Bu gün futzal millimiz DÇ-2024-ün əsas mərhələsi çərçivəsində son matçını keçirəcək. Jose Alesionun rəhbərlik etdiyi komanda Polşa ilə qarşılaşacaq. Ötən oyunda yunanları 5:2 hesabı ilə məğlubiyyətə uğradan millimizin qarşısına qrupu lider kimi tamamlamaq və növbəti mərhələyə vəsiqə qazanmaq hədəfi qoyulub. Bəs polşalılarla oyunda bu, nə dərəcədə mümkün ola bilər?
Yığmamızın sabiq üzvü Vitali Borisov Qaynarinfo-ya açıqlaamsında Polşa ilə matçla bağlı fikirlərini bildirib, şansları dəyərləndirib:
"Komandanın durumu haqda konkret nəsə söyləyə bilmirəm. Zədəlilərin olub-olmadığını dəqiq bilmirəm. Yunanlarla oyuna baxanda görünürdü ki, komanda tam hazır deyildi. İnanıram ki, Polşaya qarşı daha yaxşı oyun göstərəcəklər. Şansları faiz nisbəti ilə 60-ın 40-a öz xeyrimizə dəyərləndirirəm. Yunanıstanla oyunda, fikrimcə, ikinci "dördlük” eksperiment məqsədi daşıyırdı. Hiss olunurdu ki, ilk "dördlük” bir-birini daha yaxşı anlayır. Bəlkə səfərdə yunanları 7:0 məğlub etdikləri üçün köklənmə o qədər də yerində deyildi. Məncə, bu dəfə daha yaxşı oynayacaqlar. Polşa ilə oyun əsassızdır. Qarşıya qrupu birinci yedə tamamlamaq məqsədi qoyulub. Düşünürəm ki, köklənmə başqa cür olacaq”.
Borisov polşa millisinin gücünü dəyərləndirdi:
"İzləyirəm, yaxşı komandadır. Kombinasiyaları var, yaxşı qol vəziyyətləri yaradırlar. Onlara ancaq qələbə lazımdır. Məncə, 5 oyunçulu taktikadan istifadə edəcəklər. Oyun vaxtı qapıçını dəyişib sahə oyunçusuna üstünük verəcəklər. Əslində, bizə heç-heçə də sərf edir. Hətta səhv etmirəmsə, bir top fərqi ilə uduzsaq belə, qrupda ilk yeri tutacağıq. Ona görə düşünürəm ki, qol vura bilməsələr, qapıçını dəyişdirəcəklər. Bu, şəxsi fikrimdir. Şanslar bizim xeyrimizədir, ancaq Polşa evdə yaxşı oyun sərgiləyir”.
Təcrübəli futzalçı hazırda millidə olan legionerlərin durumu haqda da danışdı:
"Hər halda baş məşqçi daha yaxşı bilər. Birinci oyuna baxanda hiss olunurdu ki, bəzi uşaqlardan fərqli Vilela, Edu, Amadeu, Filipinyo daha çox hazırdırlar. Çünki onlar həm yaxşı çempionatlarda iştirak edirlər, həm də formadadırlar. Hiss olunur ki, problemləri yoxdur. Oyundan sonra Tyaqo Bolinyo ilə danışdım. Qızdırması vardı, hiss olunurdu ki, gücü yoxdur. Sən demə, yunanlarla oyuna da xəstə halda çıxmışdı. Fineo da zəif görünürdü. Fransa klubunda daim əsas heyətdə yer alıb-almadığını dəqiq bilmirəm. Görünən odur ki, çox zəif oynadı. Polşa ilə qarşılaşmada necə olacağını bilmirəm. Digərləri hiss olunurdu ki, formadadırlar. Qalo İndoneziya çempionatındadır. Deyəsən, orada çempionat hələ başlamayıb. Deyə bilərəm ki, Qalo da ümid verir”.
Vitali son vaxtlar yığmada hansısa dəyişiklik olub-olmaması ilə bağlı suala belə cavab verdi:
"Oyuna baxanda hiss olunur ki, baş məşqçi "dirək”dən istifadə etməyi xoşlayır. 5 oyunçulu taktikadan daha az istifadə etməsinə gəlincə, bizim vaxtımızda milli üzvləri bir-birini daha yaxşı başa düşürdü. Biz 5 oyunçulu taktikadan istifadə edəndə, demək olar, bütün rəqiblər qorxurdular. İndi bəzi problemlər var. Hamı bir yerdə oynamır. 5 oyunçulu taktikadan istifadə etmək üçün məncə, oyunçular bir-birini yaxşı başa düşməlidir. Təki bu taktika ilə oynamağa ehtiyac qalmasın, qələbə qazanaq. Bu taktikanın öz prosesi var”.
Səbuhi Həsənov
Şərhlər