"Şərurda qəbul olunan qərarı alqışlayıram. Ağsaqqalar düşünür ki, onların kəndində ehsan vermək bir çox ailələr üçün problem yaradır, əhalinin aşağı təbəqəsi əziyyət çəkir. İmkanlı adamlar süfrə açır, kasıblar bunu edə bilmirsə, qoy onlar da utanmasınlar. Onlar gözəl çıxış yolu tapıblar - yemək şəkilində verilən ehsanı yığışdıraraq, çay süfrəsi ilə əvəz edirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev Naxçıvanın Şərur rayonun Mahmudkənd kəndində dünyasını dəyişən insanlara ehsan verilməməsi ilə bağlı verilən qərardan danışarkən deyib. Hacı Fuad bildirib ki, şəriətdə dünyasını dəyişən insan üçün ehsan vermək kimi bir qanun yoxdur:
"Kimsə gedib yas mərasimində yemək tələb edə bilməz. Dünyasını dəyişən insanlar üçün vacib əməllər var, onlara riayət olunmalıdır, rəhmətə gedən dəfn olunmalıdır. Bunun üçün 5 vacib şərt var, onların hər biri icra olunmalıdır. Həmin şərtlər bunlardır: meyiti yumaq, meyitə sidr-kafur vurmaq, kəfənə bükmək, cənazə namazı qılmaq və onu dəfn eləmək. Bu, 5 əməl şəriətə görə vacubdir. Ehsan vermək şəraitdən asılıdır. Əgər yas sahibinin maddi durumu yaxşıdırsa, ehsan verib, süfrə açsa, ixtiyar sahibidir. Bir şərtlə ki, israf edib, günaha girməsin”.
Hacı Fuadın sözlərinə görə, israfçılıq toylarda daha genişdir:
"Toylarda olan israfçılıq yas mərasimlərində yoxdur. Yas mərasimləri və toylarda açılan süfrələr insanların öz ixtiyarındadır, bunun dinlə əlaqəsi yoxdur. Toyları bir kənara qoyaq və buraxaq insanların öz ixtiyarına. Ehsan mərasimlərinin yığışdırılması bölgədə yaşayan sakinlərin özünün ixtiyarındadır. Bu gün Naxçıvanın Şərur rayonunun Mahmudkəndindəki ağsaqqallar və icma belə bir qərar veribsə, bunu dəstəkləmək lazımdır. Əhalinin yaşayışına, həyat tərzinə baxaraq, düşünüblər ki, israfa yol verməsinlər. Minumum bir süfrə açmaq, 3-7-40 mərasimləri, cümə axşamları üçün ehsan verilməsini təxirə salıb, yalnız çay süfrəsi açmağa qərar veriblər. Bu, düzgün addımdır, bir ruhani kimi qərarı dəstəkləyirəm. İsrafçılıq dinimizdə günah sayılır”.
Hacı Fuad bu məsələdə incə bir nüansın olduğunu diqqətə çatdırıb:
"İnsanlar buna əməl etsə, daha düzgün olar. Məsələn, adam var ki, maddi imkanı yaxşıdır, bölgədə, kənddə yaşayan insanlara maddi dəstək olur. Onun doğmaları rəhmətə gedəndə istəyir bir süfrə açsın, bütün nemətlərdən qoysun ki, kasıb, imkansız camaat ondan dadsın. Müəyyən yeməklərin bişirilib məclisə verilməsi imkanlı adamların durumuna bağlıdır. İmkanlı bunu edib, ətrafda olan kasıbları yığıb süfrədə otuzdura bilərsə, onun savabı böyükdür. Və yaxud da bunu bir neçə şəkildə də etmək olar. Məsələn, süfrə açmaqla, imkansız evlərə ərzaq paylamaqla və s. Ehsan elə insanları yedizdirmək deyil. Bir insanın yaxını rəhmətə gedib və imkanı yaxşıdırsa, qoy kəndə yol çəkdirsin, körpü saldırsın, quyu qazdırsın və yaxud imkansız ailələrin uşaqlarını evləndirib, gəlin köçməsinə dəstək ola bilər. Evi olmayan insanlara torpaq alsın və s. Bunların hər biri ehsan adlanır”.
Qeyd edək ki, Naxçıvanın Şərur rayonun Mahmudkənd kəndinin əhalisi dünyasını dəyişən insanlarla bağlı qərar veriblər. Əhali razılığa gəlib ki, ölən şəxs üçün 3-7-40 mərasimləri olmasın, dəfn günü çaydan başqa heç nə verilməsin.
Bahar Rüstəmli
Şərhlər