Xəbər lenti

Klubdan uzaqlaşdırılan futbolçu: “Füzuli hamının içində bizi günahlandırdı”
İdman 19:15 02.05.2023

Klubdan uzaqlaşdırılan futbolçu: “Füzuli hamının içində bizi günahlandırdı”

Turnir cədvəlinin 8-ci pilləsində yer alan "Qaradağ Lökbatan”da bir sıra dəyişikliklər edilib. Baş məşqçi Azər Həşimov komandanın "sükanı” arxasına keçəndən sonra bir sıra oyunçular heyətdən kənarlaşdırılıb. Bir qədər də konkretləşdirsək, bəzi futbolçuların adları oyun alqı-satqısında hallandırılıb və bu səbəbdən onların komandadan göndərildiyi bildirilib. Komanda ilə yolları ayrılan futbolçulardan biri də Sabir Allahquliyevdir. 

Təcrübəli hücumçu, vaxtilə Azərbaycan Premyer Liqasında çıxış etmiş Allahquliyev söz-söhbətlərlə bağlı Qaynarinfo-ya danışıb. Çimərlik futbolu üzrə millimizin kapitanı açıqlamasında baş məşqçisi Həşimov olsa da, komandanı Füzuli Məmmədovun idarə etdiyini və onları heyətdən uzaqlaşdırdığını dedi.

"Komandadan çoxdan ayrılmışam. Burada Azər müəllimlik heç nə yoxdur. Hər şeyi Füzuli Məmmədov edir. Çünki səlahiyyət ondadır. "Şamaxı-2” ilə oyuna qədər hər şey qaydasında idi. Ancaq bu komandaya uduzandan sonra Füzuli paltardəyişə otağına gəldi, bizi hamının içində oyun satmaqda günahlandırdı və 4 nəfər "qoca” futbolçunu çıxarmaq lazım olduğunu dedi. Ancaq sonradan 3 nəfər qaldı, məni çıxardılar. Ruslan Voronsov isə mənə görə komandadan ayrıldı. Digəri Xəyal Ələkbərov idi, cavan uşaqdı, "Şamaxı-2” ilə oyunda zəif təsir bağışlamışdı”.

Forvard oyun alğı-satqısı iddiaları ilə bağlı bunları söylədi:
 


"Oyun satmaq söhbəti qətiyyən ola bilməz. Bunu edəcək şərəfsiz, qeyrətsiz uşaq yoxdur komandada. Demirəm mənimlə prinsipə düşmüşdülər. Amma "Şamaxı-2”yə uduzandan sonra nə prezident, nə də Füzuli 15-16 gün mənimlə danışdı. Kimə zəng vururdum deyirdi gözlə. Nəhayət qapısına getdim, Füzuli ilə görüşdüm. Dedi ki, sən məşqə çıxsaydın, məni qovacaqdılar. Yəni, öz nüfuzunu qorumaq üçün məni komandadan uzaqlaşdırdı. Çox adam deyə bilər ki, kimlərsə oyun satır. Əslində, oyun satan futbolçuları aşkarlamaq AFFA üçün heç nədir, 10 dəqiqənin içərisində tapa bilərlər. Bizə demişdilər ki, telefonlar izlənilir. Yəni, AFFA üçün çətin deyil. Nümayəndələri gəlib izləyirdi. Mən bu söhbətə inanmıram, sadəcə, şaiyə idi, ortaya atmışdılar. Nə baş verdiyini anlamadım. Futboldur, bizim 10-15 qol vəziyyətimiz yarandı, vura bilmədik. Amma "Şamaxı-2” əlinə düşən imkanlardan yararlandı. Füzulinin danışmağından belə çıxdı ki, təkcə mən oynamırdım. Oyun satmaq söhbəti varsa, onda komandadan ən azı 5 nəfəri uzaqlaşdırmalısan. Azər yeni gəlib, onluq heç nə yoxdur. Hamısını Füzuli edir. Bir şey anlamadım, "torba”dır, nədirsə, başqa məsələdir. Füzuli mənə çox vədlər vermişdi. Məşqçilikdə kömək edəcəyini bildirmişdi. Danışanda mənə dedi ki, guya müsahibə vermişəm, ona görə komandadan uzaqlaşdırıb. Bir müsahibəyə görə futbolçunu kənara atmırlar. Allah bilir, gedib mənim haqqımda başqa yerlərdə nələr danışıb. Bundan sonra yollarımızı ayırdıq”.
 
Təbii ki, nələr baş verdiyini öyrənmək üçün Füzuli Məmmədovla da danışdıq. Hazırda U-17 millimizə rəhbərlik edən mütəxəssis məsələ ilə bağlı bunları söylədi: 
 
 
"Mən də bu barədə saytda oxudum, heç xoş deyil. Komanda rəhbərliyi, baş məşqçi, verilən qərarlar var. Hamımız ona hörmətlə yanaşmalıyıq. Adımın hallandırılması həqiqətəuyğun deyil. Bununla bağlı sualları baş məşqçiyə, klub rəhbərliyinə ünvanlasanız, daha yaxşı olar. Bildiyiniz kimi milli komandada çalışıram. "Qaradağ Lökbatan"la hazırda heç bir əlaqəm yoxdur. Sabirin niyə belə dediyini başa düşmürəm. Bir komandanın baş məşqçisi ola-ola mən necə qərar verə bilərəm? Bilirsiniz ki, PRO kurslarını oxuyanda bu komandada məşq keçirdim. Onlara çox böyük simpatiyam, hörmətim var. Bəli, oyunlarına gedirəm, vaxtım olduqda məşqlərinə baxıram. Hər hansı məsləhət verirəm. Amma baş məşqçi kimi qərar verə bilmərəm. Bu mümkünsüzdür. Niyə Sabir düşünür ki, mən qərar vermişəm? Onun dedikləri tam əsassızdır. Həqiqəti əks etdirmir".

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->