Xəbər lenti

Millimizin baş məşqçisi:
İdman 18:50 18.08.2022

Millimizin baş məşqçisi: "Hakim səsə aldanıb 11 metrlik cərimə zərbəsi təyin etdi"

Türkiyənin Konya şəhərində təşkil olunmuş V İslam Həmrəyliyi Oyunlarda bürünc medal qazanan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev AFFA-nın mətbuat xidmətinə fikirlərini bölüşüb.
 
Qaynarinfo veteran hücumçunun müsahibəsini təqdim edir:
 
- İslam həmrəyliyi oyunlarında bürünc medallar qazanmağınız münasibətilə təbrik edirik. Turnir barədə ümumi fikirləriniz necədir?
 
- İlk oyunda Asiya çempionu Səudiyyə Ərəbistanı komandasına qarşı oynadıq. İlk oyunumuz idi deyə, bütün gücümüzü ortaya qoyduq. Düzdür, nisbi üstünlük rəqib komandada olsa da, yaxşı oynadıq. Təəssüf ki, son saniyələrdə qapımıza olmayan penalti təyin olundu və məğlub olduq. Hakim qarışıqlıq zamanı səsə aldanıb 11 metrlik cərimə zərbəsi təyin etdi. İkinci oyunda İran yığması ilə qarşılaşmalı idik. Məndə olan məlumata görə klublar əsas oyunçularını milliyə buraxmadıqları üçün İran komandası son anda turnirdən iştirakdan imtina etdi. Belə demək mümkünsə, bəxtimiz gətirdi. İran yığması gəlsəydi, təqvimimiz daha sıx olacaqdı. Onlar gəlmədi deyə, komanda olaraq daha çox istirahət etmək, növbəti oyuna daha yaxşı hazırlaşmaq imkanı qazandıq. Qrupun son qarşılaşmasında yarımfinala vəsiqə qazanmaq üçün heç-heçə bizi qane edirdi. Ancaq Mərakeş yığması ilə oyundan əvvəl futbolçulara tapşırdım ki, əgər heç-heçə üçün meydana çıxsaq, məğlub olacağıq. Qalib gəlməyin vacib olduğunu bildirdim. Oyun ərzində əldə etdiyimiz imkanları dəyərləndirib qollar vurduq. Təəssüf ki, yenə oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrində qapımızdan qol buraxdıq. Çox istərdik qələbə ilə yarımfinala vəsiqə qazanaq, amma olmadı. Əsas odur ki, qrupdan çıxdıq.
 
- Yarımfinalda çempion Türkiyə komandası ilə qarşılaşdınız...
 
- Türkiyə turnirin əsas favoritlərindən biri idi. Həm meydan sahibi idi, həm də heyəti güclü futbolçulardan formalaşıb. Yarımfinal oyununda heyətdə 7-8 əvəzetmə edib hamının oynaması üçün şərait yaratdıq. Təəssüf ki, minimal hesabla məğlub olduq.
 
- Bürünc medallar qazandığınız Əlcəzair komandası ilə oyun barədə nə deyə bilərsiniz?
 
- Təqvimi sıx olan turnirlərdə bir gündən bir oyun keçirmək asan deyil. Komanda funksional cəhətdən çox hazırlıqlı olmalıdır. İki eyni səviyyədə heyətə malik olmalısan ki, stabil oyun oynaya biləsən. Əlimizdəki imkanlarla maksimum rotasiya etməyə çalışırdıq. Əlcəzair də yarımfinalda ağır oyun keçirmişdi. Yorğun olacaqlarını bilirdik. Bərabər səviyyəli oyun keçdi. Hər iki komandanın qol vurmaq imkanları oldu. Buna baxmayaraq, hesab açılmadı. Penalti zərbələrini daha dəqiq yetirdik və turnirin bürünc medallarını qazandıq.
 
- Nəticəni qənaətbəxş hesab edirsinizmi?
 
- Etiraf edək ki, Türkiyəyə yollananda nəticə əldə edəcəyimizə ümidimiz az idi. Çünki daha əvvəl də dediyim kimi, istədiyimiz heyəti apara bilməmişdik. Turnirdən öncə komanda ilə iclasda hər bir futbolçuya şans verəcəyimi bildirmişdim. Avqustun 1-də toplaşmalı idik, ancaq müxtəlif səbəblərdən bir gün sonra biraraya gəldik. Cəmi 7 məşq keçmək imkanımız oldu. Onun da ikisində əsasən standart vəziyyətlər üzərində çalışdıq.
 
- Əgər istədiyiniz heyətlə mübarizə aparmaq imkanınız olsaydı, nəticə fərqli ola bilərdimi?
 
- Onu qeyd edim ki, turnirə gələn komandalar çox güclü idilər. Misal üçün, bizimlə oyundan sonra Mərakeş komandasının üzvü "Trabzonspor”a transfer olundu. Hər bir komanda üstün futbol oynayırdı. Biz isə əsasən mübarizə aparırdıq. Əlbəttə, əgər biz də təcrübəli futbolçularla mübarizə aparsaydıq, daha yaxşı nəticə əldə edə bilərdik. Rəqibləri təhlil etmişdik, zəif və güclü tərəflərini tam öyrənmişdik. Oyunumuzu daha çox müdafiədən qururduq. Açıq futbol oynsaydıq, hesablar daha fərqli olardı.
 
- Oyunların, xüsusən 3-cü yer uğrunda qarşılaşmanın gündüz saatlarına, havanın isti vaxtına salınması komandaya necə təsir etdi?
 
- Bu cür kütləvi yarışlarda təşkilatı işlərdə müəyyən problemlərin olması normaldır. Təqvimin sıx olması və oyunların gündüz saatlarında keçirilməsini çatışmazlıq kimi qeyd edə bilərəm.
 
- Bu oyunların 21 yaşlıların seçmə mərhələ qarşılaşmalarında yaxşı nəticə qazanmaq baxımından faydalı olacağını bildirmişdiniz...
 
- Bəli. Biz digər komandalarla müqayisədə çox gənc heyətlə mübarizə apardıq. Gənc futbolçularla nəticə qazandıq. Bu uşaqların çoxu növbəti seçmə mərhələ üçün U-21-ə namizəd futbolçulardır. Onların hansı vəziyyətdə olduqlarını, nə kimi çatışmazlıqları olduğunu gördük. Dediyim kimi, həm gənc futbolçular, həm də biz məşqçilər üçün yaxşı təcrübə oldu. Klublara və məşqçilərə hazırlıqlı futbolçular göndərdikləri üçün təşəkkür edirəm.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->