İsveç Baltik dənizində yerləşən Qotland adasında müdafiəsini gücləndirib, belə ki, Rusiyanın bu ada üzərində nəzarəti bərqərar etməyə cəhd edə biləcəyindən ehtiyatlanır.
Qaynarinfo xəbər verir ki, bu barədə krallığın silahlı qüvvələrinin baş komandanı Mikael Büden RND-yə müsahibəsində danışıb.
"Kim Qotlanda nəzarət edirsə, Baltik dənizinə də nəzarət edir. Qotlanddan biz Baltik dənizindəki digər NATO ölkələrinə təhlükəsiz şəraitdə yaşamağa kömək edə bilərik. Lakin Putin Qotlandı işğal edərsə, o, NATO ölkələrini dənizdən təhdid edə bilər. Bu, Skandinaviya ölkələrində və Baltikyanı regionda sülh və sabitliyin sonu demək olacaq", deyə Büden bildirib.
Onun fikrincə, Putinin gözü Qotlandda, eləcə də Aland arxipelaqındadır.
"Rusiya nəzarəti ələ keçirib Baltik dənizini bağlasa, bu, İsveçdə və Baltik dənizi ilə həmsərhəd olan bütün digər ölkələrdə həyatımıza böyük təsir göstərəcək. Biz buna yol verə bilmərik", deyə Büden yekunlaşdırıb.
Bir gün əvvəl, mayın 21-də məlum olub ki, Rusiya hakimiyyəti Litva və Finlandiya sərhədləri yaxınlığında Baltik dənizində ölkənin ərazi sularını genişləndirmək qərarına gəlib. Hökumətin fərmanına əsasən, Rusiya Finlandiya körfəzinin şərqindəki, eləcə də Kalininqrad vilayətinin Baltiysk və Zelenoqradsk şəhərləri yaxınlığındakı akvatoriyanın bir hissəsini özünün daxili dəniz suları elan etmək niyyətindədir.
Yeni qəbul edilmiş sənəddə deyilir ki, SSRİ Nazirlər Sovetinin 1985-ci il qərarı ilə müəyyən edilmiş hazırkı coğrafi koordinatlar "indiki coğrafi vəziyyətə tam uyğun gəlmir".
Nizami Bağırov
Şərhlər