"Kapital Bank" bu ilin III rübünü 182 milyon manat xalis mənfəətlə bitirib ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətən 13,6% və ya 28,6 milyon manat azdır.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. Belə ki, bank ötən ilin eyni dövrünü 210,6 milyon manat xalis mənfəətlə bitirmişdi.
Hesabat dövründə bank 512,6 milyon manat faiz gəliri əldə edib ki, bu da bir il əvvələ nisbətən 15,1% və ya 67 milyon manat çoxdur. 77,9 milyon manat faiz xərcləri çıxıldıqdan sonra bankın xalis faiz gəlirləri 431,4 milyon manata bərabər olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 54,5 milyon manat çoxdur. Paralel olaraq "Kapital Bank"ın qeyri-faiz gəlirləri 43,6 milyon manat artaraq 331,1 milyon manata yüksəlib. Əmək haqqı, inzibati və amortizasiya xərclərindəki kəskin artım hesabına bankın qeyri-faiz xərcləri 115 milyon manat artaraq 446,9 milyon manata çatıb. Nəticədə bankın əməliyyat mənfəəti 16,9 milyon manat azaraq 315,7 milyon manata enib.
Yəni, hesabatın təhlili onu göstərir ki, xalis mənfəətin azalmasına səbəb qeyri-faiz xərclərinin kəskin artırılmasıdır.
Qeyd edək ki, Azərbaycan bankları arasında 2023-cü ilin III rübündə son bir illə müqayisədə mütləq ifadədə xalis mənfəət üzrə ən böyük azalma "Kapital Bank"da müşahidə edilib.
Şərhlər