Xəbər lenti

Məşhur erməni futbolçudan Azərbaycana qarşı təxribat - AFFA UEFA və FİGC-ə müraciət edəcək
İdman 13:40 16.01.2023

Məşhur erməni futbolçudan Azərbaycana qarşı təxribat - AFFA UEFA və FİGC-ə müraciət edəcək

Ermənilər hər yerdə olduğu kimi futbolda da öz çirkin əməllərindən əl çəkmir, erməni xislətini növbəti dəfə nümayiş etdirirlər. İtaliyanın "İnter” klubunun erməni futbolçusu Henrix Mxitaryan da yenidən sevimli təxribatlarına davam edir.

"Report”un məlumatına görə, Milan təmsilçisinin telekanalında yayımlanan bir rubrikada özü haqqında danışan Mxitaryan haralı olması ilə bağlı suala cavab verərkən bunu xəritədə göstərmək qərarına gəlib. Bunun üçün isə o, Ermənistanın və Azərbaycan ərazisinin bir hissəsini çəkib.

Dünyada heç bir dövlət, hətta Ermənistanın özü tərəfindən belə tanınmayan qondarma "Dağlıq Qarabağ Respublikası”nı öz ölkənin bir hissəsi kimi qeyd etmək yumşaq desək, qonşu dövlətin ərazi bütövlüyünə hörmətsizlik, beynəlxalq hüquqa, həmçinin idman "fair-play” qaydalarına zidd hərəkət, hətta tərbiyəsizlikdir.

Əslində mənfur qonşularımızdan bundan artıq nəsə gözləmək də absurddur. İstər futbolçu, istər siyasətçi, istər jurnalist, istərsə də erməni millətindən olan hər hansı adi vətəndaş - o qədər yalanlara, xülyalara, boş fikirlərə aludə olublar ki, istənilən sferada yalançı patriotizm duyğularını bu şəkildə, başqalarının hüquqi ərazilərinə "təcavüz” etməklə ifadə edə bilirlər.

Maraqlıdır ki, bu, ilk belə hal, Milan "İnter”i Mxitaryanın tələsinə düşən ilk klub deyil. O, daha əvvəl də öz "qədim” cəfəngiyyatını çıxış etdiyi böyük klubların çoxmilyonlu azarkeş bazasından istifadə edərək pis bir qoxu kimi yaymağa, insanların beyinlərini qarışdırmağa çalışıb. Bu, İngiltərə "Arsenal”ı, Almaniya "Borussiya”sı (Dortmund), hətta İtaliyanın digər təmsilçisi "Roma”da çıxış edərkən də müşahidə olumuşdu.

Görünür, xam xəyallarla və böyük ümidlərlə Şuşada tikdirdiyi villası üçün darıxan Mxitaryan işğal azad etdiyimiz torpaqlarımızda təpəsinə dəyən "Dəmir yumruq”dan o qədər sərsəmləyib ki, nostalgiyadan ayıla bilmir.

Təxribatçı futbolçunun vətənimizin ərazisinə növbəti dəfə təcavüzünə azərbaycanlı internet istifadəçiləri də sərt reaksiyalar veriblər. Amma bununla iş bitmir. Mütləq şəkildə rəsmi olaraq həm FIFA və UEFA-ya, həm İtaliya Futbol Federasiyasına, həm də "İnter” klubuna rəsmi xəbərdarlıq olunmalı, bu gülünc video təcili klubun səhifələrindən silinməli, rəsmi olaraq üzr istənməlidir. Dövlət olaraq çox yaxşı münasibətlərimizin olduğu İtaliya səfirliyinə də bu barədə məlumat vermək olar.

Məsələ ilə bağlı müraciət etdiyimiz idman hüquqşünası Fərid Haqverdiyev bildirib ki, həm FIFA, həm də UEFA tərəfindən bütün ölkələrdən, klublardan tələb olunur ki, bir-birilərinin ərazi bütövlüklərinə və mədəniyyətlərinə, inanclarına hörmət etsinlər: "Eyni zamanda FIFA-nın Nizamnaməsində qeyd olunur ki, qurum üzv assosiasiyalar, konfederasiyalar, klublar, rəsmilər və oyunçular arasında dostluğu təşviq edir. Rəsmi olaraq bu qurumlara müraciət edərək "İnter” klubundan üzrxahlıq, paylaşımın silinməsi və ya nəsə bu fonda tələblər irəli sürmək olar. Bəlkə də bunun hansısa bir nəticəsi olmayacaq, amma istənilən halda ermənilərin digər sferalarda növbəti təxribatlarının qarşısını almaq və məsələnin bizim üçün həssaslığını göstərmək üçün bunu etmək lazımdır”.

AFFA-dan da növbəti erməni təxribatına münasibət öyrəndik. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Firuz Abdulla "Report”a açıqlamasında qeyd edib ki, məsələ barəsində AFFA-nın məlumatı var: "Artıq müvafiq prosedurların həyata keçirilməsinə başlanılıb. Zəruri hüquqi sənədlər hazırlanaraq gün ərzində UEFA-ya və İtaliya Futbol Federasiyasına (FİGC) müvafiq müraciət ünvanlanacaq”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->