Qanunsuz miqrasiya böyük risklər mənbəyidir və ölkənin dağılmasına şərait yaradır.
Qaynarinfo "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Sankt-Peterburqda keçirilən Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndələrin XII Beynəlxalq müşavirəsində deyib.
Patruşevin sözlərinə görə, miqrant axını terror və humanitar təhlükələr yaradır.
Çin, İran, Braziliya və Kremlin "dost” adlandırdığı digər ölkələrin rəsmiləri və kəşfiyyat xidmətlərinin nümayəndələrinin iştirak etdiyi konfransın yekunları üzrə katib deyib ki, onlar "etno-konfessional balansı pozur və təkcə sərhədlərin dəyişdirilməsi üçün deyil, həm də ölkələrin parçalanması üçün ilkin şərtlər yaradırlar”.
Patruşev qeyd edib ki, qeyri-qanuni miqrasiya həmçinin "mütəşəkkil cinayətkarlıq, silah, narkotik, insan və insan orqanlarının alveri ilə sıx bağlıdır”.
O əlavə edib ki, bu fikir 2010-cu ildən Rusiya Təhlükəsizlik Şurasının himayəsi altında keçirilən konfransın bütün iştirakçıları tərəfindən bölüşülür.
Qeyd edək ki, Rosstatın məlumatına görə, 2015-ci ildən bəri azı 3,5 milyon miqrant Rusiyanın daimi sakinlərinə çevrilib. Yaxın 20 ildə daha 5 milyon miqrant Rusiya Federasiyasının daimi sakinlərinə çevriləcək.
"Crocus City Hall”da baş verən terror aktından sonra Rusiya hakimiyyət orqanları miqrantlara nəzarəti kəskin şəkildə gücləndirmək planlarını açıqlayıb: polis miqrantların toplaşdığı yerlərdə bir sıra reydlər keçirib, bundan sonra bir neçə min insan Rusiyadan qovulub. Dövlət Dumasına andı pozduqlarına görə miqrantların vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan qanun layihəsi təqdim edilib və Daxili İşlər Nazirliyi ölkədə müvəqqəti qalma müddətinin 90 günə endirilməsini və Rusiyaya daxil olan miqrantların "rəqəmsal profilinin” yaradılmasını təklif edib.
Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzinin 2024-cü ilin aprelinə olan məlumatına görə, rusiyalıların 60%-i əmək miqrantlarına "mənfi” münasibət bəsləyir. İl ərzində bu cür cavabların payı 20 faiz bəndi artıb.
Nizami Bağırov
Şərhlər