Xəbər lenti

Millimizin baş məşqçisi: “Onsuz da belə oyunçularımızın sayı çox deyil”
İdman 11:54 09.02.2024

Millimizin baş məşqçisi: “Onsuz da belə oyunçularımızın sayı çox deyil”

17 yaşadək futbolçulardan ibarət millimiz fevralın 14-dən 16-dək Bakıda, 17-dən 24-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçəcək. Bu çərçivədə həmçinin beynəlxalq turnirdə iştirak edəcəklər. U-17 fevralın 18-də Belarusun U-18, 20-də Rusiyanın U-17 və 22-də Özbəkistanın U-18 komandası ilə qarşılaşacaq. Turnirin final mərhələsinin oyunları isə fevralın 24-də keçiriləcək.

Baş məşqçi İlham Yadullayev komandanın hazırlığı, qarşıdakı planları və indiki durumu ilə bağlı Qaynarinfo-ya fikirlərini bildirib.

"Dünən iki seleksiya matçı keçirdik. Oyunçuları seçirik. Fevralın 18-dən etibarən bizi Belarusda Minsk şəhərində beynəlxalq turnir gözləyir. Yarış iki qrup üzrə keçiriləcək. İlk oyunumuz bir yaş böyüklərə, Belarusun U-18 komandasına qarşı olacaq. Hazırda rəqibi analiz edirik. Daha sonra Rusiyanın U-17 millisi ilə görüşəcəyik. Digər rəqib Özbəkistanın U-18 komandasıdır. Oyunlara baxıb analiz edirik. 2008-ci il təvəllüdlü uşaqlarla ilk dəfə beynəlxalq turnirdə iştirak edəcəyik. Ən yaxşı uşaqları dəvət etməyə çalışacağıq. Hələ ki, komanda tam formalaşmayıb. Sleksiya məqsədli oyunları gözdən keçiririk”.

Maraqlıdır, turnirdə əsas məqsəd nə olacaq, nəticə, yoxsa hazırlıq? Yadullayev bu sualı belə cavablandırdı:

"İnkişaf turniridir. Əsas məsələ sentyabr-oktyabr aylarında keçiriləcək seçmə mərhələ yarışlarına hazırlaşmaqdır. Adi təlim-məşq toplanışıdır. Bu toplanışdan sonra əsas heyəti müəyyənləşdirəcəyik”.

Mütəxəssis yığmaya xarici ölkələrdən də futbolçu dəvət edəcəklərini dedi:

"Yenilik deyəndə, xarici ölkələrdə oynayan futbolçularımız da var və onları dəvət etmək istəyirik. Onları izləyirik, turnirdə də necə oynayacaqlarını görmək istəyirik. Onsuz da belə oyunçularımızın sayı çox deyil. Kim gələ biləcəksə, onları gətirməyə çalışacağıq”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->