Ölkəmizi avrokuboklarda təmsil edən klublarımız bu həftə cavab oyunlarına çıxıblar.
Avropa Liqasında Finlandiya HİK-inə qalib gələn (2:1, 2:1) "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb. UEFA Konfrans Liqasında mübarizə aparan "Sabah" və Neftçi" isə turnirlə vidalaşıblar. "Partizan"a penaltilər seriyasında yenilən "Sabah" (2:0, 0:2) və "Beşiktaş"a uduzan "Neftçi" (3:1, 2:1) pley-off mərhələsindən kənarda qalıblar.
Qaynarinfo-ya danışan futbol mütəxəssisi Aslan Kərimov HİK-in qırmızı vərəqə alması "Qarabağ"ın leyhinə işləyib:
"Qarabağ"ın oyununun ağır olacağı gözlənilirdi. Düşünürəm ki, qırmızı vərəqə onların leyhinə işlədi. Düzdür, süni meydança olmasına baxmayaraq, oyuna pis başlamamışdılar, amma kompakt müdafiə olunan bir komandanın müdafiəsini yarmaqda çətinlik çəkirdilər. Yenə də kobud səhvdən qapımızda qol gördük. Artıq bu durum "silah" halını almağa başlayıb. Rəqib futbolçunun cəzalandırılması köməyimizə gəldi. Qırmızı vərəqə olmasaydı, bunun nəticəsi sual doğura bilərdi. Amma hər halda "Qarabağ"ın bu mərhələni adlayacağı gözlənilirdi. Çünki sürətli oyunçulara malikdir. "Qarabağ"ın futbolçuları daha cəld tərpəndiklərinə görə rəqibi qırmızı vərəqə almağa məcbur etdilər. HİK-in "Qarabağ" kimi rəqib qarşısında şansları demək olar ki, sıfır idi. Əslində oyuna heç də yaxşı başlamamışdıq. Ancaq bunlara rəğmən, "Qarabağ" minimum Konfrans Liqasının qrup mərhələsini təmin edib. Artıq pley-off mərhələsində bir az da ciddi rəqiblə qarşılaşa bilərlər".
"Neftçi"nin çıxışı barədə danışan mütəxəssis "Beşiktaş"ın futbolçularınım ustalıq səviyyəsinin özünü göstərdiyini bildirib:
"Əslində "Neftçi" ilk hissədə xoş mənada bizi təəccübləndirdi. Evdəki 1:3 hesablı məğlubiyyəti geri qaytarmaq asan məsələ deyildi. Amma birinci hissədə artıq bir qol vurmuşdu və demək olar ki, işin 50%-nin öhdəsindən gəlmişdi. Düzdür, "Beşiktaş"ın demək olar ki, açar oyunçuları meydançada yox idi. Amma "Neftçi" əzmkarlıq göstərib, lazım olan anda əks-hücumlara bel bağlayıb, qolunu vura bilmişdi. 3:1 hesablı qələbədən sonra "Beşiktaş" bir balaca rahatlamışdı və oyunçularına istirahət vermək istəyirdi. Çünki daxili çempionatda da işləri o qədər yaxşı deyil və güclü rəqiblərə qarşı oynamalı olacaqlar. Düşünürdülər ki, birinci hissədə də "Neftçi"yə qol vurub cütün taleyini həll etmiş olacaqlar. Amma "Neftçi" ilk hissədə "Beşiktaş"ı və azarkeşlərini titrəməyə vadar etdi. Şenol Günəş bütün qüvvələrini meydançaya buraxmağa məcbur oldu. Və onlar meydana girdikdən sonra oyun dəyişdi. İlk hissədə qol imkanları yaratmaqda çətinlik çəkən "Beşiktaş" ikinci yarıda "Neftçi"nin yarımmeydançasında bütün zonaları ələ almışdı və ustalıq səviyyəsi özünü göstərdi. Düzdür, "Neftçi"nin yenə də kobud səhvləri var idi, boşluqlar olurdu. "Beşiktaş" kimi bir komandanın oyunçuları da bu boşluqlardan istifadə edirdilər. Matçdan öncə "Neftçi"nin bu mərhələni keçəcəyi şübhə doğururdu. Bir hissə bizi həvəsləndirdilər, inam yaratdılar, amma ikinci hissədə rəqibin əsas heyət oyunçuları meydana çıxan kimi qələbə qazanacağımız sual altına düşdü və bu, bir sürpriz deyildi".
Aslan Kərimov "Sabah"ın təcrübəsizlikdən əziyyət çəkdiyini bildirib:
"Sabah" haqqında danışmaq bir az çətindir. Əslində təcrübəmə arxalanıb bəzi şeyləri danışanda görürdüm ki, tərsinə çıxır. Çünki "Partizan"ın gücünə bələd idim. Bu baxımdan da ilk oyuna bir az şübhə ilə yanaşırdım. Amma "Sabah" ilk matçda effektli oyun nümayiş etdirdi, rəqibindən çəkinmədi və məni fikrimdən döndərdi. Amma cavab qarşılaşmasında artıq "Partizan"ın gücünü gördüm. Əks-hücumlarımız olmadı, oldusa belə qol epizodlarına girə bilmədilər. Daha sonra hesab 2:2 oldu. Penalti seriyası haqqında danışmaq istəmirəm. Çünki bu durum şansların 50-50-yə olduğu psixoloji bir durumdur. Kimisə günahlandırmağın adı yoxdur. Amma "Sabah"ın bir az qeyri-stabil olmasını təcrübə ilə əlaqələndirirəm. "Sabah"ın əslində qrupa düşmək üçün real şansları var idi, güc olaraq da bunun öhdəsindən gələ bilərdilər, amma təəssüf ki, "Futbol tanrısı" "Partizan"ın tərəfində oldu".
Röya Kərimli
Şərhlər