Böyük Britaniyanın xarici işlər naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni Baş naziri seçilib. Sentyabrın 5-də Mühafizəkarlar Partiyasına yeni lider seçkisi keçirilib. Siyasi təşkilatın sədri vəzifəsi uğrunda Liz Trass və paytaxt Londonun meri Rişi Sunak mübarizə aparıb. Səsvermənin yekununda L.Trass qalib gəlib.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Liz Trassın fəaliyyətində bəzi korrektlərə gedəcəyini istisna etməsə də, onun da ölkənin ənənəvi xarici siyasət kursunu davam etdirəcəyini deyir:
"Yeni baş nazirin hansısa bir davranışı və jestləri fərqli ola bilər. Amma mahiyyətcə Böyük Britaniyanın dövlət siyasəti baş nazirə görə dəyişmir.Hər gələn baş nazir müəyyən korrektlər, dəyişikliklər edir. Lakin bütövlükdə ölkənin öz xarici siyasət ənənəsi var. Əminəm ki, Liz Trass bu kursu davam etdirəcək. Ona görə də onun gəlişilə Londonun siyasətində ciddi dəyişikliyin olacağını gözləmirəm. Ukrayna məsələsində Trassın daha sərt mövqe sərgiləyəcəyi, yaxud da geri çəkiləcəyini də indidən söyləmək çətindir. Amma ümumi xətt ondan ibarətdir ki, London Ukrayna məsələsində fəaliyyətini ABŞ-la kordinasiyalı şəklində davam etdirəcək”.
Deputatın fikrincə, yeni baş nazirin zamanında da Azərbaycan-İngiltərə münasibətləri sabit şəkildə qalacaq:"Dəyişən böyük bir proses olmayacaq. Necə vardısa, elə də davam edəcək. Çünki bp ilə Bakının münasibətləri normaldır. Bu da öz təsirini dövlət siyasətində göstərir”.
Rüfət Sultan
Şərhlər