Ukraynanın "səhnə”, Rusiya hakimiyyətinin isə Vladimir Putinə sui-qəsd adlandırdığı dronlarla Kremlə edilən hücumdan sonra Rusiya hərbçiləri taktiki nüvə silahından istifadəni məşq ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Qərb Hərbi dairəsinin mətbuat xidməti məlumat
yayıb.
Çərşənbə günü Kalininqrad vilayətində "İsgəndər” komplekslərinin təlimləri keçirilib. Qərb Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatına görə, həm qanadlı, həm də ballistik raketləri, o cümlədən nüvə başlığına malik raketləri vurmağa qadir olan "İsgəndər”lər "elektron təkli və qrup atışları həyata keçiriblər”.
Hədəflər "şərti düşmən”in raket buraxılışı qurğularını, aerodromları, hərbi texnikanı və komanda məntəqələrini imitasiya edən hədəflər olub.
Raketçilər mövqe bölgəsinə "gizli irəliləyiş həyata keçiriblər" və sonra "İskəndər”lərin cavab zərbəsi altından çıxarılmasını işləyiblər, təlimlərə görə, cavab zərbəsi nüvə zərbəsi də ola bilər. Rusiya Müdafiə nazirliyi bildirib ki, zərbələrdən sonra Baltik donanmasının ekipajları "ərazinin radiasiya və kimyəvi çirklənmə şəraitində hərəkətlərini davam etdiriblər".
Manevrlərə 100-ə yaxın hərbçi, 20-yə yaxın hərbi və xüsusi texnika cəlb olunub.
Qeyd edək ki, Moskvanın terror hücumu kimi qiymətləndirdiyi PUA hücumundan sonra Kreml Kiyevi "cavab tədbirləri” ilə hədələyib. Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Kiyev terror rejimini dayandıra və məhv edə biləcək silahlardan istifadənin” zəruriliyini bəyan edib, deputat Oleq Morozov isə düşməni "ölümcül cəzalandıracaq” zərbəyə çağırıb.
Ruisya prezidentinin sözçüsü Dmitri Peskov cümə axşamı aydınlaşdırıb ki, yalnız ölkənin maraqlarına cavab verən "düşünülmüş” addımlardan danışmaq olar. O əlavə edib ki, Kremldəki prezident iqamətgahına hücum qərarı ABŞ-da verilib və Ukrayna yalnız onun icraçısıdır.
ABŞ Milli Kəşfiyyatın direktoru Avril Haynes Konqresdəki dinləmələrdə bildirib ki, nüvə şantajına baxmayaraq, Rusiyanın nüvə silahından istifadə etməsinin real ehtimalı "çox aşağıdır”.
"İsgəndər”lərin bəyan edilmiş uçuş məsafəsi 500 km-dir. Bu, onlara Kalininqrad vilayətindən Qərbi Ukraynanı, Polşanı, Estoniyaya qədər bütün Baltikyanı ölkələrini əhatə etməyə, İsveç və Şərqi Almaniyaya, o cümlədən Berlinə çatmağa imkan verəcək.
Birləşmiş Ştatlar isə hesab edir ki, kompleksin raketlərindən biri olan 9M729 daha uzaq məsafəyə uçmağa qadirdir və Qərbi Avropa ölkələrini təhdid edir. Buna görə də Vaşinqton 2019-cu ildə 1980-ci illərin ikinci yarısında Avropada nüvə silahlarına son qoyan INF müqaviləsindən çıxıb.
Nizami Bağırov
Şərhlər