Böyük Britaniya kraliçası II Elizabet özünün dövlət başçısı səlahiyyətlərinin bir hissəsini tax-tacın varisi şahzadə Çarlza verib.
Qaynarinfo xəbər verir ki, bu barədə bazar günü "The Sunday Times" qəzeti məlumat yayıb.
Nəşr belə qənaətə monarxın Bukingem sarayı tərəfindən dərc edilən rəsmi vəzifələrinin siyahısına on ildən artıq müddətdə ilk dəfə edilən əhəmiyyətli dəyişikliklərdən sonra gəlib. Bundan əvvəl siyahıya Baş nazirin formal təyinatı, parlamentin yeni sessiyalarının açılışında iştirak, dövlət səfərlərinin və Birləşmiş Krallığa gələn dövlət başçıları ilə görüşlərin həyata keçirilməsi kimi 13 bənddən ibarət səlahiyyətlər daxil idi. İndi isə sənəddə ümumi şəkildə ifadə olunur ki, kraliçanın "bir sıra parlament və diplomatik səlahiyyətləri” var. Bununla belə, nəşrin saraydakı mənbəsi bunu yalnız sənədin "kiçik yenilənməsi” kimi qələmə verib.
May ayında 73 yaşlı şahzadə Çarlz parlament sessiyasının açılışında ilk dəfə II Elzabeti əvəz edib və onun adından taxt nitqi söyləyib. Kraliça 59 ildə ilk dəfə idi ki, bu mərasimə qatılmırdı. Bu il Əlahəzrət Çarlz anasının əvəzinə, həmçinin kraliçanın ənənəvi iştirakını tələb edən və II Elizabetin qrafikində yer alan digər tədbirlərdə də iştirak edib.
Doxsan altı yaşlı Kraliça kürəyindəki ağrılardan əziyyət çəkir, səfərlərdən və uzun sürən tədbirlərdən sonra özünü narahat hiss edir. Ötən ilin oktyabrında o, son səkkiz ildə ilk dəfə tibbi müayinə üçün xəstəxanaya yerləşdirilmişdi. Bundan sonra kraliça həkimlərin təkidi ilə müvəqqəti olaraq uzaq səfərlərdən imtina edib və kütləvi tədbirlərdə az-az görünməyə başlayıb.
Şərhlər