21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının seçmə mərhələsinin püşkü atıldı. Püşkün nəticəsinə əsasən, F qrupunda düşən millimizin rəqibləri İngiltərə, Ukrayna, Serbiya, Şimali İrlandiya və Lüksemburq oldu.
U-21-in baş məşqçisi Samir Əliyev Qaynarinfo-ya müsahibəsində final mərhələsi 2025-ci ildə Slovakiyada təşkil olunacaq AÇ-nin seçmə mərhələsindəki rəqiblər, qarşıdakı planlarla bağlı fikirlərini bölüşdü:
- Püşkün nəticəsinə münasibətiniz necədir? Necə hazırlaşacaqsınız?
- Nə deyə bilərəm, püşkdür, xeyirlisi olsun. Həmişəki kimi hazırlaşacağıq. Əvvəlki kimi hazırlıq görəcəyik. Nə fikirləşirəm? Heç nə, zamanı çatanda meydana çıxıb oynayacağıq.
- Son vaxtlar bu rəqiblərdən hansınınsa oyunlarını izləmək imkanınız olub?
- Yeni tsikl başlayacaq. Yeni nəsil gəlir. Ona görə də 21 yaşadək futbolçulardan ibarət bir çox yığmalar hələ indi-indi formalaşır. Biz necə formalaşırıqsa, digərləri də elədir. Martda və iyunda UEFA-nın "pəncərəsi” olacaq. Seçmə mərhələ isə sentyabrda başlayacaq. Martda və iyunda yoldaşlıq oyunları keçirməyi planlaşdırmışıq. O cümlədən rəqiblərimiz də oynayacaqlar. Artıq mart ayından başlayaraq rəqiblərin oyunlarını izləyib analiz etməyə başlayacağıq. Sentyabrda ilk oyunumuz Serbiyaya qarşı olduğu üçün, əsasən bu yığmanı izləyəcəyik. Hazırlığımıza gəlincə, açığı, güclü rəqiblər axtarırıq. Reytinqdə özümüzdən yuxarıda olsun ki, yoldaşlıq oyunlarında öz gücümüzü, hansı nöqtələr üzrə hazırlaşacağımızı anlayaq. Martda iki yoldaşlıq oyunu nəzərdə tutulub, rəqiblər, demək olar, təsdiqlənib. Tam rəsmiləşmədiyi üçün adlarını deyə bilməyəcəyəm. Amma reytinq baxımından bizdən yuxarıdadırlar. İyunda da ən azı iki oyun planlaşdırmışıq. Heç olmasa seçmə mərhələ başlayana qədər bir az təcrübə toplayaq. Bir də iki yeni sistem üzərində çalışacağıq. Taktiki planlarımız var.
- Cari tsikl üçün qarşıya hansısa məqsəd qoyulub? Hansı nəticələr tələb olunur?
- Bu gün reallığa baxanda durumumuz aydındır. Layiqli çıxış etmək istəyirik. Qarşımıza Avropa Çempionatının final mərhələsinə çıxmaq məqsədi qoyulmayıb. Layiqli o deməkdir ki, güclü rəqiblərdən mümkün qədər xal qoparaq.
- Futbolçu qıtlığından şikayət edirdiniz, indiki vəziyyətdə hansı nəticəni qazana bilərik?
- Hər bir məşqçi istəyər ki, milliyə dəvət alan futbolçular daim Premyer Liqada oynasın. Şikayət deməzdim, təəssüf hissi keçirirəm ki, bu gün U-21-ə 3-4 namizəd futbolçunun adını çəkə bilmirik. Buna təəssüflənirəm, nə şikyət edə bilərəm ki? Buna baxmayaraq, heç vaxt əlimizi-qolumuzu sallamırıq. Daha da həvəslə işləyəcəyik.
- Bu gün 21 yaşlı futbolçulara Premyer Liqada o qədər də çox güvənilmir, şans yaradılmır. Belə olan halda heyəti hansı şəkildə formalaşdırmaq niyyətindəsiniz?
- Yaşı 21-ə çatan futbolçular bu gün aşağı-yuxarı 45-50 nəfərdir. Onları tanıyırıq və kimin hazırlıq səviyyəsi yaxşı olsa, aralarından seçim edəcəyik. İstər funksional, istər taktiki-texniki, yaxud psixoloji cəhət olsun, kriteriyalara uyğun futbolçulara üstünlük verəcəyik. Bu yaş qrupu ilə işləmişəm, bilirəm. Yenə də 4-5 nəfər namizədimiz var. Baxdığımız futbolçuların əksəriyyəti Birinci Divizyonda oynayır. Bəziləri Premyer Liqa klubları ilə məşq etsə də, aşağı dəstədə çıxış edir. Başqa hardan formalaşdıra bilərəm ki? Xarici klublarda oyunçular təəssüf ki, yoxdur. Düzdür, xaricdə də axtarışlar edirik. Amma milli səviyyəsində olanlar barmaqla sayılası qədərdir, yəni, 1-2 nəfər.
- Oyunların təqvimi açıqlanıb, qane edir?
- Fərqi yoxdur, istər püşkatma, istər təqvim olsun, gileylənmək düzgün deyil. Xeyirlisi nədirsə, olsun. Əl-qolumuzu çırmalayıb həvəslə, istəklə hazırlaşacağıq. Ardıcıllıqla hər oyuna hazırlaşmalıyıq.
- Xaricdə təlim-məşq toplanışı nəzərdə tutulub?
- Ancaq UEFA-nın "pəncərə”si açıq olan vaxt mümkündür. Çünki klublardan futbolçu götürmək olmur. İstədiyim vaxt oyunçuları götürüb aparım xaricdə təlim-məşq toplanışı keçim, belə şey yoxdur. Bundan əlavə məşq etdinsə, sonda oyun keçirməlisən ki, məşqlərin nəticəsini görə biləsən. Üstəlik oyun keçirmək üçün rəqib də tapa bilmirsən. Çünki hər kəs məhz "pəncərə” açıq olanda oynayır. Əlbəttə, daha çox olmasını istəyərdik. Amma yenə də gileylənmirəm. Əsas odur ki, rəqib tapıb normal oyun keçirə bilək.
- Çox uzağa getməyək, ötən və ya ondan əvvəlki illərlə müqayisədə indi gənc futbolçuarla bağlı durum necədir? Artım var?
- Müqayisə aparmaq istəməzdim. Amma əvvəlki illərdə limit var idi. 8 klubun heyətində 21 yaşadək ən azı bir futbolçu oynamalı idi. Yəni əsas heyətdə ən azı 8 futbolçu olurdu. Üstəlik hər komandada bir-iki ehtiyat qüvvə də olurdu ki, həmin futbolçular zədələnəndə və ya qırmızı vərəqə ilə cəzalananda əvəzləsinlər. Bilirdin ki, bu futbolçular daim oynayır. Fərq bundadır. Başqa fərq görmürəm. İndi Premyer Liqada oynayan bəzi futbolçular var ki, vaxtilə limit olanda onlardan istifadə ediblər. Limitin faydası? Bunu tsikl bitəndən sonra nəticəyə baxıb görmək mümkündür. Limit olan vaxt millinin topladığı xaldan daha azını qazansaq demək ki, təsiri var. Daha çox xal toplasaq, deməli, ciddi təsiri yoxdur.
- Hazırda klublarda durum necədir? 21 yaşlı futbolçulara nə dərəcədə üstünlük verirlər?
- Özünüz də görürsünüz, çempionluğa, avrokuboklara oynayan klublarımız daha çox təcrübəli futbolçulara üstünlük verməyə çalışırlar. Çünki nəticə baxımından bu vacibdir. Premyer Liqada olan məşqçilər nəticə qazanmaq, özünü sübut etmək istəyir. Yəni, gənclərdən daha az istifadə edirlər. Çünki bir məşqçi ortaya nəticə qoymalıdır ki, onu qiymətləndirsinlər, dəyəri olsun. Futbolda nəticəyə baxıb qiymət verirlər.
- Bu məsələ ilə bağlı məşqçilərlə söhbətləşmək, müəyyən təkliflər etmək fikriniz ola bilərmi?
- Hər kəs özünü düşünür. Həm də biz deyə bilmərik ki, hansısa futbolçunu oynat. Çünki klubların öz strategiyası, məqsədləri var. Yenə də məşqçilərlə fikir mübadiləsi aparırıq. Onları da başa düşmək olar, çünki nəticə tələb olunur. Nəticə verməlidirlər ki, postlarında qalsınlar.
- Birinci Divizyon klublarında durum necədir? Oradakı futbolçuları izləyirsiniz?
- U-21-in məşqçilər korpusunu daha çox Birinci Divizyonda görə bilərsiniz. Bu, U-17, U-19-a da aiddir. Neçə illərdir belədir. Binədə, Lökbatanda oluruq. Şamaxıya da getmişik. Hansı meydançalarda oyun keçirilirsə, ora yollanırıq. Yuxarıda dediyim, 40-45 nəfər də elə bu klublarda oynayır. Yenə də ayaqlaşmaq lazımdır. Hətta Birinci Divizyondan gələn futbolçu da 60-70 faiz hazır olmalıdır ki, məşqçi ona şans yarada bilsin. Bundan əvvəl İsveç, Macarıstan kimi güclü rəqiblərlə oynamışdıq. Onlar sürəti bir balaca artıran kimi səviyyə fərqi görünürdü. Sürətli olmalısan, topu ram etməlisən.
Səbuhi Həsənov
Şərhlər