oynayan bir komandadır. "Uzun ötürmələrlə oyna” və ya "mübarizə apar” kimi deyimlər yoxdur. Bu elementlərdən istifadə edirlər, amma tipik olaraq belə oyun sərgiləmirlər. Hesab edirəm ki, İsveç çempionatında həm uzun ötürmələrlə oynayan, həm hava mübarizəsi, həm də texniki-taktiki baxımdan hazır oyunçulara ehtiyac olur. Musa kifayət qədər hündürboyludur. Yəni, boyu İsveç çempionatında mübarizə aparmağa əl verir. Bundan əlavə, hesab edirəm ki, inadkar futbolçudur. Hər zaman hücumameyilli və irəli açılmaq istəyən hücumçudur. Texniki baxımdan da əslində, daxili çempionatımızda özünü yaxşı tərəfdən göstərə bilmişdi. Bu da ona İsveç çempionatında yaxşı səviyyədə oynamasına imkan verir. Ancaq təbii ki, rəqabətədavamlılıq, psixoloji durum baxımından, ailəsindən kənarda qalmaq üçün nə qədər hazır olduğunu bilmirəm. Bu cür şeylərə də hazırlıq vacib olacaq. Texniki-taktiki baxımdan nə qədər hazır olsan da, psixoloji cəhətdən darıxan birisənsə, yaxud ailəndən, dostlarından uzaq qalmaqda çətinlik çəkirsənsə, bəzən görürsən ki, bu sənin oyununa təsir edir və o ölkədə uzun müddət tab gətirmirsən. Musa bu şeyləri də fikirləşmək məcburiyyətində qalacaq. Heç olmasa il ərzində, ən azı altı ay yad ölkədə qalmalısan. Çünki yanına gəlib-gedən olmayacaq, belədə, istər-istəməz tək-tənha yaşamaq məcburiyətindəsən. Bildiyim qədər, Musanın ingilis dilindən anlayışı var. İsveç də əhali sayına görə Avropanın ən çox ingilis dili bilən ölkəsi hesab edilir. Dil baxımından ümid edirəm ki, böyük problem olmaz”.

"Musa İsveçdə ulduza çevrilə bilərmi” sualını "Qarabağ”ın keçmiş müdafiəçisi belə cavablandırıb:

"İsveçdə kifayət qədər legionerlər, Afrikadan, Braziliyadan, Latın Amerikasından gələn futbolçular olacaq. Vacib odur ki, öz komandasında əvəzedilməz futbolçuya çevrilsin. Əks halda bu transferin heç bir faydası olmayacaq. Bunu Musanın özünə nəzərən deyirəm, bu yaşda mütəmadi şəkildə meydançaya çıxmalıdır. Elə bir yaşdır ki, daim oyun təcrübəsi qazanmalısan. Onun oyun təcrübəsinə nəzər salsaq, görərik ki, "Qarabağ”da hər iki cəbhədə meydana çıxırdı, oyundan-oyuna inkişaf edir, qollar vururdu. Hazırda oyun təcrübəsi onun üçün həddindən artıq vacibdir”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->