Xəbər lenti

Kremlin yeni ideologiyası nəyə xidmət edir? (ŞƏRH)
Dünya 13:36 29.01.2024

Kremlin yeni ideologiyası nəyə xidmət edir? (ŞƏRH)

"Moskvanın "rus dünyası" ideologiyasından əl çəkməsi produktiv yanaşmadır və ondan ayrılmaq bəlkə də Moskvanın yaxın qonşularla konstruktiv əlaqələr qurması deməkdir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun Moskvanın "rus dünyası" ideologiyasının təbliğindən imtina etməsi və əvəzində Rusiyanı "qlobal nasizmə qarşı döyüşən ölkə" kimi təqdim etməyə başlamaları barədə təhlilini şərh edərkən deyib: 

"Rus dünyası" ideyasından əl çəkmələri yaxşı haldır. Son vaxtlara qədər hətta Putin tərəfindən belə keçmiş sovet respublikalarında rus dili və mədəniyyətinin inkişafı, vahid informasiya məkanı kimi ideyalar səslənirdi. Birdən-birə bundan imtina etmələri maraqlı vəziyyətdir. Hesab edirəm ki, produktiv yanaşmadır. Çünki "rus dünyası" deyiləndə vaxtilə Sovet İttifaqına daxil olan ölkələr nəzərdə tutulurdu. Ondan ayrılmaq isə bəlkə də Moskvanın ətraf, yaxın qonşularla konstruktiv, normal əlaqələr qurması deməkdir". 
 


Ekspert bildirib ki, Kremlin "rus dünyası" ideologiyasından imtinası müəyyən dərəcədə etimad yaradır:

"Çünki onun arxasında Sovet imperiyasının bərpası ideyasının kölgəsi görünür".

Həmsöhbətimiz qeyd edir ki, Kremlin "Qlobal nasizmə qarşı döyüşən ölkə" ideologiyasını önə çəkməsi isə Ukrayna müharibəsilə bağlıdır və Qərb ideologiyasına qarşı kontr addımdır:

"Bu müharibə başlayanda Rusiya onu nasizmlə mübarizə adı ilə gündəmə atdı. Kremlin düşüncəsilə Ukraynanı müdafiə edənlər də nasizm  tərəfdarlarıdır. Rusiya da dəfələrlə bəyan edib ki, Ukrayna ilə deyil, NATO ilə savaşır. Digər tərəfdən, hazırda II Dünya müharibəsinin tarixi, ideoloji reviziyası baş verir. Qərbdə Rusiyanı faşist Almaniyası ilə eyni tərəziyə qoymaq cəhdləri mövcuddur. Moskva isə özünü bu ideyaya qarşı çıxan ölkə kimi təqdim etmək istəyir". 

Ekspert deyib ki, Azərbaycan üçün Rusiyanın öz ideologiyasında dəyişiklik etməsinin heç bir aydiyyatı yoxdur:

"Azərbaycanda nasizm ideologiyası zərrə qədər də olsa, kök salmayıb. Azərbaycan tolerant ölkədir. Bu problem Ermənistandadır. Onların Nijde  ideologiyası faşist ideologiyasıdır".

Qeyd edək ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) gəldiyi son təhlil nəticələrinə görə, Rusiyanın siyasi elitası "rus dünyası"  ideologiyasının təbliğindən imtina etmək qərarına gəlib. Əvəzində Rusiyanı "qlobal nasizmə qarşı döyüşən ölkə" kimi təqdim etməyə başlayıblar. Amerikalı analitiklərin fikrincə, "rus dünyası" ilə yanaşı, yeni ideologiya da Rusiyanın qonşu ölkələrə qarşı imperiya və ya ərazi iddialarını əks etdirir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->