Xəbər lenti

Minskdə “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatı oldu (FOTO)
Foto 17:56 11.03.2024

Minskdə “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatı oldu (FOTO)

Belarus Respublikasının paytaxtı Minsk şəhərində "Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində rus dilinə tərcümə olunaraq işıq üzü görmüş "Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimi Belarus Respublikasının Milli Kitabxanasında "Qobustan” Azərbaycan İctimai Birliyinin sədri, Azərbaycan diasporunun Belarusdakı rəhbəri Baxşı Qəmbərovun və "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirlinin təşəbbüsü ilə baş tutub.

Yerli hakimiyyət nümayəndələri, yerli ictimaiyyət və Belarusda fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələrinin, ictimai-siyasi xadimlərin, elm, təhsil və mədəniyyət işçilərinin iştirak etdiyi təqdimat mərasimində qonaqları səmimiyyətlə salamlayan tədbirin moderatoru Siyasi və dövlət xadimi, VII çağırış Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının deputatı Tengiz Dumbadze Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirdiyi misilsiz işlərdən, Azərbaycanı keçmiş SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilməsi istiqamətində atdığı uzaqgörən addımlardan danışıb və qeyd edib ki, bu kitab dahi siyasətçinin həyatından, uzaqgörən daxili və xarici siyasətindən, Vətəninə, xalqına ehtiramlı münasibətindən bəhs edir. Sonra isə Tengiz Dumbadze çıxış üçün sözü "Heydər Əliyevin həyatının 100 anı” kitabının müəllifi, "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirliyə verib.

Müəllifi olduğu "Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan, ingilis, rus, rumın və digər dillərində işıq üzü görmüş "Heydər Əliyevin həyatının 100 anı” kitabı haqqında geniş məlumat verən Emil Nəsirli vurğulayıb ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycanda yenidən hakimiyyətə qayıtması, ölkəni böhrandan xilas etməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan olunmasındakı xidmətləri və digər məsələlər müəllifi olduğu kitabda sənədli təsvirlərin dili ilə şərh edilir.

Emil Nəsirli qeyd edib ki, Heydər Əliyev haqqında yazdığı bu kitab, eyni zamanda, Azərbaycan tarixini də özündə əks etdirir. Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni bir eraya qədəm qoyub. Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib.

Müəllif onu da vurğulayıb ki, Azərbaycan xalqının yetişdirdiyi elə dahi şəxsiyyətlər vardır ki, onların həyat və fəaliyyətləri, qoyub getdikləri zəngin irs daim öyrənilir və gələcək nəsillər ondan bəhrələnirlər. Belə şəxsiyyətlərdən biri də xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevdir. Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü, bu illər ərzində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrinin dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və incəsənətinin inkişafına Ümummilli Lider Heydər Əliyevin göstərdiyi diqqət və qayğı indi də öz bəhrəsini verməkdədir. Ulu Öndərin müəyyən etdiyi Azərbaycanın inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışında Azərbaycan ilə Belarus arasındakı münasibətlərin bugünkü vəziyyətindən söz açan Emil Nəsirli bildirib ki, iki ölkə arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Belarusun Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmasıdır. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Belarus ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Emil Nəsirli onu da vurğulayıb ki, hazırda Azərbaycan və Belarus aparıcı Avropa strukturlarında yaxından əməkdaşlıq edir, müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər.

"Ölkə başçılarının qarşılıqlı səfərləri iki ölkənin əməkdaşlığı üçün daha böyük potensialın olduğunu aşkarlayıb. Səfərlər çərçivəsində imzalanmış bir sıra sazişlər iqtisadi əməkdaşlıq baxımından geniş imkanlar açıb”, – deyə Emil Nəsirli qeyd edib.

Tədbirdə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Abış oğlu Əliyev geniş çıxış edərək Ulu Öndər Heydər Əliyevin XX əsrdə Azərbaycanın inkişafı yolunda ən böyük xidmətlər göstərmiş dahi şəxsiyyət olduğunu qeyd edib. Səfir Məhərrəm Əliyev vurğulayıb ki, Azərbaycanın iftixarı, qüdrətli dövlət xadimi və yenilməz siyasətçi Heydər Əliyev özünün möhtəşəm fəaliyyəti ilə nəinki dünya azərbaycanlılarının Ümummilli Lideri səviyyəsinə yüksəlib, həmçinin sovet dönəmində çoxlu sayda xalqların yaddaşında və qəlbində şöhrəti və nüfuzu sərhəd tanımayan polad iradəli rəhbər olaraq qalıb. Sonra Məhərrəm Əliyev Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib və ali səviyyədəki siyasi dialoqun ikitərəfli əməkdaşlığın bütün sahələrində inkişaf etdirməsi üçün əsas rol oynadığı qeyd edib.

"Azərbaycan-Belarus əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı deməyə əsas verir ki, bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək və ölkələrimizin sosial-iqtisadi yüksəlişinə təkan verəcək”, – deyə Məhərrəm Əliyev bildirib.

Çıxışının sonunda "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirlinin müəllifi olduğu "Heydər Əliyevin həyatının 100 anı” kitabından söz açan səfir Məhərrəm Əliyev onu da əlavə edib ki, Azərbaycan xalqının Ümummilli Lideri, milli qurtuluş mübarizəsinin öndəri və yeni Azərbaycanın qurucusu Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş bu kitab Ulu Öndərin dövlətçilik fəaliyyətinin yüksək səviyyədə araşdırılması yolunda böyük addımdır.

Təqdimat mərasimində qonaqları səmimiyyətlə salamlayan "Qobustan” Azərbaycan İctimai Birliyinin sədri, Azərbaycan diasporunun Belarusdakı rəhbəri Baxşı Qəmbərov Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat verib, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Daha sonra Emil Nəsirlinin müəllifi olduğu "Heydər Əliyevin həyatının 100 anı” kitabından söz açan B.Qəmbərov bildirib ki, kitabın fəsillərində Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illərdə respublikada elmin maddi-texniki bazasının və kadr potensiyalının inkişaf etdirilməsi, struktur və təkmilləşdirmə, elmi-tədqiqat işlərinin genişləndirilməsi və keyfiyyətcə yaxşılaşdırılması, elmi-tədqiqat mövzularının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar, sərəncamlar, proqramlar daxil edilib. Kitabda həmçinin Ulu Öndər Heydər Əliyevin həmin dövrdə Azərbaycan elminin vəziyyəti və perspektivləri, elmi nəticələrin istehsalata tətbiqi və başqa məsələlər barədə müxtəlif toplantılarda, forumlarda etdiyi çıxışlara, həmçinin Ulu Öndərin xarici ölkələrə səfərlərinə, ali səviyyədə görüşlərinə də geniş yer ayrılıb. B.Qəmbərov müəllif Emil Nəsirliyə "Heydər Əliyevin həyatının 100 anı” kitabını ərsəyə gətirdiyinə görə bütün diaspor nümayəndələri adından minnətdarlığını bildirib, bu kitabın dahi şəxsiyyətin irsinin daha geniş şəkildə öyrənilməsinə öz töhfəsini verəcəyini söyləyib.

Təqdimat mərasimində Belarus Milli Kitabxanasının baş direktorunun müavini Lyudmila Vısotskaya, Belarus Respublikası Milli Məclisi Respublika Şurasının Təhsil, Elm, Mədəniyyət və Sosial İnkişaf üzrə Daimi Komissiyasının sədri İrina Starovoitova və başqaları çıxış ediblər. Çıxış edənlərin dilindən Ulu Öndərin əziz xatirəsinin həm Azərbaycanda, həm də Belarus Respublikasında böyük hörmətlə anıldığı, Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında keçirilən görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Təqdimat mərasimində Heydər Əliyevin xarici siyasətində xüsusi yer tutan Azərbaycanın dünyanın bütün güc mərkəzləri ilə, qonşu və qeyri-qonşu dövlətlərlə, o cümlədən Belarus Respublikası ilə yeni, qarşılıqlı faydalılığa əsaslanan münasibətlərin formalaşdırılması, inkişaf etdirilməsi, Cənubi Qafqazda maraqları və təsir imkanları olan böyük və regional dövlətlərlə münasibətləri barədə də geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda kitabın müəllifi, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli "Heydər Əliyevin həyatının 100 anı” kitabını tədbir iştirakçılarına hədiyyə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->