Alman baş məşqçi Yurgen Klopp növbəti mövsümdə "Liverpul"da gələcəyini görmür.
Qaynarinfo xəbər verir ki, əfsanəvi məşqçi bu barədə azarkeşlərə müraciətində
deyib.
Klopp bildirib ki, enerjisi tükəndiyi üçün cari mövsüm bitdikdən sonra klubu tərk edəcək
"İlk dəfə eşidəndə bunun bir çox insan üçün şok olduğunu başa düşürəm, amma bunu mən izah edə bilərəm və ya heç olmasa izah etməyə çalışacam. Mən bu klubla bağlı hər şeyi sevirəm, şəhərdə, azarkeşlərimizdə olan hər şeyi sevirəm, komandanı sevirəm, klub işçilərini sevirəm. Mən hər şeyi sevirəm. Amma yenə də bu qərarı verməyim onu göstərir ki, mən doğurdan da bunu etməliyəm.
Bu o deməkdir ki, enerjim tükənir. İndi heç bir problemim yoxdur. Açığı, mən bunu bir gün elan etməli olacağımı çoxdan bilirdim, amma indi tamamilə yaxşıyam. Bilirəm ki, bu işi təkrar-təkrar və təkrar-təkrar görə bilməyəcəm. Birlikdə keçirdiyimiz illərdən, birlikdə keçirdiyimiz bütün vaxtlardan və birlikdə keçdiyimiz hər şeydən sonra sizə olan hörmət artdı, sizə olan sevgi artdı və sizə olan borcum ən azı həqiqəti deməkdir, beləcə, buyurun, bu da həqiqət", - Klopp bildirib.
Klubdan verilən məlumata görə, alman mütəxəssis "qırmızılar"dan mövsümün sonunda ayrılacaq. Onunla birlikdə bütün məşqçilər korpusu "Enfild”i tərk edəcək.
Xatırladaq ki, Klopp 2015-ci ilin oktyabrında "Liverpul”un baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında ingilislər 2019-cu ildə Çempionlar Liqasının, 2020-ci ildə isə Premyer Liqanın qalibi olub. Liverpullular onun başçılığı altında həmçinin İngiltərə Kuboku, Liqa Kuboku, FA Super Kuboku, UEFA Super Kuboku və Klublararası Dünya Kubokunu qazanıb.
Nizami Bağırov
Şərhlər