Xəbər lenti

Mediamızı necə xilas edək? - Müzakirəyə açıq yazı
Zahir Əzəmət
Ölkə 15:22 11.04.2022

Mediamızı necə xilas edək? - Müzakirəyə açıq yazı

Zahir Əzəmət

Az qala hər gün onlayn media haqqında müxtəlif şikayətlər eşidirik. Şikayətçilər arasında həm media mütəxəssisləri, həm ekspertlər, həm ictimai və sosial şəbəkə fəalları, həm də sıravi oxucular var: Filan xəbər niyə verildi və ya verilmədi, necə təqdim edildi, nə olar-nə olmaz kimi tənqidlər, iradlar... 

Bir çoxu da haqlıdır. Amma problem daha dərindədir.

Yetərincə kadr yoxdur, azsaylı keyfiyyətli kadrları cəlb etmək üçün yetərli maliyyə vəsaiti yoxdur, maliyyə vəsaitini cəlb edə biləcəyimiz başlıca mənbə - reklam bazarı ölüdür. İnnnovativ yeniliklər tətbiq etmək, maddi-texniki bazanı yeniləmək və gücləndirmək-  bütün bunlar pul deməkdir.

Bəs aparıcı dünya mediaları bu problemi necə həll edir?

Məsələn, "The New York Times" (NYT) 2020-ci ildə onlayn resursundan 2 milyard ABŞ dollarına yaxın gəlir əldə edib. 2021-ci ilin rəqəmləri hələ açıqlanmasa da, abunəçilərinin sayındakı artım tendensiyası gəlirin təxminən daha 20-30 faiz artdığını göstərir.

Əlbəttə, NYT bu rəqəmlərə birdən-birə nail olmayıb. 2010-cu ildən "Öncə dijital, öncə abunə" sloqanı ilə start götürən bir dijital yenilənmə ilə uzun bir yol keçdilər. O zaman bu proses başlayanda NYT-nin qəzetli-onlayn resurslu təxminən 500 min abunəçisi vardı. Bu gün isə abunəçilərinin sayı 10 milyona çatır! NYT hər il onlayn resursundakı açıq mətnlərinin sayını azaldır. Məsələn, ötən il gündə cəmi 20 material hər kəsə açıq idisə, bu ilin 1 yanvarından bu rəqəm 10-a endirilib. Halbuki NYT günlük ortalama 250 material dərc edir. 

NYT artıq bir standartdır, keyfiyyətdir, oxucu isə bu yüksək standartı dəstəkləmək və daha keyfiyyətli material oxumaq üçün hər ay pul ödəməyə razıdır! Çünki ABŞ-da yalnız media yox, artıq oxucu da formalaşıb! Artıq oxucunun da bəlli standartları var! O hansı informasiya resursunu oxuyacağı ilə bağlı artıq seçimini edib və onu könüllü olaraq dəstəkləyir!

Ciddi böhran içində olan "The Washington post" qəzetini "Amazon" şirkəti 2013-cü ildə 250 milyon ABŞ dollarına satın alandan sonra onlar da dijitallaşmada sıçrayış etdilər. Artıq 3 milyondan artıq abunəçiləri var və sürətlə bu icmanı böyütməkdə davam edirlər.

Eyni şəkildə "The Wall Street Journal" da Murdokun (2007-ci ildə satın aldı) sahibliyi ilə yeni mərhələyə uğurla keçid etdi. Onların da abunə sayı 3 milyonu keçib. ...

Siyahını uzatmadan, onu qeyd edim ki, ötən ilin dekabrında "Usa Today" nəşri dijital yayımçılığa keçmə qərarı verən son ABŞ media nəhəngi oldu. 

Bu qərarı gecikdirən bir çox məşhur nəşrlər isə batdı. "Batan gəmi"lərə vaxt ayırmadan əlavə edim ki, artıq Avropanın böyük nəşrləri də dijitallaşma yolunu tutub. 

Deyə bilərsiniz ki, bizi onlarla müqayisə etmək yanlışdır, imkanlar, peşəkarlıq, ingilisdilli auditoriyanın genişliyi və s. Amma razılaşmıram. Müstəqillik illərində qəzetlərimizin on minlərlə tirajı vardı, 40 min, 60 min, 80 min tirajları gördük. Bu gün aparıcı online medialarda da bu tirajı yaxalayanlar var. Yəni bizim timsalda, söhbət milyonluq abunə-tiraj yığmaq xəyal olardı. Amma minlər, onminlər zamanla mümkün ola bilər.

Əslində, məntiq sadədir. Məsələn, bir vaxtlar Azərbaycanda gündəlik qəzetləri (ayda 20-25 dəfə) oxumaq üçün on minlərlə oxucu ayda ortalama 10 manat xərcləyirdimi? Bəli, xərcləyirdi. Nəticədə qəzetlər arasında bazar və oxucu üstündə rəqabət yaranırdı. Oxucular da eyni şəkildə qruplara ayrılmışdı: "Yeni Müsavat" oxuyanlar, "Şərq", "Azadlıq", "Avropa", "Ayna", Alma" oxuyanlar və s.

Qəzetlər bir-birindən bir çox aspektdən fərqlənirdi. Elə oxucuları da...

Sonra nə baş verdi?

Azərbaycanda onlayn mediaya keçid öncə bu rəngarəngliyi itirdi. Bir-birindən kopyalanan xəbərlər,  başlıqlar ekklüzivliyi, orijinallığı, bu kimi bütün fərqlilikləri məhv etdi. Qəzetlərdən fərqli olaraq, onlayn mediada hər şeyin daha sürətli baş verməsi, redaktorların gənc kadrları yetişdirməyə vaxt ayırmasını əngəllədi. Araşdırma, reportaj və hətta müsahibə janrları qəhətə çıxdı...

Bu da nəticəsi...

Aprelin 25-də Qaynarinfo-nun 15 yaşı tamam olur. Bir ildən artıqdır ki, üzərində böyük əmək və resurs sərf etdiyimiz yeni, həm də dijitallaşmış platformamızı bu günlərdə istifadəyə verəcəyik. Qaynarinfo-nun yeni platforması yuxarıda sadaladığım bir çox problemlərin həlli yolu istiqamətində çıxış yolu təklifidir.

Artıq yeni dəyər və prinsiplərimizi, fəaliyyət standartlarımızı müəyyənləşdirmişik. Hədəf kütləmiz daha konkret olacaq. Bütün bunları əhatə edən "Media Kodeksi"miz hazırlanıb və açıq şəkildə saytda yerləşdiriləcək. Bir çox premium funksiyalar, interaktivlik, fərqli abunəlik metodları və s. 

Təbii ki, məzmunun səviyyəsi də yüksəlməli, daha peşəkar mətnlər təqdim edilməlidir. Bütün imkanlarımızı maksimum səfərbər etmişik, hazırlaşırıq...

Yaxın günlərdə bu haqda danışmağa hələ çox vaxtımız olacaq...

Amma sual yaranır: oxucu, cəmiyyət buna hazırdırmı? Ümumiyyətlə, oxucu özü "nə istəyirəm" sualına cavab tapa bilibmi? Necə bir media istəyir? Arzuladığı medianın formalaşması üçün ayda 5-6 manatından keçməyə hazırdırmı? 

Bu sualların cavabı hələ aydın deyil, amma bir şeyə dəqiq əminəm, başqa yol yoxdur: ya yenilənməli, ya da batmalıyıq!

Geri sayım başladı...

(Müzakirə üçün sizi sosial şəbəkədəki paylaşıma dəvət edirəm)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->