Xəbər lenti

Hakimlər Komitəsinin sabiq sədri: “Azərbaycanlıydım deyə mənə qulaq asmırdılar”
İdman 11:21 19.07.2022

Hakimlər Komitəsinin sabiq sədri: “Azərbaycanlıydım deyə mənə qulaq asmırdılar”

Bir neçə gün öncə AFFA-nın Hakimlər Komitəsinə yeni sədr - Barış Şimşək təyin olundu. Ştuxlikin hakimliyimizə faydasını görməsək də, yeni komitə sədrinin ən azı türkiyəli olması bizdə ümidlər yaradıb. Ancaq təbii ki, mütəxəssisin ölkədə hakimliyin inkişafına nə dərəcədə yardım edəcəyini zaman göstərəcək. Bəs nəyə ümid edək? Azərbaycanda hakimliyin hazırkı durumu hansı səviyyədədir?

Bu və digər suallarımıza cavabı ölkənin tanınmış, korifey hakimlərindən olan Rüstəm Rəhimovun sözlərində cavab axtardıq. Təcrübəli mütəxəssis, Hakimlər Komitəsinin keçmiş sədri Qaynarinfo-ya müsahibəsini təqdim edirik.

- Hakimlər Komitəsinin yeni sədri haqda hansı məlumatlara maliksiniz?

- O gəncdir, hələ yaxşı tanımıram. CV-sinə baxmışam. Hakim kimi böyük göstəriciləri olmayıb. Ancaq mənə elə gəlir, VAR sistemini yaxşı bilir. Həmçinin bizim hakimlərlə Türkiyədə təlim-məşq toplanışlarında olub, onlara dərs keçib. VAR-ı yaxşı bildiyinə görə bu işlə məşğul olub. Bilirsiniz ki, yeni mövsümdən Azərbaycan Premyer Liqasında da bu sistem tətbiq olunacaq. Fritz Ştuxlik vaxtında bizimkiləri öyrətməli idi. Yaxud hakimlərimiz ondan nəsə öyrənməli idi ki, bu işlə bizimkilər məşğul olsun. Hər halda, türkdür, qardaşımızdır. Rəhbərlik belə məsləhət bilibsə, xeyirli olsun. Əl-ələ versinlər işləsinlər. Hazırda komitədə çalışan təcrübəli hakimlərimiz də ona kömək göstərsinlər. Hakimlik ağır, problemli sahədir. 

- AFFA-nın təqdimatında onun ixtisasının "Biznesin idarə olunması” göstərilmişdi. Buna baxmayaraq, xeyli oyunlarda hakimlik edib. Onun idarəçiliyi altında gələcəyimizlə bağlı nə gözləyə bilərik?

- Onun uğurlu nəticələrini görməmişəm. Az hakimlik edib. Hər halda təcrübəsi var. 3-5 ay işləsin, sonra qiymət verə bilərik. 

- Belə başa düşülür ki, onu sırf VAR sisteminə görə komitə sədri seçiblər…

- Xeyr, o, hakimliyə də cavabdeh olacaq. Sadəcə, əsas kimi VAR sistemini götürürlər. Türkiyədə də bu işləri ona tapşırırdılar. Seminarlar keçirdi. Bəlkə də bizim hakimlərdə onun qədər VAR təcrübəsi yoxdur. Hər halda özgə deyil, türk qardaşımızdı. 3-5 ay sonra onların işinə qiymət verə bilərik.

- Ölkədə Hakimlər Komitəsinə sədrlik edə biləcək səviyyədə yerli kadrlar yox idi?

- Hakimlərimiz artıq yetişib. Fritzin vaxtında komitədə çalışmış təcrübəli və karyerasını yeni bitirmiş hakimlər də vardı. Onlar da təcrübə yığıblar. Bizim hakimlərə də etibar etmək lazımdır. Söhbət keçmiş hakimlərdən gedir. Gənclər hələ oyunlarını idarə etsinlər, püxtələşsinlər. Karyeralarını yeni bitirənlərin də təcrübələri var. Bəs biz onlara nə zaman inanacağıq? Bu, məşqçilərlə bağlı məsələyə dönüb. Məşqçilərə inanmırıq, sonra deyirik ki, yaşı keçib. Hakimlik dövrü uzun deyil. 10-15 il işləməyən adam sonra həvəsdən düşür, yaşa dolur. Mən bu yaşımda heç vaxt komitə sədri kimi fəaliyyət göstərə bilmərəm. Həvəs yoxdur, sağlamlığım da imkan verməz. Kənardan kimisə dəvət edə bilərik, ancaq özümüzünkülərə inanmalıyıq. 

- Fritz Ştuxlikin Azərbaycanda olduğu dönəmləri necə analiz edə bilərsiniz? 

- Gedənin arxasınca danışmaq, kişilikdən olmaz. Onun yaxşı və pis keyfiyyətləri vardı. Yaxşı keyfiyyəti o idi ki, struktur qurdu. Düzdür, mən də o zaman eynisini edirdim. Sadəcə, azərbaycanlı olduğum üçün qulaq asmırdılar, dediyimi etmirdilər. Ancaq Fritzin dediyi hər şeyi edirdilər. Şərait yaratdılar. Mənim dönəmimdə komitədə bir adam işləyirdisə, onun vaxtında 11 nəfər çalışırdı. Hansı şəkildə işləmək daha asan olar? Əlbəttə, 11 nəfərlə. Bununla yanaşı, gəldi, hakimləri peşəkar şəkildə işə cəlb etdi. Daha peşəkarları işində saxladı. Olanları deməliyik. Hakimlər üçün müqavilə əsasında qonorar təyin etdi. Başqa ölkələrdə belə şey yoxdur. Qazaxıstanda, Özbəkistanda, Rusiyada hakimlərə bu şəkildə pul vermirlər. Üstəlik, onlarla fiziki hazırlıq üzrə məşqçi işləyir. Mənim dönəmimdə belə imtiyazlar yox idi. Ümumiyyətlə, hakimliyin səviyyəsi dəyişib, VAR çıxıb. Zaman tam ayrıdır. Hakimlərin işini asanlaşdırırlar. Təlim-məşq toplanışları təşkil edirlər. Qalır özlərinin peşəkarlığı. Amma belə şərait fonunda artım az oldu. Hətta bəziləri zəiflədi, hakimliyi atdı.

- Ştuxlikin dönəmində bir sıra hakimlərimiz peşəsindən kənarlaşdırıldı. Bu, nə dərəcədə peşəkar yanaşmadır?

- Yəqin ki, Rəhim Həsənovu nəzərdə tutursunuz. O, tələbəm olub. Sonradan mən kənara çəkildim, digər rəhbərlərlə işlədilər. Rəhimin çox gözəl göstəriciləri - boy-buxunu, hakimliyi vardı. Özü də əvvəllər futbol oynamışdı. Belə hakimi itirməyə ixtiyarımız yox idi. Futbolçu 2-3 ilə yetişmir ki. Vaxt lazımdır. Hakim də belədir. O, hakimlik etməli olduğu bir vaxtda, bu peşəni atdı. Belə bir yanaşma var ki, hakim 4-cü qrupa düşürsə, 3-5 ildən sonra artmalıdır. İnkişaf edib. Elit qrupa getməlidir. Amma məsələn, 10 il eyni yerdə qalırsa, yerini başqasına verməlidir. Verməyəndə, gənclər perspektivini itirir. Fritzin yaxşı işləri də vardı, mənfi addımları da.

- Əliyar Ağayevi ən istedadlı hakim kimi görürdük. İndiyə qədər o, artıq, məsələn, dünya çempionatının, Çempionlar Liqasının final mərhələsində oyun idarə etməli idi. Ancaq, hələ ki, istədiyimiz, bəlkə də layiq olduğu yerdə deyil. Bunun səbəbi nədir?

- Əliyar da hakimliyə mənim dönəmimdə, özü də gənc ikən, 17-18 yaşlarında başlayıb. Həmin yarışlarda oyun idarə edə bilərdi, şans da yaranmışdı. Gəlin, hamısını Fritzin boynuna atmayaq. Obyektiv danışaq. Təbii ki, Ştuxlikin təqsiri vardı. Sədr bizi UEFA-da təmsil edən nümayəndədir. Ona görə də Əliyarı müdafiə etməli, dəstəyini göstərməli idi. Bu, həmişə belə olub. İstər Nikolay Latışevin, Tofiq Bəhramovun, istərsə mənim və digərlərinin dönəmində. Hər dövrdə kimsə kimisə dəstəkləyib. Ancaq oyunu hakim idarə edir. Bir də ki, Əliyar Azərbaycanda necə "artıra” bilər? Azərbaycan çempionatını idarə edən hakimlərlə, Almaniya, İtaliya, İngiltərə, Fransadakı referiləri müqayisə edin. Hansılar daha çox "artırar”? Onlar hər dəfə "Milan”ın, "Real”ın, "Barselona”nın ağır oyunlarını idarə edir və səviyyələri artır. Mən, Tofiq Bəhramov, Eldar Əzimzadə necə inkişaf edib? SSRİ çempionatında. Hansı ki, Avropanın ən güclü çempioantlarından sayılırdı. Bu faktı dana bilmərik ki. İndiki hakimlər belə oyunlar idarə etmir. Burada Əliyarın günahı yoxdur. Yunanıstan çempionatında oyun idarə etməsi Əliyarın xeyrinədir. Amma biz UEFA-ya deyə bilmərik ki, onu dünya çempionatına dəvət edin. Onlar oyunlara baxıb qiymət verirlər. Təbii ki, UEFA-nın Hakimlər Komitəsində oturan ispan, fransız və digər ölkədən olanlar da öz hakimlərinin irəli getməsini istəyəcək. O vaxt, 1962-ci ildə Latışev UEFA-da komitə üzvü olmasaydı, 1966-cı ildə Tofiq Bəhramovu kim idi finala dəvət edən? Bu, zəncirvari bir işdir. Mən də imkan daxilində həmişə, UEFA-ya Əliyarı məsləhət görürdüm ki, oyunlara dəvət etsinlər. Bir azərbaycanlı kimi bu, mənim borcum idi. 

- Azərbaycanda hakimliyin hazırkı durumu haqqında hansı fikirdəsiniz? Son illərdə müsbət məqam kimi nələrisə vurğulamaq mümkündür, yoxsa getdikcə geriləyirik?

- Mənə elə gəlir, çox irəliləyiş olmayıb. Bu cür şərait yaradıblar. Ancaq bunun fonunda təkcə Əliyar Ağayev, Elçin Məsiyev üzə çıxmamalıdır. Hakimlər çox, rəqabət olmalıdır. İnsan rəqbət olanda, öz üzərində işləyir. Digərləri "artırmasa” hakimlər inkişaf etməz. Hətta əvvəllər, qadın futbolu üçün də hakimlərimiz olurdu. Səbayel Qurbanovanı yəqin ki, xatırlayarsınız. O, bir neçə dəfə, hətta Azərbaycan Premyer Liqasında kişilərin oyunlarını idarə etmişdi. Onun ilk müəllimi mən olmuşam. Səbayeldə olan göstəricilər, heç oğlanlarda yox idi. Fiziki durumu yaxşı, boy-buxunu hündür idi, normativləri yerinə yetirirdi. Bu cür qızı itirdik. İndi Azərbaycandan heç kim qadın futbolunda oyunlara təyinat almır. Bu nonsensdir. Onlara dəstək olmaq lazım idi. Deməyim odur ki, kresloda oturub özünü sevməklə deyil, can yandırmalısan. Sağlam rəqabət yaratmalısan. Yoxsa durub, kiminsə sənə dediyi xoşuna gəlməyən sözə görə prinsip aparmamalısan. Onun dediklərini analiz elə, bəlkə həqiqət var. Həqiqət yoxdursa, bu, başqa məsələ, onu cərimələ. Əliyar tərbiyəli uşaqdır. İnanmıram ki, Fritzə kobud cavab versin. Amma aralarında nə olduğunu, niyə Əliyarı dəstəkləmədiyini bilmirəm. Ölkə xaricinə çıxanda ona dəstək verməlisən. 

- Yaxın gələcəkdə çempionatımızın İngiltərə, Almaniya, İtaliyadakı kimi top səviyyəyə çatacağı inandırıcı deyil. Belə olan halda hakimlərimizi necə inkişaf etdirə bilərik?

- Hakimlərimizə təsnifat, seçmə mərhələlərdə oyun verirlər. Onlar özlərini göstərməlidirlər. UEFA kiçik ölkələrdən hakimlərin yetişməsinə maraq göstərir. Çünki Dünya, Avropa çempionatlarının final mərhələlərində Almaniya, Fransa kimi ölkələr oynayır. Onların oyunlarında neytral hakimlər olmalıdır axı. Bu UEFA-nın da xeyrinədir. Hər halda Lixtenşteyn, Azərbaycan yığmaları Dünya çempionatının finalında oynamayacaq. Ona görə də belə kiçik ölkələrdən hakimlər lazımdır ki, sabah söz-söhbət də az olsun. Hesab edirəm ki, gələcəkdə, məsələn, türklərlə müqavilə bağlasaq, hakimlərimiz Türkiyədə bir neçə oyun idarə edə bilər. Onların da hakimləri Azərbaycan çempionatının oyunlarına dəvət alar. Belədə maraqlı olar. Əsas odur ki, rəqabət artsın. Bunun da üzərində Hakimlər Komitəsinin rəhbəri işləməlidir. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->