Nəsimi rayonu "Məşədi Dadaş” məscidinə yeni din xadiminin təyinatı barədə Hacı Şahin Həsənlinin 40 mərasimindən sonra açıqlama veriləcəyi bildirilmişdi.
Bu gün axşam "Məşədi Dadaş” məscidində Hacı Şahin Həsənlinin 40 mərasimi keçiriləcək.
"Məşədi Dadaş” məscidinə imam təyinatı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verdiyimiz sorğuya cavab olaraq komitənin şöbə müdiri Cahandar Əlifzadə oxu.az-a açıqlamasında bildirib ki, din xadimlərinin təyinatı "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun aparılır:
"Həmin qaydaya əsasən, din xadimlərinin təyinatı Dövlət Komitəsi tərəfindən təşkil olunan müsahibə və ya rotasiya vasitəsilə mümkündür. Qeyd olunanlara əsasən, "Məşədi Dadaş” məscidinin imamı vəzifəsinə təyinatın rotasiya qaydasında həyata keçirilməsi nəzərdə tutulub. Hazırda bir neçə namizəd barədə fikir mübadiləsi aparılır. Təyinat barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Sözügedən məscidə Hacı Ramil Bədəlovun imam təyin ediləcəyinə dair yayılan məlumatlara isə Cahandar Əlifzadə belə cavab verib:
"Ramil Bədəlovun hansısa məscidə imam təyin olunması məsələsinə isə yalnız həmin şəxs sözügedən müsahibədən keçdikdən sonra baxıla bilər. Dövlət Komitəsi 2022-ci ilin may və oktyabr aylarında məscidlərdəki vakant vəzifələrə müsahibə elan edib. Lakin R.Bədəlov həmin müsahibələrdə iştirak etmək üçün sənədlərini təqdim etməyib”.
Şərhlər