Şimali Koreya diktatoru Kim Çen In ölkə konstitusiyasına yenidən baxılaraq Cənubi Koreyanı "1 nömrəli düşmən ölkə” elan etməyə və müharibə baş verəcəyi təqdirdə ərazisinin tam işğalı öhdəliyini əsas qanuna daxil etməyə çağırıb.
Qaynarinfo "Yonhap”a istinadən xəbər verir ki, o, bunu Pxenyanda Ali Xalq Assambleyasının növbəti sessiyasının açılışında çıxışı zamanı
deyib.
"Koreya yarımadasında müharibə olacağı təqdirdə Koreya Respublikasının tam işğalı, əzilməsi və nəzarətin yaradılması və onun ərazisinin Respublikaya (KXDR - red.) tabe edilməsi məsələsinin nəzərə alınması vacibdir", - Kim bildirib.
Onun sözlərinə görə, KXDR barışıq və birləşmədə Cənubi Koreyanın tərəfdaş kimi qəbul edilməsindən imtina etməlidir.
O, konstitusiyaya Şimali koreyalıları "Koreya Respublikasına 1 nömrəli düşmən ölkə və daimi əsas düşmən kimi qətiyyətlə baxmağa” məcbur etmək üçün təhsil proqramlarının gücləndirilməsini nəzərdə tutmağa çağırıb.
Kim həmçinin Koreyaararası barışıq simvolu kimi görünə bilən "keçmişin qalıqlarını” kəsib atmaq üçün tədbirlər görməyi əmr edib.
"Biz sərhədyanı ərazilərdə iki Koreya arasında bütün əlaqələri tamamilə kəsmək üçün diqqətlə tədbirlər görməliyik, o cümlədən quru yolları bərpa olunmayan səviyyələrə qədər fiziki olaraq məhv etmək lazımdır", - Şimali Koreya diktatoru bildirib.
Şimali Koreyanın nüvə silahı məsələsinə gəlincə, Kim qeyd edib ki, ölkəsi müharibədən yayınmayacaq, baxmayaraq ki, onun sözlərinə görə, təxribat törədilməyənədək birtərəfli qaydada silahlı münaqişəyə başlamaq niyyətində deyil.
"Cənubi Koreya ərazimizə, hava məkanımıza və sularımıza millimetrin mində birinə belə müdaxilə edərsə, biz bunu müharibə üçün təxribat kimi qiymətləndirəcəyik", - diktator əlavə edib.
Bundan əvvəl Kim Çen In hərbi zavodlara baş çəkib və "Cənubi Koreyanı külə çevirməklə” hədələyib.
Nizami Bağırov
Şərhlər