"Bütün bunlar Emmanuel Makronun bir siyasətçi kimi artıq tükəndiyinin göstəricisidir".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Fransa prezidenti Emmanuel Makronun yeni hökumətin təşkili istiqamətində uğursuz fəaliyyətini şərh edərkən deyib.
Onun fikrincə, Makron Fransanın xarici və daxili siyasətində ekstravaqant vəziyyət yaradıb. Deputat həmçinin Makronun bir siyasətçi kimi artıq tükəndiyini də bildirib:
"Fransa prezidenti xarici siyasətdə ölkəsini ekstravaqant vəziyyətə saldığı kimi, daxili siyasətdə də eyni vəziyyət yaradıb. Sağçıların siyasi sistemdə daha çox nüfuz sahibi olmasına baxmayaraq, Makronun sol dünyagörüşlü şəxsi baş nazir təyin etməyə cəhd göstərməsi çoxluq tərəfindən etirazla qarşılanır. Beləliklə, xarici siyasətdə Makronun qütbləşməyə xidmət edən ziddiyyətli siyasəti eyni şəkildə daxili siyasətdə də baş verir. Daxili siyasətdə də qütbləşmə özünü göstərir. Onun da nəticəsində sağçılarla solçular arasında ziddiyyətlər dərinləşir. Şübhəsiz ki, belə vəziyyət Fransanın lehinə ola bilməz. Makron xarici və daxili siyasətdə yol verdiyi yanlışları ilə Fransanı bir yol ayrıcına gətirib çıxarıb. Belə olan vəziyyətdə ictimai-siyasi rəyi qane edəcək baş nazirin tapılması çətinləşir. Bütün bunlar Makronun bir siyasətçi kimi artıq tükəndiyinin göstəricisi sayıla bilər".
Qeyd edək ki, "Le Figaro” nəşrinin yazdığına görə, Fransa Sosialist Partiyasının birinci katibi Olivye For və Ekoloqlar Partiyasının milli katibi Marin Tondelye prezident Emmanuel Makronla görüşməkdən imtina ediblər. Bundan əvvəl Fransa prezidenti solçu parlament blokunun təklif etdiyi Lüsi Kasteni baş nazir təyin etməkdən imtina edib.
"Mən demokratiya parodiyasında iştirak etməkdən imtina edirəm" deyən For sosialistləri sona çatan makronizmin köməkçiləri etmək istəmədiyini vurğulayıb.
Marine Tondelye də Makronla yeni məsləhətləşmələrdə iştirak etməmək qərarına gəlib. "O, baş məşqçi kimi fantaziyalarını həyata keçirə bilsin deyə biz artıq onunla görüşmək fikrində deyilik", deyə siyasətçi bildirib.
Öz növbəsində, baş nazir postuna namizədliyi Makron tərəfindən rədd edilən Lüsi Kaste də yeni məsləhətləşmələr aparmaqdan imtina etdiyini açıqlayıb.
Xatırladaq ki, Makron avqustun 23-də baş nazir təyinatı ilə bağlı siyasi partiyalarla məsləhətləşmələrə başlayıb. Amma bu günə qədər prosesdə irəliləyiş yoxdur. Konstitusiyaya görə, Makron gələn yaya qədər parlamenti buraxa bilməz.
Rüfət Sultan
Şərhlər