Liviyada güclü Aralıq dənizi qasırğasının yaratdığı daşqınlar nəticəsində minlərlə insan ölüb, ən azı 10 min insan itkin düşüb.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, qasırğa bəndləri və binaları uçurub, həmçinin Deren şəhərinin 1/4-ni dağıdıb.
Şəhərin baş həkiminin sözlərinə görə, 2000-dən çox insan ölüb, Liviyanın şərqindəki rəsmilər isə 5300-dən çox insanın öldüyünü bildirir.
Təxminən 125,000 əhalisi olan Derna şəhərində "Reuters" müxbirləri dağıdılmış məhəllələri, binalarının su altında qaldığını, palçıq və dağıntılara bürünmüş avtomobillərin aşdığını görüblər.
Xəstəxanalardan birinin direktoru agentliyə bildirib ki, şəhərin iki rayonundan birində 1700, digərində isə 500 nəfər ölüb.
"Reuters" jurnalistləri xəstəxananın dəhlizlərində yerdə uzanmış çoxlu cəsədlər barədə də məlumat verirlər. Ölüləri bura gətirirlər, sağ qalanlar isə onların üzlərinə baxaraq itkin düşən ailə üzvlərini müəyyənləşdirməyə çalışırlar.
"Cəsədlər hər yerdə - dənizdə, dərələrdə, binaların altında yatır. Şəhərin 25%-nin yoxa çıxdığını desəm, şişirtmiş olmaram. Çoxlu binalar dağılıb", deyə mülki aviasiya naziri bildirib.
Digər şərq şəhərləri, o cümlədən Liviyanın ikinci böyük şəhəri Benqazi də qasırğadan zərər çəkib. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndə heyətinin rəhbəri Tamer Ramazan ölənlərin sayının çox olacağını bildirib.
"Müstəqil məlumat mənbələrimizdən təsdiq edə bilərik ki, hazırda itkin düşənlərin sayı 10 minə yaxınlaşır”, deyə o, jurnalistlərə bildirib.
Liviyada fəlakət güclü "Daniel" qasırğası nəticəsində baş verib. Şiddətli yağışlardan sonra daşqınlar başlayıb. Bölgələrin birində bənd dağılıb, nəticədə su daha da güclə sıçrayaraq yaşayış binalarını basıb. Təbii fəlakət nəticəsində su bütün məhəllələri yuyaraq dənizə aparıb. Liviya hakimiyyəti fövqəladə vəziyyət elan edib, məktəbləri və mağazaları bağlayıb, komendant saatı tətbiq edib.
Aydın
Şərhlər