Xəbər lenti

“İlham Əliyevin Qərbi Azərbaycana qayıdış çağırışı yeni məqsədlərdən xəbər verir”- Deputatın şərhi
Siyasət 18:50 26.12.2022

“İlham Əliyevin Qərbi Azərbaycana qayıdış çağırışı yeni məqsədlərdən xəbər verir”- Deputatın şərhi

"Azərbaycan Prezidenti çıxışında Qərbi Azərbaycana tarixi qayıdışın yol xəritəsini tərtib etdi”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı səsləndirdiyi fikiirlərə münasibət bildirərkən deyib:"Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan icmasının bir qrup nümayəndəsilə görüşü tarixi hesab edilə bilər. Yaranmış yeni reallıqlar kontekstində xalqımızın qarşısında duran ən mühüm strateji vəzifələrdən biri tarixi torpaqlarımıza, Qərbi Azərbaycana qayıtmaqdır. Ermənilər 30 il müddətində işğal altında olan torpaqlarımızı tarimar edib dağıtdıqları, əcdadlarımızın yaratdığı tarixi mirası yer üzündən sildikləri kimi, bir əsrdən çoxdur ki, Qərbi Azərbaycanda da eyni fəaliyyəti həyata keçiriblər”. 

Deputat bildirib ki, hazırkı mərhələdə Qərbi Azərbaycan icması və xalqımızın qarşısında duran əsas vəzifələrdən biri erməni vandallığını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarətdir:
 
"Azərbaycan Prezidenti təntənəsini yaşadığımız "Böyük Qayıdış”ın reallaşmasını həm də xalqımızın tarixi yaddaşı ilə əlaqələndirdi.
 
Qeyd etdi ki, bu gün Zəngilana, Ağalıya, digər ərazilərimizə qayıdan insanlar bu torpaqları görməyən, orada doğulmayan insanlarımızdır və onların sevə-sevə yurdlarına qayıtmasında tarixi yaddaş böyük faktordur. Bu yaddaşın  bütövlüyü bizi Qərbi Azərbaycan torpaqlarına da qaytaracaq. 30 illik işğaldan sonra Azərbaycan xalqı dəmir yumruq altında birləşərək, həmrəylik nümayiş etdirərək, öz torpaqlarına qayıtmağı bacardığı kimi, indi də həmin birliyi davam etdirərək, tarixi torpağımız olan Qərbi Azərbaycana da qayıtmağı bacarmalıdır. Azərbaycan Prezidenti də çıxışında məhz bu tarixi qayıdışın konseptual əsaslarının yol xəritəsini tərtib etdi. Qeyd etdi ki, hazırkı mərhələdə mübarizəmiz erməni vandalizminin Qərbi Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri dünyaya çatdırmaq, qayıdışımızın beynəlxalq hüquqi əsasları ilə bağlı ictimai rəyi formalaşdırmaq, nəticə etibarı ilə qayıdışımızı təmin etməkdən ibarətdir”. 

Deputat qeyd edir ki, bu gün tək Qərbi Azərbaycan nümayəndələri deyil, hər bir Azərbaycan vətəndaşı bu milli məqsəd və vəzifələr ətrafında sıx birləşməklə böyük qayıdışa töhfə verməlidir:
 
"Prezident İlham Əliyev xalqımızın başına gətirilən faciələr kontekstində XX əsrdə baş verən hadisələri yenidən qiymətləndirdi. Bu hadisələri törətməkdə ermənilərin məqsədi xalqımıza qarşı soyqırım törətmək olub. Məqsəd müxtəlif imperalist mərkəzlərin Ermənistan dövlətini yaradaraq, Azərbaycanın bütöv coğrafiyasını parçalamaq olub. İndiki vəziyyətdə, böyük tarixi zəfər kontekstində, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etməkdə qətiyyətli olmalıyıq. Ona görə də Azərbayca Prezidentinin səsləndirdiyi fikirlər hər bir azərbaycanlının bundan sonrakı fəaliyyətində xüsusi proqram olmalıdır.Tarixi ədaləti, qan yaddaşımızı və bütövlüyümüzü bərpa etməliyik. Azərbaycan Prezidenti Qərbi Azərbaycan icması ilə görüşdə əminliyini ifadə etdi ki, belə görüşləri bir gün gələcək Qərbi Azərbaycanda da qeyd edəcəyik. Prezidentin bu əminliyi hər bir azərbaycanlıda tarixi torpaqlarımıza qayıtmaq üçün ümid yaradır və öz fəaliyyətimizi bu istiqamətdə qurmaq üçün hamıya yeni stimul verir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->