AFFA U-21 millimizin baş məşqçisi Milan Obradoviçlə yolları ayırdı. Qurum serbiyalı mütəxəssislə yeni müqavilə bağlamağa ehtiyac görmədi. Təbii ki, nəticə verməyən məşqçini postunda saxlamağın bir mənası da yoxdur. Hətta bunun gecikmiş addım olduğunu da deyə bilərik. Bəs o, burada işlədiyi üç ildə milliyə nəsə verdimi? Ümumiyyətlə, son üç ildə yığma ciddi bir nəticə ilə yadda qaldımı? Bu suallara AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovdan cavab almağa çalışdıq.
Vaxtilə U-21 millimizi çalışdırmış mütəxəssis Qaynarinfo-ya verdiyi müsahibədə U-21-lə yanaşı, əsas millimizin çıxışına da toxundu.
- U-21-in baş məşqçisi Milan Obradoviçlə yollar ayrıldı. Onun son tsikldəki nəticələrini necə dəyərləndirirsiniz?
- Obradoviç millidə 2019-cu ildən bəri işləyir. Məşqçi nəticə əldə etməlidir ki, qalsın. Taktikasını, gördüyü işləri ortaya qoymalıdır. Yəqin ki, nəticələri AFFA-nı qane etməyib. Ona görə də müqavilə müddətini uzatmayıblar. Əvvəllər yaxşı nəticələr, 9 xal yığdığımız tsikl də olub.
- Obradoviçin burada olduğu dönəmləri necə analiz edərdiniz? Hansısa faydası dəydi? Ortaya fərqli iş qoydu?
- Niyə həmişə gəlmələrlə özümüzü eyni tuturuq? Gəldi, müqavilə bağladılar işlədi. Yaxşı oyunlar vardı. Bəzi rəqiblər bizdən güclü olduqları üçün qələbə qazanırdılar. Yəqin burada işlədiyi müddətdə nəticələr olmadığı üçün müqavilə bağlamadılar. Həm də bir məsələ var ki, hər şeyi nəticəyə bağlayırıq. Bəlkə hansısa şərtləri olub. Yaxşı nəticələr olsaydı, qalıb işləyərdi. Deyə bilmərəm ki, pis məşqçidir. Amma əsas olan nəticədir. Bəlkə başqa səbəblər var, mən bilmirəm.
- Ötən il də nəticələr olmadığı halda onu postunda saxlamışdılar. Sizcə Obradoviçin göndərilməsi gecikmiş addım deyildimi?
- Ötən il də belə söz-söhbətlər vardı. Gəlmə məşqçi nəticə əldə etməlidir. Bu olmasa da, ən azı U-21-dən oyunçular əsas milliyə dəvət almalıdır. Bəlkə də buna görə bir il artırdılar. Harda işləyirsən-işlə, nəticə verməlisən. Yüksək yerlər tutmalısan. Bütün oyunları yaxşı keçirməlisən. Dünyada hər şey nəticə ilə ölçülür. Bu olmayandan sonra onu necə saxlasınlar? Özü də gəlmə məşqçilərə az vaxt verirlər.
- İndidən sonra U-21-i yerli yoxsa əcnəbi baş məşqçi çalışdırmalıdır?
- Öz fikrimi deyə bilərəm. Amma aşağı yaş qruplarında yerli məşqçilər çalışmalıdır. Bu uşaqlarımıza, yığmalarımıza çox fayda verər. Uşaqları tanımaq baxımından yerlilərə üstünlük verilməsi vacibdir. Əsas yığmaya əcnəbi məşqçi gətirilə bilər. Yenə də müəyyən vaxtdan sonra onun nəticələrinə baxılmalıdır. Çünki nəticə olanda dünyada və Avropada reytinq də yüksəlir. Bundan əlavə bizim məşqçilərimiz də işləməli, "artırmalıdırlar”. Əksəriyyəti PRO kateqoriyasına sahibdir, amma kənarda qalıblar. Təcrübə yığmalıdırlar, bəlkə hansısa gənc məşqçimiz gələcəkdə əsas millidə çalışa bilər. Öz uşaqlarımıza da şərait yaratmalıyıq.
- Növbəti seçim ərəfəsində Məşqçilər Komitəsi olaraq AFFA rəhbərliyinə yerli məşqçilərlə bağlı təklif edəcəksiniz?
- Həmişə istəmişik ki, yerli məqşçilərimiz inkişaf etsin. Təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də işləsin. Daim onların tərəfində olmuşuq. İşləyə bilirlərsə, nəyə görə olmasın? Təklifə gəlincə, hələ bu haqda müzakirə aparmamışıq. Məşqçilərimiz çoxdur. Hamısını nəzərdən keçirmək lazımdır. Biləsən ki, o məşqçinin biliyi, təcrübəsi var. Bunların hamısına baxmaq lazımdır.
- Aşağı yaş qruplarında çalışan yerli məşqçilərin işlərini necə qiymətləndirirsiniz? Onların ideyaları, proqramları, fəaliyyəti bir mütəxəssis kimi sizi qane edirmi?
- Aşağı yaş qruplarında kimlər işləyir? Elxan Abdullayevdir, Füzuli Məmmədov yenidir. Məşqçi müxtəlif mərhələlərlə, məsələn U-16-da, daha sonra, U-17, U-19, U-21-də işləməlidir ki, onun fəaliyyətinə baxıb, fikrimizi bildirək. İstəyərdik ki, ildən-ilə daha da yaxşı olsun.
- Son illərdə aşağı yaş qruplarından ibarə yığmalarımızın çıxışlarını necə dəyərləndirirsiniz? Gələcəyə ümid varmı?
- Bilirsiniz ki, son illərdə ən çox "Bakı” və "Qəbələ”də futbolçular yetişdi. İndi "Sabah”da da eyni hal müşahidə olunur. Görünür, klublarda iş gedir. "Sabah” aşağı yaş qruplarında liderlik edirdi. Harda iş gedirsə, şərait varsa, futbolçu yetişəcək. Hazırda az uşaq üzə çıxır. O da ki, ümumi miqdardan asılıdır. Əvvəl 8 klub idi, indi 10 olub. 8 klubda nə qədər uşaq yetişəcək? Komandalarımız, seçimlər azdır. Əvvəl şərait olmasa da uşaqlar üzə çıxırdı. Biz də küçələrdə oynamışıq. Şərait indiki zəmanədə çox vacibir. Hazırda nəticə olmasa da görünür ki, inkişaf var. Nəticə də olacaq. Futbolda nəticə tez olmur. Müəyyən mərhələlər keçilməlidir. Görürsünüz, indi Macarıstanda necə irəliləyiş var. Belçika reytinqdə ilk yerlərdədir.
- U-21-də nə çatmırdı, hansı problemləri müşahidə etdiniz?
- Həmişə komandaya baxanda görürdük ki, bir mövqeyə 5-6 futbolçu var. Digər mövqe üçün ümumiyyətlə yoxdur. Bu, Premyer Liqada yaş limitinə görə idi. Klublar gəncləri həmişə meydançanın kənarlarına yaxın oynadırdılar. Ona görə də belə vəziyyət yaranırdı. Komanda və oyunçu sayı az idi. Məşqçilər üçün seçim çətin olurdu. Bir mövqedə oyunçunun çox, digərində az olduğu üçün əziyyət çəkirdilər. Bəzən nəticə baxımından uduzsaq da, rəqiblərlə bərabər oynayırdıq.
- Bir müddət öncə, AFFA Premyer Liqada 21 yaşlı futbolçularla bağlı limiti ləğv etdi. Hazırda bunun futbolumuza çox da faydası olmayacağı bildirilir. Siz nə düşünürsünüz?
- Görün neçə ildir, limit vardı, gənclərimiz oynayırdı. Milli komandalarımızı nəzərə alaraq bu limiti gənclərimizin əsas heyətdə oynaması üçün tətbiq etmişdik. Bir nəfər oynamalı, digəri onu əvəz etməli idi. Problemlər çox olur. Başqa ölkələrdə 250 nəfər arasında 25 nəfəri seçirlər. Bizdə isə elə 25 nəfər oynayır. Bu cəhətdən başqa ölkələrdən geri qalırıq.
- Son olaraq əsas yığmamızın oyunlarını dəyərləndirərdinz? Artıq qrupdan çıxmaq məsələsi olmayacaq. İndən belə baş məşqçinin millidə qalmasının nə mənası var?
- Bakıda olan oyunlara baxdıq. Pis oyun göstərmədilər. Deməzdim ki, hansısa komandaya uduzmalı idik. Bizim futbolçuların təcrübəsi var. "Qarabağ”ın, "Neftçi”nin futbolçuları var ki, uzun müddətdir millidə oynayır. Qrupda heç kimdən zəif görünmürdük. Qazaxıstanla matçda 3-4 qol vəziyyətindən yararlana bilmədik. Amma onlar 10 xalla birinci yerdədirlər. Bu qrupda yaxşı yerlər tuta bilərdik.
- Deməli, De Byazi komandanı yaxşı idarə edə bilmədi…
- Oyundan, nəticədən belə görünür. Bundan da yaxşı ola bilərdi. Həm idman bəxti də olmalıdır. Məsələn, Qazaxıstana ilk oyunda uduzmalı deyildik. Onlar 2 qol vəziyyəti yaratdılar və bundan istifadə etdilər. Biz isə vura bilmədik. Slovakiya ilə oyunda heç-heçə qeydə alına bilərdi. Onlar bizdən heç də açıq-aşkar güclü görünmədilər. Digər tərəfdən, Azərbaycanda mövsüm bitib, futbolçular çamadan əhval-ruhiyyəsindədirlər, istirahət etmək istəyirlər. Bunun da müəyyən təsirləri oldu. Milli bundan da yaxşı oynamalıdır. İstərdik ki, ümidləri doğrultsun, yaxşı nəticə əldə etsin. Futbolçularımız xarici ölkələrdə forma geyinsin.
Səbuhi Həsənov
Şərhlər