"Çoxlu qol epizodları olan parlaq oyun izlədik. Yüksək tempi sonadək saxladıq və fərqlənə bildik. Düşünürəm ki, penalti var idi. Önəmli olan qələbə idi ki, bunu da qazandıq".
Qaynarinfo xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, komanda hələ tam formalaşmayıb: "Bəlkə bu gün yaxşı oynadıq. Amma bu, rəqibdən də asılı idi. Açıq oynadılar. Arsenalımızda olanları daha da inkişaf etdirməliyik".
O, hazırda qərarlaşdıqları mövqeyə layiq olduqlarını söyləyib: "Amma bəzi oyunlarda son dəqiqələrdə qol vurub qalib gəlmişik. Bəzən bəxtin gətirməyə də bilər. Ona görə də hansısa oyunda qələbə qazanmamağımızı və bu səbəbdən "Qarabağ"dan geri qaldığımızı müzakirə etmək istəmirəm".
Yusif İmanova şans verib, digər qapıçıları ehtiyatda saxlamasına da toxunan rusiyalı mütəxəssisin sözlərinə görə, bir çox komandada vəziyyət eynidir: "Onlarda da 4 qolkiper var. Bu, önəmli mövqedir. Hər dəfə dəyişiklik etmək olmur".
Şərhlər