Məşhur UFC döyüşçüsü Rafael Fiziyevin (Feyziyev) əslən Azərbaycanın Biləsuvar rayonu ilə bağlılığı müəyyən olunub. O, ölkə telekanallarından birində qonaq olarkən, atasının əslən biləsuvarlı olduğunu demişdi:
"Atam əslən biləsuvarlıdır. Bu yaxınlarda qohumlarım söhbət zamanı mənə bildirdilər ki, Milli Qəhrəmanımız, şəhid Mübariz İbrahimov da biləsuvarlıdır. Mənim üçün bu həqiqətən də böyük fəxrdir. Fəxr edirəm ki, həmin bölgədənəm və mənim əslim ordandır".
Onun bu sözləri sözsüz ki, tamaşaçıların marağına səbəb olub. Bu maraqdan irəli gələrək "Report"un Muğan bürosunun əməkdaşı onun Biləsuvarla qohumluq əlaqələrini araşdırıb.
Belə ki, R. Fiziyevin atası Feyziyev Salman Əliabbas oğludur. Ulu babası Kazım 1930-cu illərdə Qazaxıstana sürgün edilib.
Feyziyevlər ailəsi sürgün olunanadək Biləsuvarda həmin dövrdə İran sərhədi istiqamətində yerləşən Qriboyedovka kəndində yaşayıblar.
Kazım kişi ömrünün sonunadək Qazaxıstanda yaşayıb və orada vəfat edib. Onun 10 övladı olub. Məhz Rafael də onun 10 övladından biri Əliabbasın nəvəsidir. R.Fiziyevin atası Salman yaşadıqları ölkədə hüquq-mühafizə orqanlarında çalışıb.
Hazırda Feyziyevə Biləsuvarda qohumluğu çatan ailələr çoxdur.
Qeyd edək ki, 1993-cü ildə Qazaxıstanda doğulan R.Fiziyev sonralar Qırğızıstana köçmüş və orada Polis Akademiyasında təhsil alıb. İdmana olan sevgisi, onu peşəkar idmançı kimi formalaşdırıb.
"Ataman" ləqəbli Rafael Fiziyev UFC-də keçirdiyi son 6 döyüşündə rəqiblərə qalib gələrək yüngül çəkidə kəməri qazanmağa əsas namizədlərdən biri olub. O, ötən ayın 9-da braziliyalı Rafael dos Anjosla döyüşə ilk dəfə Azərbaycan təmsilçisi kimi çıxıb.
Şərhlər