Almaniyanın keçmiş kansleri Angela Merkel aprelin 17-də keçiriləcək mərasimdə ölkənin ən yüksək mükafatlarından biri olan "Xidmətlərə görə” Federal xaçla təltif olunacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə ilk olaraq Stern nəşri yazıb, bundan sonra keçmiş kanslerinin ofisi məlumatı DPA agentliyinə
təsdiqləyib.
Federal xaç Almaniyanın "Xidmətlərə görə” fəxri ordeninin xüsusi formasıdır. İndiyədək bu mükafata yalnız iki nəfər layiq görülüb - Almaniyanın keçmiş kansleri Konrad Adenauer (1954-cü ildə) və Helmut Kol (1998-ci ildə).
Merkelin mükafatlandırma mərasimi Almaniya prezidenti Frank-Valter Ştaynmayerin rəsmi iqamətgahı olan Bellevue sarayında baş tutacaq və o, keçmiş kanslerə Federal xaçı təqdim edəcək.
"Stern” nəşrinin məlumatına görə, tədbirə Merkelin keçmişdə rəhbəri olduğu CDU/CSU blokunun hazırkı rəhbərliyi deyil, onun əri Yoahim Zauer, onun hökumətlərinin keçmiş nazirləri, hazırda İsraildə səfir vəzifəsində çalışan keçmiş məmur Şteffen Zaybert və onun yaxın çevrəsindən bir neçə başqa adam dəvət olunub.
Həmçinin, Avropa Komissiyasının sədri Ursula von der Lyanenin dəvət edilməsi ehtimalı nəzərdən keçirilir, lakin bu, hələlik qəti qərar deyil, - Stern yazır.
Angela Merkel 2005-2021-ci illərdə seçilməklə Almaniyanın Federal Kansleri postunu tutan ilk qadın olub. İşlədiyi müddətdə o, Avropanın və dünyanın ən nüfuzlu siyasətçilərindən biri hesab olunurdu.
Lakin Ukraynanın genişmiqyaslı işğalından sonra Merkel Rusiyaya qarşı ”sakitləşdirici” siyasətinə, Rusiya qazından asılılığını artırdığına və vəzifədə səhvlərini etiraf etmədiyinə görə tənqid atəşinə tutulub.
Nizami Bağırov
Şərhlər