"Seçki dairələrinin ləğv olunması məsələsi gündəmdə olmamalıdır. Dairələrin sərhədləri dəqiqləşdirilib, dəyişdirilə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi, hüquqşünas Qulamhüseyn Əlibəyli deyib.
Onun sözlərinə görə, hər beş ildən bir əhalinin sayı nəzərə alınmaqla seçki dairələrinin sərhədləri dəqiqləşdirilir:
"Amma seçki dairələri ləğv olunmayacaq. Konistitusiyaya görə 125 deputat var və Azərbaycan ərazisi 125 dairəyə bölünməlidir. Əgər referendum keçirilərsə, Milli Məclisin deputatlarının tərkibi də azalmayacaq. Yəqin ki, say artacaq".
Qulamhüseyn Əlibəyli hesab edir ki, tam şəkildə proporsional sistemə keçid edilərsə, yenə də seçki dairələri saxlanılacaq:
"Ən azından səslərin hesablanması və digər məsələlər üçün dairələr saxlanılmalıdır. Vaxtaşırı belə hallar olur. Bir seçki dairəsinin ərazisi birindən alınıb, digərinə verilir. Bu zaman əhalinin hansı dairəyə daha çox yaxın olması və sayı nəzərə alınmaqla problemlər həll olunur”.
Qeud edək ki, Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov Abşeron yarımadasından kənarda yerləşən bir neçə seçki dairəsi ləğv ediləcəyini, onların məntəqələri qonşu dairələrə veriləcəyini bildirib. Əvəzində, əsasən Abşeron yarımadasında yeni dairələr yaradılacaq.
ReAL sədri qeyd edib ki, Şəkidə 114 saylı, Lənkəranda 76 saylı, Cəlilabadda 69 saylı dairə və başqa dairələr ləğv olunacaq:
"Tezliklə baş verəcək bu yerdəyişmə ölkə daxilindəki əhali köçü ilə bağlıdır. Əvəzində Sumqayıtda 2, Abşeronda isə 3 yeni dairə yaradılır. Deputatların ümumi sayına bu dəyişiklik təsir etmir”.
Bahar Rüstəmli
Şərhlər