Xəbər lenti

Keçmiş FİFA referisi hakimlərimizin səhv və problemlərini dəyələndirdi (MÜSAHİBƏ)
İdman 11:58 08.06.2023

Keçmiş FİFA referisi hakimlərimizin səhv və problemlərini dəyələndirdi (MÜSAHİBƏ)

Geridə qalan mövsüm hakimlik baxımından uğurlu olmadı. Futbol ictimaiyyəti klubların, futbolçuların çoxsaylı narazılıqlarına, həm də kobud səhvlərinə şahidlik etdi. Qısası, həmişəkindən daha çox hakimlik problemləri ilə zəngin olan 2022-2023 mövsümünü keçmiş FİFA referisi Tahir Süleymanov dəyərləndirib.

O, Qaynarinfo-ya müsahibəsində bunları söyləyib:

- Bu mövsüm istər məşqçilər, istər futbolçulardan xeyli narazılıqlar eşitdik. Hətta ötən mövsümkündən də çox. Bu nə ilə bağlıdır?

- Azərbaycan hakimlik məktəbi zəngin ənənələrə sahibdir. Avropa, dünya miqyasında, istər milli, istərsə klub səviyyəsində az futbol ölkəsi olar ki, final oyunlarını, qitələrarası, UEFA kuboklarında, olimpiya oyunlarında əsas matçları idarə ediblər. İstedadlarımız hər zaman olub, bu gün də yox deyil. Əsas onların inkişafının təmin olunmasıdır. 

- AFFA 2023-2024 mövsümü üçün elit və birinci dərəcəli hakimlərin siyahısını açıqlayıb. Burda diqqətçəkən məqam kimi nəyi qabartmaq olar?

- Siyahıda diqqət çəkən məqam, elit köməkçi hakimlərin azlığıdır. Ən azından, bu göstərici sayı 25-dən yuxarı olmalıdır. Referilərin briqada şəklində fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Hakimlər briqadasında sinxronluğun, bir-birilərini vizual anlamasının dərəcəsi yüksək olmalıdır. Belədə idarəçilik keyfiyyəti də artır. Hakimlər arasında sağlam rəqabətin təmin olunması da şərtdir.

- Ümumiyyətlə, VAR Azərbaycan Premyer Liqasında nə dərəcədə özünü doğruldur?

- VAR sistemi dünya futbolunda birmənalı qarşılanmır. Üstünlükləri ilə yanaşı, mənfi cəhətləri də yetərincədir. Ümumi "Oyun qaydalar"ı ilə birgə VAR sistemində də təbii boşluqlar çoxdur. Bu boşluqları hakim zəkası, bacarığı doldurmalıdır. Referi və VAR otağı arasında fikir ayrılığı minimuma endirilməlidir. Yersiz müdaxilələr, vaxt itkisi, "iclaslar" çox olur, oyun tempinə, baxımlılığa mane olur. Qeyd olunanlar və digər məqamlar aradan qaldırılmalıdır. Bəzi matçlarda isə VAR sistemi obyektivliyin qorunması adına müsbət effekt verir. Sinxron olaraq bunun faiz dərəcəsi artırılmalıdır.  

- Azərbaycan hakimliyinin bugünkü problemləri nədən ibarətdir?

- Doğru, obyektiv, operativ tətbiq edildiyi anda özünü doğruldur. Mənfi çalarlar aradan götürülsə, daha faydalı ola bilər. Yuxarıda qeyd etdiyim kimi, yetərincə gənc, perspektivli potensial var. Təşkilatı baxımdan, bu gün ideal şərait yaradılıb. Hakimlər üzərinə təzyiq, psixoloji yüklənmə yox dərəcəsindədir. Təhlükəsizlik tədbirləri isə nümunəvidir. Çox az ölkə bununla öyünə bilər. Bu amil hakimlərin daha sürətlə inkişafını təmin etməlidir. Təəssüf ki, əksi baş verir. Rahat mühitdə, çətinliklər görmədikdə hakimlər arxayınlaşır. Bu da referilərin meydanda şəxsiyyət kimi formalaşmasına mane olur. Qayda gücünə "hörmət" yox, idarəçilik bacarığı hesabına hörmət qazanılmalıdır. Belədə referilərin komandalarla, futbolçu və məşqçilərlə ünsiyyəti qarşılıqlı hörmətə söykənmiş olur, bir-birilərinə inam çoxalır. Hakimlərin həqiqi lider kimi formalaşması yönümdə çox ciddi işlər görülməlidir. Eyni zamanda xaricdə təşkil edilən təlim-məşq toplanışları da bərpa edilməlidir.

- Hansı həlledici oyunlarda ciddi səhvlər gördünüz?

- Səhvlər çoxşahəli və yetərincə idi. Şablon qaydaları təbii ki, bütün hakimlər bilir. Əsas qaydaların oyun ruhuna uyğun meydanda tətbiqi və ümumi birmənalı yozumudur. Bu baxımdan böyük problemlər var. Nəinki referilərin, VAR otağının belə eyni qayda pozuntularına fərqli yanaşmalarının şahidi oluruq. Bu, yolverilməzdir. Komandalar, məşqçi, futbolçular, azarkeşlər, media tərəfindən ən böyük narazılıq bu cür hallara görədir. Fərqli, ikili standartlara son qoyulmalıdır. Çempionatda belə hallar çox oldu, saymaqla bitməz. Ən maraqlısı, ictimai nəzarət, narazılıq yarandığı halda, hakimlər növbəti turlarda toparlanır, səhvlər minimuma enirdi. Sanki referilər daimi təzyiq altında saxlanılmalıdır ki, məsuliyyət artsın. Psixoloji hazırlıq planında axsamalar açıq sezilirdi. Növbəti mövsümdə bu amil xüsusi diqqətdə saxlanılmalıdır. 

- Hansısa komandaya qarşı qərəzli idarəçilik hiss etdinizmi?

- Bütün komandaların lehinə və ya əleyhinə səhvlər olub. Bəziləri bundan daha çox əziyyət çəkib. Burada klubların özlərini müdafiə etməsi məsələsi də qabarır. Rəhbər şəxslər qanun çərçivəsində öz komandalarını qorumağı, müdafiə etməyi bacarmalıdırlar. 

- Hakimlər Komitəsinin yeni sədri Barış Şimşəyin işi haqda düşüncələriniz necədir?

- Barış Şimşəyin özü də bildirdiyi kimi, bəzi hakim səhvlərindən səhərə kimi gözünə yuxu getməyib. Türkiyəli mütəxəssis rəhbər şəxsdən daha çox VAR təlimatçısıdır. Futbol ictimaiyyəti ilə münasibətdə boşluqlar var. Ancaq obyektiv təzyiqlər pik həddə çatdıqda məcburiyyətdən media qarşısına ara-sıra çıxır. Bir epizoda fərqli şərhlər verərək vəziyyətdən çıxmağa çalışır. "Gəliri" az olduğu üçün, rəsmi inspektor kimi oyun sayını da artırıb. Qaydalar buna yox deməsə də, mənəvi tərəfdən yerli hakim-inspektorların əməyinə hörmətsizlikdir. Hakimlər Komitəsinin istənilən oyunda stadiona getməsi, hakimlərə nəzarət etməsi üçün mütləq inspektor kimi təyinat almaq vacib deyil, bu, onun vəzifə borcudur. Əksinə, müxtəlif liqalarda, uşaq futbolunda hakimlərə nəzarət üçün özü başda olmaqla inspektorlara daha çox şərait yaradılmasına çalışmalıdır. Bu da gənc hakimlərin püxtələşməsinə, oyunlara nəzarətin gücləndirilməsinə, narazılıqların azalmasına kömək edə bilər.

- Əliyar Ağayev bir dəfə Çempionlar Liqasına təyinat aldı, sonra dayandı. Son vaxtlar ən təcrübəli hakimimizin idarəçiliyi və hazırlıq səviyyəsi nə dərəcədə qaneedicidir? Eniş yaşadığını düşünmək olar?

- Əliyar Ağayev artıq təcrübəli hakimdir. Təbii, hər bir referi öz üzərində daimi çalışmalı, inkişaf etməlidir. Rəqabətin olması da önəmlidir. Əliyara əlcək atacaq həmkarları olmalıdır. Olmadıqda, insan faktoru ön plana çıxır, arxayınlıq yarana bilir. İstənilən şəxsdə fərqli illər, yüksəlişli, enişli mövsümlər olur. Müsbət məqamlardan biri davamlı olaraq birinci kateqoriyada yerinin qorunmasıdırsa, elit səviyyəyə yüksəlməkdə müxtəlif təbii və süni problemlər yarana bilər. Ağayevin yaşı daha irəli getməsinə hələ imkan verir. Öz üzərində çalışmaqla daha böyük zirvələrə çatması mümkündür.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->