Şimali Koreya hökumətinin dəstəklədiyi istedad proqramı çərçivəsində 2015-ci ildə İtaliyaya köçən Han Kvanq-Sonqun hekayəsi film ssenariləri kimi idi.
Qaynarinfo-nun məlumatına görə, A Seriyası təmsilçisi "Yuventus"a transfer olunduqdan sonra komandanın heyətinə qatılan ilk asiyalı futbolçu kimi tarixə düşən "Şimali Koreyalı Kriştiano Ronaldo" ləqəbi verilən Kvanq-Sonqun həyatı 2021-ci ilin martında tamamilə dəyişdi.
2015-ci ildə getdiyi İtaliyada bir müddət "Perucia" akademiyasında oldu. Bu dönəm ərzində "Liverpul" onu istəsə də şimali koreyalı futbolçu bu təklifi rədd etdi. "Perucia" akademiyasından Mauro Kostorellanın bunun üçün "Liverpul"da Stiven Cerrardla görüşəcəyi deyilsə də, futbolçunun cavabı şokedici olmuşdu. O, Cerrardı tanımadığını demişdi. Kostorella "First Time Finish" jurnalına verdiyi müsahibədə o an hiss etdiyi böyük sürprizi, "Necə olur ki, Stiven Cerrardı tanımırsan? Mən dedim" - cümlələri ilə izah edib.
19 yaşında "Kalyari”nin heyətində debüt edən Han ilk qolunu 2017-ci ildə "Torino”ya vurub. Daha sonra B Seriyasında çıxış edən "Peruca"ya icarəyə getsə də "Yuventus” şimali koreyalı futbolçunu heyətində görmək istəyirdi. Nəticədə o, Turin təmsilçisinin U-23 komandasına qoşularaq daha çox ağ-qaralar ilə C Seriyasında çıxış etdi.
"Yuventus"un "Leççe" ilə oynadığı matçda əsas komandada görünən futbolçu, İtaliya komandasının heyətində yer alan ilk asiyalı kimi tarixə düşüb. "Yuventus" Hanın transfer haqqını 3,5 milyon avroya aldıqdan cəmi altı gün sonra onu yeddi milyon avroya Qətər klubu "Al-Duhail"ə satıb. "Sportsbible"da yer alan xəbərə görə, 2021-ci ilin martında "Al-Duhail"in Qətər Ulduzlar Liqası Kubokunu başı üzərinə qaldırmasına kömək edən Sonqun sonrakı karyerası belə demək mümkünsə, alt-üst olur. 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatı nüvə silahı proqramı siyasətinə görə Şimali Koreya vətəndaşlarının xaricdə işləməsinə mane olan sanksiyalar tətbiq etdi. Təşkilat Han Kvanq-Sonqun "Yuventus"dan "Al-Duhail"ə keçidini beynəlxalq sanksiyaların pozulması kimi qiymətləndirib və o, Qətər komandası ilə müqaviləsinə xitam verildikdən sonra ölkədən deportasiya edilib.
"Covid-19" epidemiyası fonunda Şimali Koreya sərhədlərini bağlayaraq ölkəyə giriş-çıxışa icazə vermədi. Bu səbəbdən Hanın bir neçə il naməlum səfirlikdə qapalı şəraitdə qaldığı bildirilir. Həmin müddət ərzində futbolçuya müsahibə üçün icazə verilməyib.
Hazırda 25 yaşı olan Han nəhayət üç ildən sonra ilk peşəkar matçını keçirib. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Şimali Koreyanın Myanma ilə oyununda meydana çıxıb. Han bu matçda da qol vurmağı bacarıb.
Səbuhi Həsənov
Şərhlər