Məlumdur ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə "Muğan Bank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib.
Bununla əlaqədar olaraq, qorunan əmanətçilər ilk olaraq əmanət hesabları üzrə hesabdan çıxarışları əldə etməlidirlər.
"Muğan Bank”ın Mingəçevir filialının əmanətçisi olan Ramil Hacıyevin Valyuta.az-a verdiyi məlumata görə, hesabdan çıxarışın alınması ilə əlaqədar məlumat almaq üçün, Əmanətlərin Sığortalanması Fondunun 941 nömrəli Qaynar Xətti ilə əlaqə saxlayıb:
"Mən sual verdim ki, "Muğan Bank”ın Mingəçevir filialının müştərisi olaraq, hesabdan çıxarış almaq üçün Bakıdan başqa hara gedə bilərəm? Fondun əməkdaşı mənə bildirdi ki, "Zaminbank”ın Gəncə şəhəri, Cavadxan küç. 10 ünvanında yerləşən binasından hesabdan çıxarış əldə edə bilərsiniz. Mən təkrar sual verdim ki, axı, siz dediyiniz bu ünvan barədə mətbuatda heç bir məlumat getməyib. Yenə də cavab verildi ki, həmin ünvandan əldə edə bilərsiniz, problem yoxdur. Buna baxmayaraq mən yenə də təkid etdim ki, bəlkə həmin Gəncədəki dediyiniz ünvanda "Muğan Bank”ın sırf Gəncə müştərilərinə xidmət göstərilir, bəlkə bir dəqiqləşdirəsiniz, çünki mən boş-boşuna yol getməyim, yenə də dedilər ki, narahat olmayın, digər rayonların əmanətçilərinə də xidmət göstərilir. Mən də noyabrın 16-sı tarixdə deyilən ünvana getdikdə, məlum oldu ki, "Muğan Bank”ın Gəncə filialının müştərilərindən başqa digər rayonların əmanətçilərinə hesabdan çıxarış verilmir. Bu dərəcədə məsuliyyətsizlik olarmı?! Əmanətlərin Sığortalanması Fondunun (ADİF) İcraçı direktoru Tural Piriyev hara baxır?!”
Şərhlər