Azərbaycan Premyer Liqasında qış fasiləsinin bitməsinə az qalıb. Antalyada təlim-məşq toplanışlarını davam etdirən klublarımız da bir sıra yoldaşlıq görüşləri keçirib, transferlər edib. "Səbail”in sabiq baş məşqçisi Aftandil Hacıyev klubların hazırlığın dəyərləndirib.
O, Qaynarinfo-ya açıqlamasında bunları deyib:
"Hələ ki, yeni təkliflər yoxdur. Şəxsi işlərimlə məşğul oluram, mətbuat vasitəsilə klubların hazırlıqlarını izləyirəm. Əsas diqqətçəkən məqam odur ki, "Qarabağ”ın iki futbolçusu, qapıçı Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynov zədələndi. Görünən odur ki, təlim-məşq toplanışında klubların nəticəsi pis deyil. Transferlər baxımından o qədər də aktivlik yoxdur. Bir-iki oyunçu cəlb ediblərsə, o da çətinliklə baş verib. Düşünürəm ki, heyətlərdə böyük ölçüdə ciddi dəyişikliklər olmayacaq. Ancaq mübarizə olacaq. Turnir cədvəlində ikinci "beşlik”də son sıralarda qalmamaq üçün komandalar mübarizə aparacaq. "Zirə” ilə "Qəbələ” dördüncü, "Neftçi” və "Sabah” isə ikinci yer üçün vuruşacaq. Turnir cədvəli demək olar iki-üç qrupa bölünüb”.
Hacıyev "Qarabağ”ın zədələrə rəğmən, çempionluğu əldən verməyəcəyini düşünür:
"Ölkə çempionatında ciddi problemlərlə üzləşəcəklərini düşünmürəm. Konfrans Liqasında irəli getməyə hədəf qoyulubsa, zənnimcə, güclənməyə ehtiyac var. Xüsusilə də Şahruddinin zədələnməsi böyük problemlərə yol açıb. Çünki spesifik mövqedir. Hansısa başqa mövqe oyunçusunu qapıda oynatmaq mümkün deyil deyə, məşqçilərin işi çətinə düşüb. Yəqin ki, hazırda bu mövqeyə transfer edib-etməməklə bağlı düşünürlər. Ölkə çempionatında "Qarabağ”ın qapısı qarşısında ciddi təzyiq olmasa da, Konfrans Liqasında əksini görə bilərik. İrəli getmək istəyirlərsə, qapıçı mövqeyində rəqabətə əminlik çox önəmlidir”.
Bəs "Qarabağ”ın ikinci qapıçısı Luka Quqeşaşviliyə nə dərəcədə güvənmək mümkündür? Mütəxəssis belə fikirləşir:
"Quqeşaşvilinin durumu haqda indi nəsə söyləmək çətindir. Qurban Qurbanov oyunlarda rotasiya edib, ona kifayət qədər şans verib. Zənnimcə, ümidləri istənilən kimi doğrultmayıb. Elə futbolçular olur, zamanla uyğunlaşıb daha yaxşı çıxış edə bilirlər. İnanaq ki, Luka da elə futbolçulardan olar. Uzun müddət "Qarabağ”da ehtiyatda qalıb. Bütün hallarda belə vəziyyətdə təkcə Quqeşaşvili ilə uzun yol getmək çətin olacaq. Digər gənc qapıçılar var, amma iki cəbhədə mübarizə aparmaq üçün yəqin ki, ən azı bir nəfər transfer olunmalıdır”.
Səbuhi Həsənov
Şərhlər