"Kapital Bank” xalis mənfəətinin 28 milyon manatdan çox azalmasına aydınlıq gətirib.
Valyuta.az-ın məlumatına görə, bu gün keçirilən mətbuat konfransından bankın İdarə Heyətinin sədri Fərid Axundov bunu bankın mənfəətinin bir hissəsini müştərilərlə bölüşməsi ilə əlaqələndirib.
O qeyd edib ki, ötən illərə nisbətən bu il Kapital Bank kəşbək, 2 qat ƏDV, mil və digər layihələr vasitəsilə mənfəətindən 100 milyon manat civarında vəsaiti müştərilərlə paylaşıb. Bankın xalis mənfəətinin azalmasının əsas hissəsi bununla bağlıdır.
Digər tərəfdən Kapital Bank gələcəyə doğru texnoloji baxımından investisiyalar edir. "Bankımızı ekosistemin tərkib hissəsidir. Ekosistem şirkətləri vasitəsilə də müştərilərə daha çox investisiya etmişik. Bu investisiyaları bu il və növbəti illərdə də davam etdirməyi planlaşdırırıq” - Bank sədri əlavə edib.
Fərid Axundov həmçinin, 2023-cü il üzrə bankın xalis mənfəətinin 200 milyon manata çatacağını açıqlayıb.
Qeyd edək ki, bu ilin III rübündə "Kapital Bank”ın xalis mənfəəti ötən ilin eyni dövrünə nisbətən 28,6 milyon manat azalaraq 182 milyon manata, o cümlədən xalis əməliyyat mənfəəti son bir ildə 20,9 milyon manat azalaraq 318,6 milyon manata enib. 2022-cü ilin III rübündə bu rəqəm müvafiq olaraq 210,6 milyon manat və 339,5 milyon manat təşkil edib.
Şərhlər