Xəbər lenti

İmza yerinə rəmzi qılınc
Sənət 13:30 23.11.2021

İmza yerinə rəmzi qılınc

Qardaşxan
 
Allah bəşəri dəyər meyarlarından nəhayətsiz dərəcədə üstündür.
Rafiq Tağı
 
Nə yaxşı, Yaradanı monopoliyaya almaq olmur. O, hamınındır, hamı da onun.

Özü də, əslində, parasız.

Ancaq yox, ayrı-ayrı təriqətlər və təmsilçiləri, lap elə sıradan üzvləri Ali Gücü inhisara almaq niyyətindədirlər. Düzüb-qoşduqlarını aksiom sanırlar. Sanki onlar Böyük Qüdrətin adından danışmağa səlahiyyətlidirlər, vəkil seçiliblər, - kim tərəfindən, nə üçün, başlıcası hansı haqq ilə soruşanı, cavab verəni yoxdur. Yorğan-döşək sırıyan sayaq kobud ehkam sapları ilə beyinləri zor-xoş sırıyırlar.

Nə yaxşı, Qurban Olduğum mənimsənilməyir və barəsində hələ ki, özəlləşdirilməmiş bir neçə ali  sözdən istifadə edə bilirik.

Bu təkrarsız dünyada hər gün təkrar olunur, amma o özü olduğu qədər də özü olmur. İnsanlar da beləcə. Hər bir insanın ruhu da özünə bənzərin cismində dünyaya qayıdır.

Nəsiminin dərisini soyduranlar cahil idilər, amma öz bugünkü xələflərindən fərqli olaraq bir cahanın lənətinə sığmayan əməllərini aşkar, "mərd-mərdanə" etdilər. Hazırda hüzür tamadaları  artıq böyüklüyünü inkar etmək mümkün olmayan Nəsimidən bəlağətlə danışırlar. Sələflərinin günahlarını "yuyurlar". On dördüncü əsrin düşüncə üsyançısına bu gün xalqın hədsiz sevgisindən çəkinərək onu heç nə olmamış kimi özününküləşdirməyə çalışırlar.
 
Guya Nəsimi də eynən bunlar deyəni deyir.

O mürşid də, bu mürid də cəsarətli fikirlərinin qurbanı oldular. Sələflərindən daha namərd cinayətkar naxələflərin ardıcılları isə bir qədər uzaq sabahda yeni şəraitə uyğunlaşaraq bu dəfə Rafiq Tağıdan sitatlar gətirəcəklər.

İnsan beyni virusa yoluxubsa, nə gözü, nə könlü, nə beyni, nə eyni, nə dili, nə əl-qolu açılır.

Çoxşaxəli cəhalətin qələm qardaşımıza toy tutduğu günlər onsuz da Qarabağ hüzüründən çıxmayan ədəbi kəsimin yası, azad fikrin öndərinə qucaq açan əbədiyyətin toy-bayramı idi, - o, Böyük Yolun daha bir yolçusunu ağuşuna almış olurdu.

Doğmalarımla Rafiqi xəstəxanada iki dəfə ziyarət edə bildim. Şaşırmışdım. Nə deyəcəyimi bilmədim. Qayğıkeşliklə bizdən soruşdu: "Necəsiniz?" Həmişəki kimi o, həkim idi, biz– xəstə.

Həmin nurlu sima, işıqlı gözlər, xoş təbəssüm… Balam gülü dolab üstə qoyub, yazarın alnından öpdü. Bu mənzərə Onun keçindiyi sabahı günü nəzərimdə ayrı məna kəsb etdi.        
 
Mən Rafiqi bu gün ailəsinin, dostlarının yanında təsəvvür etmək istərkən onun müqəddəs məzarı üstə gül yerinə "Şübhə etməkdə haqlıdır insan"– deyən Hüseyn Cavidin  "Gərçi görmək də başqa nemətdir, Görməmək ən böyük səadətdir" misralarını "düzürəm...".

RAFİQ TAĞIYA ŞEİRLƏR

Tum ağ çıxdı qara qabıqdan
Ay– sarvanı, ulduz– karvanı;
Karvansaray oldu göy üzü.
Qaranlığı alaq eləmək
əldən saldı Ayı, ulduzu.
 
Tum ağ çıxdı qara qabıqdan,
Günəbaxan gün baxdı yerə.
Çırtlayan kim bu günü tum tək,
Toxum kimi əkən kim ömrə.
 
Soldan- sağa yazılanı, sağdan- sola oxumaq
Dünya beş gündür,
19-dan 23-nə kimi, –
Özü də 2011-ci il noyabr ayının.
Əlbəttə hicri- şəmsi yox,
Miladi.
Lap sadə mil mil adi.
 
Hicri- qəməri
Hicranı Qəmərin.
 
yanı, njdesi..,
At ilinin müjdəsi:
İcra atı dayanıb,
İcra gəmisi batıb.
 
Ey qatil,
ey qafil,
ey batil,
ey baxil,
naqafil çıx üzə.
 
Süni qəsdçi,
süst araşdırıcıları yanılt!
məst qızışdırıcıları soyut!
et icrasızlara qarşı bunt!
Çıx yaşıl düzə,
milsiz qəhrəman ol,
mil mil tarixdə qal!
 
Ən əsl mükafat
Lebon Nobeli,
bütün ölkələrin bəbələri
nə edir etsin
kütlə psixologiyasına.
 
Hə, dostlar mən deyim
siz məsələni necə qoyun;
Soldan- sağa yazılanı,
Sağdan- sola oxuyun!

***
Gücü dahisində uca millətim,
qatilliyə enən cahillərin var
dalğasında qanad açan dənizin
ilan tək sürünən sahilləri var.
  
Dalğanın silləsi güllədən betər
tutur sahillərin qumlu üzünü.
o yan bu yanı da sahillər olan
dəniz dalğa dalğa döyür dizini.
  
Dənizin dibi də sahildir, amma
bu sahil bənizdə olmaq istəmir.
Bu yastı yapalaq sahilə, anam,
adam heç dəniz də olmaq istəmir!

Şeytanbazarda Yaşıl bazarlıq
 
Yaşıl bazardan Şeytanbazara
gör neçə bıçaqlıq dəmir yolunun
bir neçə bıçaqlıq ömür yoluna
iynə iynədir bu taykı relsi.
 
19-23 sim-sim kəsim,
Bu beş gün Beşgünlük dünyaya jestin.
Yazıb, altı üstə çevirən Usta
yenə noyabr…
 
Bizə Qəzanı bağışlamağa,
yazını Yazana bağışlamağa,
ədəbi qazini bağışlamağa,
deyin, gəlsin,
balan gəlsin...

Bir tale ki pəncərədən daş kimi gəlsin 
Bir tale ki, pəncərədən daş kimi gəlsin,
bir ömür ki, xumar gözdən yaş kimi gəlsin,
kim görüb ki, belə bəxtin xoş günü gəlsin?
ay ana, elə bil bizə it ağız açıb!
 
it ağzından çıxır səhər öz aramızdı,
ay nə bilim xoruz banı, quşların səsi,
nə bilim, Ay, dan ulduzu.., hamısı sözdü,
azanı da qarşılayır it hürüşməsi.
 
it ağzından çıxan dəniz, söz burda qalsın,
hanı səndə o mavilik, yamyaşıl yosun?
dənizsənsə tufan qopar, fırtınan olsun,
görüm sənin göl üzünü okean yusun!
 
Baskervillərin iti, tap itən yamyamı!
İtağzıgül it ağzını açır hər gülə.
inanmayanın ağlına keçə yamayım  
it qursağı yağ götürməz deyən aqilə!
 
Ölməmişdən qabaq öldürülmüşüm 
Avropa bizdə lüks oteldi azı,
Avropa və Biz də beşulduz yazı.
Qloballığın ən Qaçılmazı,
mübarək sayğacın beş ildi yazır.
 
Aşıq ha köynəkdən çıxarsın sazı,
Sakit okeandı Kürlə Arazım.
sən– sahibi qaçaq yasaq ərazim,
get ey zalım fələk, gəlmədi lazım!
 
Beş ildi soyuqlar bu aydan düşür,
beş ilin soyuğu bir aya düşüb.
min belə beş illər araya düşüb,
ölməmişdən qabaq öldürülmüşüm!

Sübhün azan vaxtında, vaxtın azan yerindən 
Uçulur gecə sökülən dan yerindən
uçunur toran üfüq boyunca
əcəl tək hərləyir öz oxu
Axillesdaban Yeri gündoğan yerindən
 
dünyaca cəh-cəhi batırırsa it səsi
sübhün azan vaxtında, vaxtın azan yerindən
balıqçısı balığı
balıq yoxsa, tilovu suya batırıb yesin.
buruqla tor qurublar Dəmir daban yerindən.
 
it rəddidir sahil boyu uzanıb gedir,
insan izi görən yerdən qayıtdım geri,–
bu "Tövrat”, bu "İncil”, "Quran” yerindən,
 
antik yunan, attik Roma, əntiq Şərq..,
əshabələrlə kral keçir.
əsrlər keçir,
qırx incəbel qızla xotkar qızı Nigar keçir.
pəncərədən daş kimi gələn günəş
özünü asan yerindən
siqaret yandırır səhər.
bir papiros kötüyü tək tapdanır şəhər,
külqabıya dönür ölkə tiran yerindən.
 
külək xəmir yoğurur, kündə tutur dənizdə,
acıb, açıb kündələri yapır sahilə.
zərrin ləpələr göz- qaş edir sahilə, göz- qaş…
par- par yanan ehtirası gözlə bir azdan,
bütün bu cahan yatıb.., 
duran yerindən! 

Qan suyla yuyulmur
Rafiq Tağıya və bütün Söz, Düşüncə şəhidlərinə
(Həllac Mənsurdan, Nəsimidən Eldar Baxışadək)
Şəhəri su basır Beşmərtəbədən,
on beş mərtəbəlik su qalxır göyə.
onun beş qatını göy qan yaş tökür,
tökülən qan suyla yuyulsun deyə.

Beş,
Doqquz,
on altı mərtəbələrin
qat- qat üst qatından qan iyi gəlir.
mantiya qatından nüvəsinədək
yerin bəd zatından qan iyi gəlir.

lap göyün yeddinci qatından yağır,
yeddi qatdan keçən bu təbil- döhül
vurub keçir yerin yeddi qatından, 
qan suyla yuyulmur,
yuyulan deyil!


Söz Rafiq Tağıydı
Kim bir insanı öldürsə, 
bütün insanlığı öldürür.
("Quran-i-Kərim”)

Söz bəxt deyil ki,
Söz bəxtəbəxtdi.

Söz Rafiq Tağıydı
öz uca vaxtı!
Uca Söz gəpgəncdi qosqoca vaxtı!

Havaxtdı
payızın noyabrı– qış,
o qış noyabrın payızı– şaxta.
noyabr sazağı
bıçaq tək
zəhər tək
kəsir adamı.

bu hüzr damı
üzür adamı! 

sanki "Yeddisi”di
yeddi il deyil,

Hər payız daş gəlir pəncərədən– daş,
bir "daşa dönmə” var hər "Bəri bax”da!

"Üç nöqtə nağılı" 
"Yeddi oğul istərəm...”
"Yeddi min yeddi yüz yetmiş yeddi dəli...”
birdən atlanıb,
tapsın qatili...
Yeddi bıçaq zərbəsilə
səkkizinci kərə
noyabr tiyəsi yortur qart ili...
"Dəmir at”lar da yortur
ağ zolaqlı "qıl körpü”də...
Yumalanır xəstəxana otaqlarında
iynəli "ağdöş kirpi”lər...
Qızım, ”əmi” sözündə
"ata” kəlməsi cilvələnir...
...Qışın qiyamətindən sonra
qiyamət gün gəlir...
Azadlıqda görüşənədək, Rafiq Tağı!
Rafiq Tağıya və onun timsalında
yurdsevər düşüncə qurbanlarına

Neçə rayon?
Qatilin altı-yeddi bıçaq zərbəsi!
Cıdıra çıxıb 
əbədiyyətin Cıdır düzündə Rafiq Tağı. 

Zəhərləndi..,
Güllələndi..,
Asıldı...
Qarabağ türbəsinə
Şuşa türməsi kəsildi.

Doğma ikən ögey qarabəxt.
Azadlıqda görüşənədək, Rafiq Tağı..,
okey, Qarabağ!
Müharibədə Şopen prelüdləri
"Müharibədə Şopen prelüdləri” şeirinin müəllifi Rafiq Tağıya
Noyabr Böyük Qələbə və... Rafiq Tağı ayıdır. İnanırıq ki, bir gün unudulmaz yazarla bağlı da möcüzə baş verəcək,– bu qətlin üstü açılacaq, el-obasından "məcburi köçkün” düşmüş Rafiqin ruhu öz doğma yurd-yuvasına "qayıdacaq”.
Suqovuşana
su kimi qovuşdum, ana!
Bu neçə on ili hardaydım deyim
bu bir neçə günə qovuşduğuma?
Suyla qovuşanı od ayıramamış,
Oda qovuşanı su ayırarmış.
Odlar yurdu odla su arasında
od-alov içində oda tapınmış...
Qarabağla ayrılıq anılarında
Şopen prelüdləri
ölümsüz faciələrdə
yaşatdı ümidləri.
Daş və çiçək
"Toz içində çiçək”din,
İndi "Daş və çiçək”sən,–
Amma hind filmi olmaz,
Səndən nə film çəksən.
Baş daşı üstə belə
qatillərinə gülən
təbəssümün çiçəklər.
Məzarın üzərində
"təbəssümlü” çiçəklər.
Soyulan soyundansan,
Doğrandın ləçək-ləçək...
Əlin diri çatmadı,
İlin çatdı yetmişə.
Nə deyərdin bu halda
Qarabağa yetmişə?!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->