Xəbər lenti

Macarıstanın Azərbaycanla Ermənistana təklifi: Hədəf nədir?
Siyasət 12:02 11.09.2024

Macarıstanın Azərbaycanla Ermənistana təklifi: Hədəf nədir?

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məkanına çevrilməyi arzu edən dövlətlər bununla özlərinin geosiyasi əhəmiyyətini qaldırmağı hədəfləyirlər".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Qazaxıstanın ardınca, Macarıstanın da, lap əvvəldən isə Gürcüstanın Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması məkanına çevrilmək istəklərini şərh edərkən deyib. 

"Hazırda dünyada müxtəlif münaqişələr mövcuddur və onların çözülərək sülhlə nəticələnməsi ən böyük problemdir. Ukrayna ilə Rusiya, habelə İsraillə HƏMAS arasında gedən müharibəni dayandırmaq mümkün olmur. Belə bir vəziyyətdə uzunmüddətli münaqişələrdən olan Azərbaycan-Ermənistan münaqişəsinin çözülməsi və sülh müqaviləsinin imzalandığı məkana çevrilmək hər bir dövlət üçün prioritetdir. Çünki bu bir tarixdir. Bu tarixi imzaların atıldığı məkana çevrilmək hər bir dövlət üçün üstünlükdür. Ona görə ki, həmin anda bütün dünyanın diqqəti sülh müqaviləsinin imzalandığı məkana cəlb olunur. Eyni zamanda, həmin dövlətin geosiyasi əhəmiyyətini artırır", deyə Natiq Miri bildirib.
 


Ekspertin fikrincə, Macarıstanın bu təkliflə çıxış etməsi dolayısı ilə Avropa İttifaqının marağına da uyğun davranışdır:

"Rusiya sülh müqaviləsinin öz ərazisində imzalanmasını istəyir. Çünki Moskva 2020-ci ilin noyabrın 10-da münaqişəni dayandıran bir ölkədir. İndi isə situasiya fərqlidir. Lakin bu Rusiyanın vasitəçilik missiyasından imtina etməsi anlamına gəlmir. Digər tərəfdən, Gürcüstan da öz əhəmiyyətini artırmaq üçün belə bir məkana çevrilmək istəyir. Macarıstan isə Aİ ölkəsidir. Bu mənada sülh sazişi Budapeştdə imzalanarsa, bu, Macarıstanla bərabər, həm də Avropa Birliyinin hesabına yazılacaq siyasi uğur olacaq".

Həmsöhbətimizə görə, Aİ-nin üzvü olmasına görə, Budapeştin bu təklifi hər iki ölkə üçün cəlbedici ola bilər:

"Bakı Macarıstana dost dövlət kimi baxır. Bu ölkə Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür. Macarıstan variantı İrəvan üçün də uyğundur. Macarıstan Ermənistan cəmiyyəti üçün arzuolunan məkan olmasa da, Aİ-nin üzvü olduğundan İrəvan da ona razılıq verə bilər. Macarıstan sülhün imzalandığı məkana çevrilməklə Aİ rəhbərliyi tərəfindən ona yönəlik tənqidlərin üstündən də xətt çəkə bilər".

Qeyd edək ki, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak etdiyi "İrəvan dialoqu" forumunda Budapeştin Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanacağı məkan ola biləcəyinə işarə vurub. 

"Mənim hər iki tərəflə son danışıqlarım zamanı belə bir variant da nəzərdən keçirildi ki, Budapeşt sülh sazişinin imzalanacağı məkan ola bilər. Hesab edirəm ki, bu, göstərə biləcəyimiz mühüm yardımdır", deyə nazir bildirib.

Xatırladaq ki, son günlər Bakı ilə İrəvan arasında danışıqlarda məkan olmaq istəyən ölkələr sanki sıraya düzülüblər. Bir neçə gün əvvəl Qazaxıstan Prezidenti Tokayev Azərbaycan Prezidenti Əliyevlə telefon danışığında bu istəyi ifadə edib. İndi də Macarıstan XİN rəhbəri anoloji fikiri səsləndirib. Xeyli əvvəl isə Gürcüstan prosesdə məkan rolunu önə çıxarıb. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->