"Şəriətə görə dəvəti geri çevirmək bəyənilmir".
Bunu Qaynarinfo-ya açıqlamasında araşdırmaçı-jurnalist Rəsul Mirhəşimli müğənni Kərim Abbasovun "3 manatlıq şorbaya görə 40 kilometr yol sürən deyiləm" fikirlərini şərh edərkən deyib.
Rəsul Mirhəşimli vurğulayıb ki, iftar süfrələrinə dəvəti qəbul eləmək İslam dininin gərəyincədir:
"Çünki bir dəvəti qəbul edib həmin məclisə getmək İslam dininə görə sünnət sayılır və bu müsəlman üçün bir qaydadır. Ramazan ayı boyunca açılan iftar süfrələrində insanların bir araya toplaşması yaxınlaşmaq anlamında daha çox məna kəsb edir. İnsanların bir-birinin problemi ilə maraqlanmasına, Ramazan ayının keçirilməsində o hikmətin aşılanmasına yardımçı olur”.
Araşdırmaçımın sözlərinə görə, belə süfrələrdə zənginlik axtarmaq insanın Ramazan ayı boyunca dünya ilə uğraşmasının göstəricisidir:
"Yəni Ramazan ayı insana dünyanın keçici olduğunu, insanın nəfisi ilə mübarizə apardığının gərəkli olduğunun fəlsəfəsini aşılayır. İnsan hər halda iftar süfrəsi zamanı ortaya qoyulan bir neçə nemətlə doya bilər. Müsəlman da hər halda yaddan çıxarmasın ki, Allahın Rəsulu həyatı boyunca iftarını ya zeytunla, ya da bir xurma ilə açıb. İnsan özünə nümunə götürdüyü bir Peyğəmbətin həyat tərzini yaşamaq istəyirsə, hər halda ondan örnək götürməlidir".
Rəsul Mirhəşimli əlavə edib ki, əgər kimsə Ramazan ayı boyunca iftar süfrələrində zənginlik axtarırsa yanılır:
"Çünki Ramazan ayının hikməti insanlara mənəvi zənginliyin aşılamasında əsas rol oynayır. İnsan nəfsi ilə ay boyu mübarizə aparır. Bu bir ay boyunca onun apardığı mübarizə il ərzində onun həyatına, davranışlarına sirayət edir. Əgər kimlərsə iftar zamanı 10 dəqiqə ərzində doyub dünya nemətlərinin nə qədər keçici olduğunu dərk edə bilmirsə, bu onların özünün problemidir".
Qeyd edək ki, müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən həmkarlarına əsəbiləşib. Sənətçi uzaq məsafəyə iftar süfrələrinə çağrılmasına etiraz edib:
"Qonaqlığınızı Mərdəkan, Şüvəlan, Novxanı, Nasosnu kimi yerlərə salmayın. Tıxacla gəlib çıxmaq olmur. Oruc olan adam əsəbi, gərgin olur. Deyirsən, zamanı gəlsin bir su içəsən ki, özünə gələsən. Çağırırsınız uzağa. Evimdən neçədə çıxım ki, gəlib çatım? Çağırmayın məni. 3 manatlıq şorba ilə doyan adamam. 3 manatlıq şorbaya görə 40 kilometr yol sürən deyiləm".
Bahar Rüstəmli
Şərhlər