18 il azadlıqdan məhrum edilən İlkin Süleymanov ilə bağlı Apelyasiya Məhkəməsinə müraciət olunacaq.
Bu barədə Qaynarinfo-ya açıqlamasında İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib. Vəkil İlkin Süleymanovun saxta ittiham əsasında iki ildən yuxarıdır ki, həbsxanada yatdığını bildirib. O qeyd edib ki, ortada heç bir dəlil, fakt yoxdur:
"İlkin onunla bağlı belə bir hökmün veriləcəyini gözləmirdi. Düşünürdük ki, bu səviyyədə özbaşınalıq olmaz. Bu qədər saxtakarlığın ortada olduğu halda İlkin Süleymanovun cinayət hadisəsinə hər hansı bir əlaqəsini göstərən bir faktın olmadığı halda barəsində ittihamedici hökmün çıxarılmasını mümkünsüz hesab edirdik. Çox təəssüflər olsun ki, məhkəmə də bu ədaləti bərpa etmədi. İlkin bu qərarı normal qarşılaya bilməz, iki ildən yuxarıdır ki, əziyyət çəkir, işgəncələrə məruz qalıb və bunu açıq şəkildə məhkəmə iclasında da bildirib".
Vəkil İlkin Süleymanov cinayəti ilə bağlı aidiyyatı qurumlara müraciət olunacağını vurğulayıb.
Qeyd edək ki, bu gün Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürüb cəsədini yandırmaqda ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması sona çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrlik etdiyi iclasda İlkin Süleymanov ittiham olunduğu maddələrlə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib.
Bahar Rüstəmli
Şərhlər