Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın TNS-ə müsahibəsi.
- Əvvəlcə tarixə qısa ekskurs edək. Bu il quruluşunun 40-cı ildönümünü qeyd edəcəyimiz Şimali Kipr Türk Respublikası necə yarandı və onun dövlət kimi tanınmamasının səbəbi nədir?
- Bilirsiniz ki, Kiprdə iki ayrı xalq, iki ayrı dövlət var. Bu, əsrlərdir, belə davam edir. Çünki burada 1571-ci ildə venediklilərin idarəçiliyi vardı. Osmanlı bir il davam edən savaşda 80 min şəhid verərək, Kipri fəth edib. Ondan sonra atalarımız buraya yerləşiblər. Osmanlı dövləti 350 il adanı idarə edib. Bura Osmanlı dövlətinin bir parçası olub. Təbii ki, bura Anadoluya çox yaxındır. Anadolu – Türkiyə Cümhuriyyəti buradan 60 kilometr aralıdadır. Amma Yunanıstanla məsafə 900-1000 kilometrdir. Yəni biz Türkiyəyə məsafə baxımından da çox yaxınıq. Hər zaman Türkiyənin təsiri altında olan adada türklər 453 ildir, mövcudluqlarını davam etdirirlər.
1878-ci ildə Osmanlı dövləti adanı bir müddətliyinə ingilislərə kirayə vermək məcburiyyətində qaldı. Amma ingilislər Birinci Dünya savaşını bəhanə edərək, buradan çıxmadılar, adanı ilhaq etdilər. 1923-cü il Lozan anlaşması ilə ada suverenliyini itirdi. 1923-cü ildən 1960-cı ilədək - 37 il buranı tamam başqa yer halına gətirdilər, yunan əhalisinin sayını artırdılar. Yunan-rum ikilisinin sayı türklərdən artıq duruma gəldi. Əhali sayının onların lehinə çevrilməsi ilə guya bura yunan adasıymış kimi hərəkətə keçdilər, "Enosis" hərakatını başlatdılar. Məqsədləri buranı Yunanıstana bağlamaq idi. Türklərə hücum etdilər, insanları qətlə yetirdilər. Ermənilərin azərbaycanlılara yaşatdıqlarını bizə də burada rum-yunan ikilisi yaşatdı. 1974-cü il çox önəmli tarixdir. Çünki həmin ildə türk əsgəri adaya çıxdı, mehmetciyin gəlməsi ilə artıq Kipr türk xalqı gerçək müstəqilliyinə qovuşdu. O vaxtdan indiyədək mübarizəmizə davam edirik. Əvvəlcə federal dövlət olduq, daha sonra - 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyəti quruldu. Bu il Şimali Kipr Türk Cümhuriyyətinin 40-cı ildönümü qeyd edəcəyik. Amma biz 1963-cü ildən bəri dövlətik. 1963-cü ildə bu otaqda qurulan Kipr Türk Dövləti pillə-pillə irəli gedir. Rumların tək xəyalı və hədəfi burada federal çətir altında ortaq bir cümhuriyyət qurmaqdır. Ortaq cümhuriyyətdə isə zamanla çoxluq azlığı tükədəcək, assimlyasiya edəcək, türklər yox ediləcək. Onlar hər zaman olayları o şəkildə yönləndirməyə çalışıblar. Biz isə hər zaman dik durduq, qəbul etmədik, "suverenlik” dedik, "müstəqillik” dedik. Türkiyə bizə böyük dəstək verdi. Türkiyənin – Ana Vətənin dəstəyi çox önəmli idi. Bizim hər cür təşkilatlanmağımızda, siyasi hərakatlarımızda Türkiyə hər zaman yanımızda oldu, mərhələli şəkildə bu günlərə gəldik.
İndi artıq yeni bir siyasət gündəmə gəlib. Mənim Prezident seçilməyimdən sonra Türkiyənin tam dəstəyi ilə artıq deyirik ki, suverenliyimiz, bərabər şərtlərdə beynəlxalq statusumuz qəbul edilməlidir. Çünki bizim bundan sonra federasiyanı qəbul etməyimiz mümkün deyil. Biz iki dövlətin anlaşamalı şəkildə əməkdaşlığının ola biləcəyi, yalnız bu şərtlərə razılıq verəcəyimiz yeni bir siyasəti masaya qoyduq.
- Şimali Kipr Türk Cümhuriyyəti artıq Türk Dövlətləri Təşkilatında təmsil olunur. Bunu necə dəyərləndirirsiniz? Bu proses gələcəkdə Şimali Kiprin müstəqilliyinin tanınmasına necə təsir göstərəcək?
- Biz Türk Dövlətləri Təşkilatına yekdilliklə müşahidəçi üzv olduq. Buna görə qardaş Azərbaycana təşəkkürümü bildirirəm. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bizə böyük dəstəyi oldu. Prezident İlham Əliyevlə görüşlərimiz olub. Azərbaycan xalqının Kipr türklərinə dəstəyi tamdır. Cənab İlham Əliyev bizə tam dəstək verir. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da təşəkkürümü təkrarlamaq istəyirəm. Bir neçə həftə əvvəl – sentyabrın 19-da Nyu-Yorkda tarixi çıxışında o, yenə də Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasından bəhs etdi. Şimali Kipr Türk Cümhuriyyəti ilə bütün sahələrdə - iqtisadi, mədəni, diplomatik, siyasi əlaqələrin qurulmasının vacibliyini dilə gətirdi. Hörmətli Rəcəb Tayyib Ərdoğan "Bizim kimsənin haqqında gözümüz yoxdur, amma öz haqqımızı da kimsəyə verməyəcəyik”, - dedi. Onun Kiprlə əlaqədar böyük səyləri olub. Dünyanın hər yerində Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasına çalışır.
Artıq Şimali Kipr Türk Cümhuriyyəti bir gerçəkdir. Bunun geri dönüşü yoxdur. Kiprlə bağlı bir anlaşma olduğu təqdirdə Şimali Kipr Türk Cümhuriyyəti bu anlaşmanın bir parçası olacaq. Kipr türkləri ilə rumlar arasındakı münasibətlər, əməkdaşlıq Şərqi Aralıq kimi strateji bir bölgədə milli və regional dəngələrin, sabitliyin davamı üçün olduqca önəmlidir. Şimali Kipr Türk Cümhuriyyəti olmasa, buradakı dəngələr Yunanıstan lehinə çevrilər, bu da Türkiyəyə narahatlıq yaradar. Türkiyə bölgənin ən böyük ölkəsidir, əhalisi 85 milyondur. Dünyadakı digər türk vətəndaşları ilə birlikdə bəlkə də 95-100 milyon nəfərdir. Gələcəkdə də əhalinin sayında artım gözlənilir. Burada əsas güc Türkiyədir. Kipr adası Türkiyə Cümhuriyyətinin təhlükəsizliyi üçün də önəmlidir. Nəticə etibarilə həm Kipr türklərinin mal və can güvənliyi, həm Türkiyənin güvənliyi üçün, həm də öz haqq və mənfəətlərimizin qorunması baxımından Türkiyənin adada qarantorluğu və hərbi varlığı çox vacibdir.
Türk Dövlətləri Təşkilatına gəlincə, üzv dövlətlərin müxtəlif ölkələrlə əlaqələri var. Biri Rusiya ilə, biri İngiltərə ilə, biri Avropa İttifaqı ilə və s. əməkdaşlıq edir. Ancaq hamısının könlündə bir Şimali Kipr Türk Cümhuriyyəti sevgisi olduğunu bilirəm. Artıq nazirlərimiz Türk Dövlətləri Təşkilatının tədbirlərinə öz bayrağımızla qatılır, universitetlərimiz, sənaye müəssisələrimiz, banklarımız qarşılıqlı olaraq Türk Dövlətləri Təşkilatı çətiri altında görüşüb, müzakirələr aparır. Yavaş-yavaş bu münasibətlər ən yüksək səviyyəyə çatacaqdır. Siyasi məsələlər bir az daha çətindir. Çünki tanıyıb-tanımamaq məsələsini izləyirlər, bu ölkələrə sıxıntı yaratmağa çalışırlar. Ancaq bir az öncə dediyim kimi, Şimali Kipr Türk Cümhuriyyəti artıq bir gerçəkdir. Kimsə təhdidlə, önümüzə daş qoymaqla bir şeyə nail olmayacaq. Xalqımıza yararlı işlər görmək, beynəlxalq səviyyədə tanınmaq imkanlarını artırmaq üçün göstərdiyimiz səylərin qarşısını almaq insan haqlarının pozulmasıdır. Bizə böyük haqsızlıq edilir.
- İcazənizlə, keçək Azərbaycan-Şimali Kipr əlaqələrinə. 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan böyük zəfər qazandı, torpaqlarımız işğladan azad edildi. Daha sonra həyata keçirilən antiterror əməliyyatı ilə ərazilərimiz terrorçulardan təmizləndi. Bu hadisələrdən sonra Azərbaycan-Şimali Kipr Türk Respublikası arasında əlaqələr daha da inkişaf etməyə başladı. İki dövlət arasındakı əlaqələrin bugünkü səviyyəsindən razısınızmı?
- Azərbaycanı həmişə bu duyğularla dəyərləndiririk, öz aramızda danışanda deyirik ki, bir millət, üç dövlətik. Ana Vətənimiz Türkiyə Cümhuriyyəti, gerçək qardaş dövlət olan Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti. Biz eyni millətin övladlarıyıq. Bu coğrafiyada Bakıdan İstanbula, oradan ən qərbdə yerləşən Kiprə qədər varlığımız çox qiymətlidir. Bizim iş birliyimiz mərhələli şəkildə gerçəkləşməkdədir. İnşallah, yaxın günlərdə Azərbaycana ziyarətimiz olacaq. Bəzi mədəni tədbirlərə dəvət aldıq, heyətimlə birlikdə gedəcəyik.
Rum-yunan ikilisi üzvü olduğu Avropa İttifaqının imkanlarından istifadə edərək, bizə qarşı müxtəlif təşəbbüslər göstərir, hər kəsi təhdid edir. "Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqə qursanız, qarşınızda bizi görəcəksiniz”, kimi təhdidlərlə önümüzü kəsməyə çalışırlar. Bunlar xoş şeylər deyil. Çünki Kiprlə hansısa bir anlaşma hər kəsin müstəqil iradəsi ilə olacaq. Yəni hər şey sərbəst şəkildə müzakirə ediləcək. Belə bir durumda nəyə görə, Şimali Kipr Türk Cümhuriyyəti ilə dost ölkələrin əlaqələri inkişaf etdirməməsi üçün təzyiq göstərirlər? Qəti şəkildə bunu etməməlidirlər? Bununla həmin ölkələri bir növ doğru qərarlarından caydırmaq istəyirlər. Amma biz də deyirik ki, əsla vaz keçməyəcəyik, yolumuza davam edəcəyik. Müstəqilliyimiz, azadlığımız, dövlətimiz bizim üçün çox önəmlidir. Bunları biz şəhidlərimizə borcluyuq. Əsla şəhidlərimizin ruhunu narahat edəcək bir addım atmayacağıq. Nə edirlər, etsinlər, biz doğru yoldan dönməyəcəyik. Dolayısıyla dost ölkələrə söylədiyimiz budur ki, tək istədiyimiz onlardan görəcəyimiz sevgidir, sayğıdır. Başqa bir tələbimiz yoxdur. Bizim haqlı bir tələbimiz var: biz Kipr Cümhuriyyətinin ortaq qurucusu olaraq, burada suverenlikdə rumlar qədər söz sahibiyik. Dövlət sahibi olmaq üçün rumlar qədər haqqımız və hüququmuz var. Burada qəribə bir şey yoxdur. Kipr türk xalqı bütün bu haqqını, hüququnu beynəlxalq anlaşmalardan, Kipr Cümhuriyyəti Anayasasından alır. Qarşı tərəfin, digər ölkələrin bizə bu haqqı verməməsi onlar üçün bir ayıbdır. Kipr türk xalqının tanınma, qəbul edilmə, hər cür qarşılıqlı əlaqələr yaratmaq haqqı var. Bunun əksi Kipr türk xalqına qarşı böyük haqsızlıqdır.
Bizə yaxın ölkələri çox yaxşı bilirik. Onların başında da Azərbaycan gəlir. Azərbaycan dövləti, Prezident İlham Əliyev hər zaman gerçək qardaş olduğumuzu bəyan edir. Gerçək qardaşlarınız olaraq, sizi gözləyirik. İnşallah, yaxın bir gələcəkdə fərqli vəsilələrlə aramızdakı münasibətlərin daha da artması, inkişaf etməsi arzu və istəyimizdir. Necə ki, Türkiyə ilə hər sahədə iş birliyi içərisindəyik, Azərbaycanla da əməkdaşlığımız qurulacaq. Birbaşa təyyarə reysləri, birbaşa ticarət və s.
Gəlin, görək, indiyədək Türkiyə Cümhuriyyətinə nə edə bildirlər? Heç bir şey edə bilməzlər. Türkiyənin Kiprdən dolayı başının ağrıdığı zamanlar oldu. Amma bunlar keçmişdə qaldı. Kipr mövzusu çox fərqlidir. Başqa mövzuları Kipr məsələsi ilə qarışdırmaq olmaz. "Kiprlə əlaqələri inkişaf etdirsəniz, bunu edəcəyik”, demək təhdid sayılır. Təhdid də artıq bu çağda diplomatiyada qarşılıq görməz deyə düşünürəm.
Biz Azərbaycanla əlaqələrimizi ən yüksək səviyyəyə çatdırmağa çalışırıq. Burada azərbaycanlı qardaşlarımızla mütəmadi görüşürəm, tədbirlərinə qatılıram. Hətta Azərbaycanın Türkiyədəki tədbirlərinə gedirəm. Cənab İlhan Əliyevlə bir neçə dəfə görüşdüm, tanış olduq, hazırda da danışırıq, xəbərləşirik. Cənab Rəcəb Tayyib Ərdoğanın da israr və tələbləri, çıxışları bəllidir. Bütün bunların diqqətə alınacağını düşünürəm. Xüsusilə, Qarabağ zəfərindən, son əməliyyatdan sonra Azərbaycan çox güclü bir mövqeyə sahib olub. Bu gün artıq Qarabağda, ətraf bölgələrdə, Naxçıvanda bir sıxıntı qalmadığını düşünürəm. Son əməliyyat da çox yerində bir əməliyyat idi. Mən bir daha bütün Azərbaycan xalqına sağlamlıq, hüzur, rifah diləyirəm. Onlar bizim gerçək qardaşlarımızdır. Bizə qəlbdən bağlıdırlar, biz də onlara qəlbdən bağlıyıq. Bu dövrdə prosesin necə yönəldiləcəyinin ən yaxşı cavabını cənab İlham Əliyev verəcəkdir. Ona güvənimiz tamdır. Türkiyənin də güvəni tamdır. İlham Əliyev cəsarətli bir liderdir. Atası Heydər Əliyev kimi, o da bütün prosesləri ən yaxşı şəkildə idarə edib və başarılı olub. Əlbəttə, asan deyil. Həm Türkiyənin dəstəyi, həm də cənab İlham Əliyevin öz iradəsi, ağırlığı, uğurları ilə Azərbaycan dövləti gerçəkdən hər kəsin sayğı duyduğu bir dövlət kimi gücünü daha da artırıb. Hazırda bir dövlət kimi güclü pozisiyadadır. Bu güclü mövqeyi ilə inşallah Şimali Kipr Türk Cümhuriyyətinə də əl uzadacaqdır. Təbii ki, onların adından danışmaq istəmirəm, bu, doğru olmaz. Bizim Azərbaycana olan sevgimiz, könül birliyimiz məlumdur. Bu coğrafiyada eyni millətin övladları - Kipr, Türkiyə, Azərbaycan türkləri olaraq, böyük bir gücük. Böyük bir coğrafi ərazidən bəhs edirik. Çox böyük bir potensial güc var. Təbii sərvətləri, təhlükəsizlik məsələləri ilə üç dövlət bir gücdür. Şərqi Aralıqda - Şimali Kipr Türk Cümhuriyyəti ətrafındakı dənizlərdə haqqımız, hüququmuz vardır. Vətən sadəcə torpaq parçası deyil. Dənizin dibi də torpaqdır. O torpaq da vətən torpağıdır. Xəritəyə baxanda Şimali Kipr Türk Cümhuriyyəti ilə birlikdə türk dövlətləri burada çox böyük söz sahibidir. Mən bu işi o baxımdan da dəyərləndirirəm.
Biz Azərbaycanla mədəni əlaqələri inkişaf etdiririk. Önümüzdəki günlərdə TÜRKSOY toplantıları olacaq. Türk Dövlətləri Təşkilatı çətiri altında mədəniyyətimizi, adət-ənənələrimizi tanıtmaq, bu sahədə əlaqələrimizi inkişaf etdirmək üçün fəaliyyət göstəririk. Bu, məni çox sevindirir.
Ortaq nöqtələrimiz çoxdur. Türklüyümüz, İslam dininə mənsubluğumuz önəmlidir. Siz Xocalı qətliamını yaşadınız, biz burada Erenköydə, Taşkentdə, digər yerlərdə çox böyük qətliamlar yaşadıq. Çox insanımızı itirdik. Biz bu ağrı-acını da birlikdə yaşayırıq. Siz ermənilərdən zərbələr aldınız, biz rum-yunan ikilisindən. İkimiz də çox haqsızlığa uğradıq. Amma nəticədə dimdik ayaqdayıq, birlikdəyik. Bunlar önəmlidir. Mən Azərbaycanla dostluğumuza çox önəm verdiyimi ifadə etmək istəyirəm. Saytınız vasitəsilə bütün Azərbaycan xalqına sevgi və sayğımı çatdırıram.
Biz Azərbaycanı çox sevirik, Azərbaycan bizim qardaş dövlətimizdir. Son illərdə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana olan dəstəyi, cənab İlham Əliyevlə yaxınlığı, dostluğu, tez-tez Azərbaycana getməsi, bütün bunlar Azərbaycanda Türkiyənin sevilməsinə səbəb olur, Türkiyədən dolayı da Şimali Kipr Türk Cümhuriyyətinə qarşı sevginin gedərək artdığını görürük. Bunlar gözəl şeylərdir. Heç kim heç kimi məcbur edə bilməz. Bunlar xalqın arzusudur, millətin iradəsidir. Özdən gələn bir sevgidir, könül birliyidir. Bizi bir-birimizə bağlayan bir təsirli vasitə də hər ikimizin Türkiyə Cümhuriyyətini ana vətən kimi görməyimizdir. Türkiyə Qarabağ savaşında sizin imdadınıza yetişdi, zəfərdə orada idi, 1974-cü ildə isə bizim imdadımıza çatmışdı. Türkiyə 1974-cü il 20 iyulda gerçəkləşən barış hərəkatına qatılmasaydı, bu gün burda bir türk olmazdı. Nəinki Türk dövləti, 1 nəfər belə türk qalmazdı. Ya köçməyə məhkum olacaqdıq, ya da öləcəkdik. Yox olub, gedəcəkdik. Türkiyəmizin doğru anda doğru müdaxiləsi ilə Kipr türkləri qurtuldu. O bir dönüş nöqtəsi idi. Ondan sonra qurduğumuz dövlət bizim bir uğurumuzdur. Siz də böyük haqsızlığa məruz qaldınız. Amma Türkiyə hər zaman yanınızda durdu. Türkiyə bu baxımdan aramızdakı bağın daha da möhkəmlənməsinə vəsilə olub.
- Azərbaycandan gözləntiləriniz nələrdir?
- Mən gələcəkdə Azərbaycandan buraya daha çox turistin gəlməsini gözləyirəm. Türkiyə üzərindən bura rahat gəlmək mümkündür. Çox bahalı da deyil. Çox gözəl otellərimiz, dənizimiz, iqlimimiz, havamız var, insanlarımız istiqanlıdır. Biz Azərbaycan xalqını özümzünkü olaraq görürük. Kipr türk xalqı Azərbaycandan daha çox turistləri, ziyarətçiləri, tələbələri burada görməkdən məmnun olar.
Bura dünyanın ən gözəl adalarından biridir. Dənizi, yaşıllığı, dağları, təbii gözəlliyi ilə Şimali Kipr Türk Cümhuriyyəti bu bölgədə turizm baxımından çox uyğun yerdir. Bu gün Güney Kipr üzərindən buraya gələn xeyli xarici turist vardır. İsveçdən, Finladiyadan, Almaniyadan və digər müxtəlif ölkələrdən buraya turistlər gəlir. Azərbaycan xalqının da Şimali Kipr Türk Cümhuriyyətinin tətil imkanlarından yararlanmalarını arzulayıram.
Buradakı universitetlərdə çox sayda azərbaycanlı müəllim var, hər ixtisas üzrə azərbaycanlı pedaqoq mütləq vardır. Bu da məni məmnun edir.
Əvvəllər Kiprdə daha çox azərbaycanlı tələbə olub, indi sayları azalıb. Bunun səbəbini tam bilmirəm. Ola bilər ki, Azərbaycanda və Türkiyədə yeni universitetlər yaradılıb. Ona görə tələbələrin sayı azalıb. Önümüzdəki dövrdə Şimali Kipr Türk Cümhuriyyətindəki universitetlərə daha çox azərbaycanlı tələbə qəbul etsək, bura üçün çox yaxşı olar.
Biz Azərbaycandan gələn iş adamlarını da bağrımıza basarıq. Öz ölkələrində, digər yerlərdə hansı sahədə bizneslə məşğul olurlarsa, gəlib burada da iş qura bilərlər. Biz onlara şərait yaradarıq, işlərini asanlaşıdırarıq. Aidiyyəti nazirliklərdən təsdiq və ya başqa sənədlər tələb olunsa, tamamlaya bilərik. Gözləntiləri varsa, gerçəkləşdirərik. Bura yatırıma ehtiyacı olan bir yerdir. Xüsusilə turizm, təhsil sahəsində. Bu məsələdə investiyaları təşviq edirik.
Şərhlər